SON DƏQİQƏ

"Varlı deyiləm, amma əlimdə olanı paylaşmağı sevirəm"

Tarix:20-11-2017, 21:06

ABŞ-da yaşayan azərbaycanlı jurnalist çantasını aparan oğrunu necə tapdı?
Fəaliyyəti qadağan olunan ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarında (ABŞ) başına gələn oğurluq hadisəsinin detallarını özünün facebook səhifəsində qeyd edib:

Varlı deyiləm, amma əlimdə olanı paylaşmağı sevirəm. Dərsə gedərkən mütləq yolumun üstündəki dükanlardan salat, ya da kofe almağı sevirəm. Xüsusən "7 Eleven” dükanından. D.C də yaşayan homleslər (evsizlər) də belə anlarda mütləq səndən nəsə istəyirlər. Əslində bu adamların hər şeyləri var. Sağlam cüssələri, iş icazəsi, vətəndaşlığı, amma tənbəl adam üçün hər şeyin olması yetərli deyil. Yetərli olmayanı tənbəllikdir.
Amerikada yaşayanlar bu hala, bəzi afroamerikalıların onlardan nəsə istəməsinə öyrəşib. Yol gedərkən səni rahatca saxlayıb siqaret istəyə bilirlər. Cavabım "İstifadə etmirəm” olmasına baxmayaraq, ən çox verilən suallardan biridir. Bir də onlarla sıx-sıx dükanda nəsə alarkən rastlaşıram. Bir neçə homles var ki, onları hər gün gördüyüm üçün bir-birimizi yaxşı tanıyırıq deyə bilərəm. Hətta mən gələndə "bacı salam”, "bacı dərslərin uğurlu olsun” kimi kəlmələr də işlədirlər. Amma heç vaxt düşünə bilməzdim ki, bir gün bu homleslərə işim düşər.
Həftənin üçüncü günü bir hündürboylu afroamerikalı oğlan göz qırpımında çantamı qaçırtdı. Çantada yetmiş dollardan artıq pul yox idi. Xarici pasportumdan başqa bütün sənədlərim orda idi. İki dərs kitabım, həmişə üzərimdə gəzdirdiyim ailə üzvlərimin şəkilləri, bank kartlarım, (biri xaric olmaqla) ev adresim və evimin açarı. Çantada bir də mənim üçün çox özəl olan, 16 yaşımdan üzərimdə gəzdirdiyim əşyam getdi.
Hadisə belə oldu. Növbədə dayanarkən mənə qarşı uzanan əli gördüm. Yaşıl rəngli yarımçıq əlcək geyinmiş oğlanın kiçik barmağında tatu var idi, bir dırnağı da zədədən qaralmışdı. Dönüb ona baxanda o yerini dəyişdi. Amma kofemi alıb içinə şəkər qatmaq istəyəndə çantamı yerə qoydum. Həmən əl bir anın içində çantanı aldı və getdi…
Xoşbəxtlikdən çantanın oğurlanması kameraya düşdü. Polis çağırdım, sənədləşdirildi. Polis də afroamerikalı idi. Mənə tapılacağına dair ümidsiz olduğunu dedi. Səhəri gün həmin əraziyə getdim. Mənə məsləhət vermişdilər ki, çalış problemi ağ amerikalıya de. Afroamerikalı polis tərəfkeşlik edə bilər. Ərazidə gördüyüm iki polisə dünənki hadisənin video görüntüsünü göstərdim və oğrunun tapılması üçün hansısa ümüd varmı deyə soruşdum. Bunlar da ümidsiz danışdılar. Qoca Vaşinqtonda oğrunu necə tapsınlar, hamıda bir-birinə oxşayır. Amma afroamerikalı polislərə bunu deməkdən çəkinmədim. Dedim ki, mənə deyiblər ki, əgər işi afroamerikalı polis araşdırsa kömək etməyəcək. Xanım polisin cavabı belə oldu: "Sənə kömək edəcəm və bu fikrin yanlış olduğunu birlikdə görəcəyik”. Biz bir-birimizə öz kordinatlarımızı buraxdıq. Ağlıma homleslər gəldi. Onların yanına gedib oğrunun şəkilini göstərdim. Polisin tanıya bilmədiyini homleslər tanıdı. Biz onu tapacağıq dedilər. Sözümüz belə oldu. Onlar sənədlərimi geri gətirəcəklər, əvəzində otuz dollar verəcəm. Bu arada homleslər mənə məsləhət etdilər ki, ərazidə dolaşım, bəlkə çantamı tapa bildim. Adətən oğru pulu götürəndən sonra çantanı atır. Öz növbəsində homleslər mənim üçün arxa küçələrdəki zibillikləri axtaracaqlar. Amma həyat möcüzələrlə doludur. Təxminən bir saat sonra üç küçə aralıda avtobusda oğru ilə qarşılaşdım. Başqa geyimdə və başımda papaq olduğu üçün o məni tanımadı. Amma mən onu əlcəyindən, çantasından və barmağındakı izlərdən tanıdım. Sakitcə 911-ə zəng etdim. Telefonda polislə danışır, bir gün əvvəl digər polislərin mənə