SON DƏQİQƏ

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ +

Tarix:18-11-2017, 20:08

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz İmişlinin Sarıxanlı kənd 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Həsənovdur.

 

Əvvəlcə Elnur müəllimin özü ilə tanış olaq. Demək, o, əslən, Şərurdandır. Sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və təyinatdan sonra da paytaxtdan İmişliyə yol alıb:

-Mən Həsənov Elnur Eldar oğlu 1993-cü ildə Naxşıvan MR-ın Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşam. 5-ci sinifə qədər həmin kəndin Mirhəşim Seyidov adına orta məktəbində, paytaxta köçdükdən sonra isə orta təhsilimin yerdə qalan hissəsini Bakı şəhərində oxumuşam. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına qəbul olunmuşam. 2016-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra müəllimlərin işə qəbul imtahanında iştirak etdim. Lakin birinci il topladığım bal məni qane etmədiyi üçün ikinci il - 2017-ci ilin iyununda bəxtimi yenidən sınadım. 52,22 bal toplayaraq, İmişli rayonu Sarıxanlı kənd Əli Xankişiyev adına 2 nömrəli tam orta məktəbə təyinat aldım. Bu  il sentyabr ayının 14-dən etibarən, bu kənddə yaşayıram.

 

Gənc müəllim məsuliyyət yolunun başlanğıcından-yəni, müəllim kimi təyinat almasından, imtahandan uğurla keçməsindən həvəslə danışır. Həmin günün həyəcanını bir daha yaşayır:

 

-Topladığım bala əsasən, başqa kəndlərə, elə İmişli rayonunun mərkəzindəki məktəblərə təyinat ala bilərdim. Amma nədənsə, bu kəndi seçdim. Doğrusu, seçim üçün 8 mümkün yerdən çoxuna İmişli mətəblərini yazmışdım. Bura ilə heç bir əlaqəm yoxdu. Amma nədənsə, İmişlidə çalışmağımı daha çox istədim. 
Qəbul olunmamla bağlı müsbət  cavabı aldığım günü unutmuram. Bəlkə də, həyatımda heç zaman yaşamadığım sevinci həmin vaxt yaşadım. Artıq məlum idi ki, mən İmişli rayonunun Sarıxanlı kəndinə yola düşəcəyəm. Qarşıdan məni böyük bir missiya, yol gözləyirdi - həm məsuliyyətli, həm şərəfli.  Xalqın gələcəyini öz çiyinlərində daşıyacağım üçün həm məsuliyyətli, həm də şərəfli... Budur, müəllimlik peşəsi... Mən məhz buna görə sevinirdim. Və evdəkilər, valideynlərim, qohumlar - hamısı məni elə buna görə təbrik edir, uğur arzulayırdılar. Qarşıdan isə məni həmin yol gözləyirdi. İmişlinin Sarıxanlı kəndindən başlanan yol...

Söhbətin bu yerində nə sizə, nə də gənc müsahibə mane olmaq istəmirəm. Bir kənara çəkilirəm. İndi burada ikiniz baş-başa qalacaqsız: hörmətli oxucu, siz və ucqar kəndin gənc müəllimi...

Tanışlıq... Sarıxanlı adlı mehribanlıq

-Bura ilə ilk dəfə 2017-nin avqustunda tanış oldum. Özüm kənd yerində anadan olmuş və beşinci sinifə qədər orada oxumuşdum. Bu mühit mənə yad deyildi. Amma rayon mərkəzinə ayaq basdığımız andan, kəndə qədəm qoyduğumuz ana qədər burada ancaq mehribanlıqla qarşılaşdıq. Azərbaycanın hər bölgəsi qonaqpərvərdi. Amma İmişli camaatında bunu ilk səfərimdə daha çox hiss etdim. Gördüm ki, çalışacağım kənd həqiqətən böyük, mənzərəli və hər cür şəraiti, ən əsası, gözəl insanları olan kənddir. Ərazisində görə böyük kənd olduğu üçün burada bir deyil, üç tam orta məktəb var. Mən 2 saylı məktəbdə çalışacaqdım. Öyrəndim ki, bu kənddə olduğu kimi məktəbinin də hər cür şəraiti, qazı, suyu var. On il bundan əvvəl dövlət hesabına yenidən təmir olunub. İndi qalırdı, bircə işləmək... Mən də ancaq bu barədə düşünürdüm...  