verdiyi kodu söylədim. Bu nömrə mənim oğurluq faktımla bağlı kod idi. Telefondakı polis məndən ardıcıl olaraq nədən əminsiz, bəlkə o başqa insandır söyləyirdi. İsrarla əminəm, eyni əlcək, eyni zədə deyirəm. Eyni çanta. Telefondakı polis o qədər sual verdiki artıq yoruldum, siz gələnədək oğru gedəcək söylədim. Biz danışdıqca avtobus bizi fərqli adresə gətirmişdi. Oğru düşdü, ağaca söykəndi. Mən isə hələ də polislə danışıram. Polis mənə dedi ki, biz səninlə danışdıqca artıq yerini müəyyənləşdirmişik. Gözümü oğrudan çəkib ətrafa baxdım, polisin əhatəsində idik. Telefondakı polis mənə necə davranmalı olduğumu deyir, qarşımdakı insanın silahlı ola biləcəyini israrla söyləyirdi. Çalışdım təlimata əməl edim…
Beləcə ABŞ polisinin tapa bilmədiyi oğrunu özüm öz əlimlə ABŞ polisinə təhvil verdim. Bunun üçün dərin təşəkkür də aldım. Amma qanun başqa şey deyir. Müşahidə etdiyim mənzərə bu oldu. ABŞ polisi oğlanı tam əhatəyə aldı, əlini tərpədəcəyi halda vurulacağını dedi. Amma ona toxunmadılar, söhbət etdilər, psixoloji danışıq apardılar. Oğlan inkar etməyə çalışsa da, mən həmən anın video və əlindəki nişanələri göstərdim. Sübutuma şübhə yox idi. Amma qanun sübutdan da üstün idi. Təxminən bir saat vaxt itirdim. Ərazidə hərəkət də məhdudlaşdırıldı. Amma bir saat sonra oğlan sərbəst buraxıldı. Bir gün əvvəl oğrunu tutmaqda sənə kömək edəcəm vədini verən xanım mənə yaxınlaşdı. Dedi bu oğlanın mental problemi var, ağlı üzərində deyil, narkotik istifadə edib. Amma biz onun sənədlərini, yaşadığı ünvanını müəyyən etdik. Daha heç bir yerə qaça bilməz. Narkotik istifadə etdiyi üçün bu gün onu saxlaya bilmərik. Sizi detektiv Det McConnell arayacaq və məsələ artıq dedektivlə həll olunacaq. Polisdən oğlanın dalınca getməyə icazə istədim. Mən onunla danışmaq, sənədlərimi geri almaq istədiyimi dedim. Hətta şikayətçi olmayacağımı söylədim. Polis "O, silahlı ola bilər” söylədi və məni getməyə qoymadı. Burada Azərbaycan polisini xatırladım. Əgər bu hadisə Bakıda baş vermiş olsaydı, mütləq həmin anda bütün sənədlərimi geri ala bilmişdim dedim. Amerika polisi, mən də elə etmək istəyirəm, amma qanun qoymur söylədi. Yolumu dəyişib geri dönərkən homleslerlə rastlaşdım. Onlardan biri oğrunun digər küçədə olduğunu söylədi. Məni narahat edən əsas məqamlardan biri də çantamda ID, ev və bina açarımın getməsi idi. Oğru bu üç sənədlə qısa zamanda evimə gələ və bizə zərər verə bilərdi. Allaha şükür bu işdə oğlum məndən ağıllı oldu. Oğurluq hadisəsini eşidən kimi binanın menecerinə yaxınlaşaraq vəziyyəti deyib və 100 dollar ödəməklə köhnə kilidi dəyişdirib və binaya giriş kartını deaktiv etdirdi. Axşam saat 21:30 da dərsdən çıxdım. Təxminən saat 22:00 radələrində Rosslyn metrosundan çıxıb evə doğru gələrkən oğrunu bu dəfə evimin qarşısında gördüm. Adam düşündüyüm kimi adres və açardan yararlanmaq istəyib. Onu çağırdım, bu dəfə məsələni özüm həll etmək istədim. O isə qaçdı. İstədim dalınca gedim, heç bir qorxu hissim də yox idi. Amma şeytana lənət deyib, getmədim. Həyatımda ikinci dəfə getdiyim yolda durdum. Tapsa o sənədi homleslər tapacaq düşündüm. Tapmasalar da deməli, Allahın qisməti belə imiş. Detektiv bu məsələni araşdıracaq, bir ay müddətində oğlanı həbs edib məhkəməyə göndərəcək. Əgər oğlanın barəsində əvvəllər də cinayət işi açılmış olarsa bu dəfə o hakimin qərarı ilə həbsxanaya göndəriləcək. Əksinə olarsa xəbərdarlıq edib sərbəst buraxılacaq.
Hadisənin ilk günündə sanki şok oldum, amma bir gün sonra özümü toparladım. Nə yaxşı ki, bu hadisə oldu düşünürəm. Həm təcrübəm artdı, həm də daha diqqətli olmağımız üçün bir nümunə oldu. Həyat yaşandıqca daha gözəldir.
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