Kənd evinin tək adamı...

-Aran zonası olmasına baxmayaraq, kəndin iqlimi o qədər də sərt deyil. Nə çox isti, nə də çox soyuq. Deməli, işləmək üçün bu məsələdə də hər hansı bir problem olmayacaqdı. İndi isə qalırdı, bircə ev məsələsini həll etmək. Ucqar kəndə gələn müəllim üçün ev tapmaq o demək deyil ki, hansısa evi gördün, bəyəndin və orada yaşadın. Əsas, həmin evin bir müəllim üçün nə dərəcədə şəraitli olmasıdır. Bir neçə dəfə kəndə gəldim və iki-üç gün ərzində qalacağım evi tapdım. Artıq bir neçə aydır ki, orada yaşayıram. Özü də tək.. 

Tək yaşamaq insan, xüsusən də, gənc oğlan üçün nə dərəcədə çətin olsa da, biz buna alışmalıydıq. Bunun ev işləri, yemək bişirməyi, başqa məsələləri var. Amma artıq bu yolu seçmişdim. Müsahibə mərhələsində də eynilə bu sualı mənə verdilər: Gedəcəksən, subay adam olaraq orada tək necə qalacaqsan? Cavab verdim ki, əgər bu yol seçilibsə, dörd il oxunubsa, imtahan verilibsə, demək bu yolun bütün çətinlikləri nəzərə alınıb. Artıq alışmışam. Neçə aydır ki, təkbaşına məni dərs dediyim məktəbdən 15 dəqiqəlik zaman dilimi ilə ayıran evdə yaşayıram...

 Böyük həyata təqdimat...

-İlk dərs günündə həmin evdən çıxıb məktəbə tərəf addımlayırdım. 15 dəqiqəlik yol bu dəfə daha uzun görünürdü. Nə yaxşı ki, məktəbin köhnə müəllimlərindən biri ilə rastlaşdım və birlikdə məktəbə yollandıq. Sağ olsunlar, gözəl müəllim kollektivimiz var. Bunun belə olacağını elə ilk gündən mənimlə rastlaşan müəllimənin timsalında bildim. Həddindən artıq mehriban və nəvazişli sözlərinin müşayiəti ilə məktəbin həyətinə girəndə buradakı müəllimlər, şagird və valideynlər bizi eyni hərarətlə qarşıladılar. Bakıdan gələn təzə  müəllim marağı, həm müəllim adına hörmət - bunların ikisi mənim üzərimdə cəmlənmişdi. Daha sonra yeni təyinat alan müəllimləri şagird və valideynlərə təqdim etdilər. Deməli, biz artıq başlayırdıq. Özünü necə təsəvvür edirdim, bunun sözlə ifadəsini bacarmıram. Çünki mən xeyli insana müəllim kimi təqdim olunurdum. Məhz MÜƏLLİM kimi!...

İkinci "qəbul”

-İlk dərs günü cədvələ əsasən, dərs deyəcəyimiz siniflərə bölündük. Cədvələ görə ilk dərsim 11-ci siniflərə olacaqdı. Əvvəlcə azacıq qəribə hisslərə qapandım: buraxılış sinfidirlər, gəncdirlər, görəsən, ilk dərsim necə olacaq...

..Və... az müddətdən sonra sinifdəki on birincilərlə artıq dostlaşmışdıq. Onlar mənim barəmdə soruşur, mən də onların gələcək planlarını, hansı ixtisaslara imtahan verəcəklərini xəbər alırdım.

O vaxtdan bu yana bir çox siniflərə daxil olmuşam. Həm dərs dediyim, həm demədiyim... Hamısı ilə də bu dostyana münasibəti saxlamağa çalışmışam. Heç vaxt yadımdan çıxmaz, məktəbin həyətində dərs demədiyim bir sinif kollektiv şəkil şəkdirirdi. Dərs demədiyim üçün çoxusunu tanımırdım. Amma qəfildən məni də kollektiv şəkil üçün dəvət etdilər. Kimlər üçünsə bu çox adi və sıradan bir hadisədir. Mənim üçün isə yox! Həmin foto həmin kollektivin dəvəti məni çox sevindirdi. Bu, dərs demədiyin uşaqlar üçün də müəllim anlamı daşıdığının ilk sübutu idi.


Kənd müəlliminin ilk "sınağı”

-Burada əsl kənd həyatı yaşayıram; maraqlı və sevimli bir həyat. Təmiz havasından tutmuş təmiz insanlarına qədər, hər kəs və hər şey adama müsbət enerji verir. Kənddə o qədər maraqlı əhvalatlar yaşanır ki... Heç özüm də bilmirəm hansını danışım. Qəfil soruşdunuz deyə, indi xatırlaya bilmirəm. Onsuz buradakı hər günüm yaxşı mənada macəradı. Əsl kənd həyatının özü elə bir maraqlı əhvalatdır da... 
Qonşumuzun qapağan iti var. Bütün həyət, hətta, yaxın qonşuların həyətinə nəzarət "onun əlindədir”. Yoldan ötənləri qorxudacaq qədər böyük itdir. Bir səhər dərsə getməliydim. Bir də gördüm ki, qaldığım evin küçə qapısının ağzında həmin it uzanıb. Bir qədər gözlədim ki, durub getsin. Amma yox, getmək fikri yox idi. Mən də dərsə gecikə bilməzdim. Çünki müəllimin ilk dərsə gecikdiyini yəqin, görmüsünüz. Şagirdlər mütləq səs-küy salacaq, aləm qarışacaq. Odur ki, bir tanışa zəng vurdum ki, bizə gəlsin. Gəldi və itin sahibini çağırdı. Sahibi iti aparıb bağlayandan sonra tələsik məktəbə getdik. Bəlkə də xırda bir epizoddur. Amma bunda kənd həyatının koloriti var. Kənd müəllimi bu cür epizodla mütləq üzləşməli idi...

"Bir müəllimin gündəliyindən”

-"Tək yaşayıram... Burada günüm belə başlayır: səhər tezdən durur, özümə çay qaynadır, əlimə keçəndən yeyəndən sonra məktəbə gedirəm. Dərslər bitəndən sonra yenə evə qayıdıb, Allahın verdiyindən yüngülvari nəsə bişirib, sabahkı dərslərə hazırlaşıram. Proqramı yazıb, başqa lazımı işləri görürəm. Artıq bu həyata alışmışam. Doğrudur, yanında ailənin olması, kiminsə sən dərsdən qayıdana qədər hazır yeməyi hazırlaması çox gözəldi. Amma artıq bu durumla barışmışam. Bir söz də deyim ki, mənim üçün təmizlik əsas şərtdi. Yaşadığım evin içi və həyəti hər-zaman tər-təmiz olur. Ən birinci buna diqqət edirəm. Hərdən Bakıdan valideynlərim bura qonaq gəlirlər, bir-iki gün qalırlar. Hər dəfə də deyirlər ki, heç evli adamın evi bu cür səliqə-səhmanlı deyil” (gülür).

 

"Məktəbim, fənnim və əsas istəyim”

 

-Məktəb on il olar ki, təmir olunub. Hər cür şəraiti var. İstilik və elektrik imkanları maksimal səviyyədədir. İnformatika otağı və oradakı kompüterlər də şagird və müəllimlərin sərəncamındadır. Hələ bu nədir ki?! Məktəbin öz printer və sürətçıxarma aparatları var. Hər imtahan ərəfəsində, yaxud, cari dərs günlərində həmin aparatdan istifadə edirik.

Müəllimlər otağında "Wi-Fi” şəbəkəsi var. İnternetlə bağlı nəsə lazım olanda buradan yararlanırıq. Bütün bunlar yaxşıdır. Qalır, dərslərdə lazımı davamiyyətlə iştirak etmək  və oxumaq. Davamiyyət burada çox yaxşıdı. Dərs oxumağa gəlincə isə mən elə öz dərsimdən danışsam yaxşıdır. Ana dili və ədəbiyyat bütün məktəblərdə və bütün siniflərdə ən vacib fənndir. Buraxılış imtahanına salınan əsas fənlərdəndir. Odur ki, beşinci sinifdən başlayaraq, 11-ci sinifə qədər hamı Azərbaycan dili və ədəbiyyat fənnini sevməli və oxumalıdır. Bir müəllim olaraq mən bunun üçün çox çalışıram. Ən çox da ona görə ki, buraxılış imtahanında şagirdlər fənnimdən yaxşı qiymət alsınlar. Əgər bir məktəbdə doğma dildən "2” qiymət alınırsa, deməli orada tədris yoxdur. Bacardığımız qədər çalışmalıyıq ki, şagirdlər Azərbaycan dilindən və Azərbaycan ədəbiyyatından müsbət qiymət alsınlar. Mən də bunu istəyirəm. Əgər şagirdlərimin 90 faizi buraxılış imahanından bu iki fəndən "4” və "5” alsalar, bu, mənim üçün böyük şərəf olar.


Məktəb yolları

-Bir az da yoldan danışaq. Hamının nə zamansa keçdiyi və doğma bildiyi məktəb yollarından... Amma həqiqi mənada. Bizim kəndin məktəbə aparan  yolları o qədər də bərbad deyil. Təbii ki, kənd yeridir, ana yoldan ayrılandan sonra yağışlı havaların palçığı insanı qarşılayır. Amma başqa kəndin yolları kimi də çətin deyil. Çünki Sarıxanlı böyük kənd olduğu üçün burada üç yerdə məktəb var. Ona görə də şagirdlər hansı məktəbə yaxındılarsa, ora da yollanırlar. Beləcə, çətin yol problemini yaşamırlar. Bu səbəbdən də dərsə davamiyyətlərində və gecikmələrində hansısa problem yoxdu.

İndi keçək əsas məsələyə...

Hörmətli oxucu, bağışlayın ki, gənc kənd müəllimi ilə dialoqunuza mane oluram. Bir əlavəmi edib, yenidən kənara çəkiləcəm. Elnur müəllimdən xahiş edirik ki, bəzi məktəblərdə yaşanan qızların yarımçıq-təhsil probelemindən, gender bərabərsizliyindən, bir də oğlanarın əlavə işlərə cəlb olunmasından və bunun da təhsillərinə mənfi təsirindən danışsın. Təbii ki, əgər dərs dediyi məktəbdə belə amillər varsa...

 

-Vallah, mən iki aydır ki, bu kənddəyəm. Bura gələndən, təhsilə münasibətdə qızların oğlanlardan daha fəal olduğunu görmüşəm. Sanki valideynlər də buna çox çalışırlar. Sizin başqa yerlərin kənd müəllimləri ilə müsahibələrinizlə tanışam. Orada qızların erkən ərə verilməsindən, təhsillərini yarımçıq qoyulmasından danışılır. Burada isə bundan söhbət belə, gedə bilməz. Əksinə, oğlanlarda müəyyən problemlər var. Amma nə onları nə də valideynlərini qınamaq olmaz. Kənd yeridir, yaşayışı təmin edən heyvandarlıq və əkinçilikdir. Görürsən ki, valideynlərlə bərabər şagirdlər də əkinə yaxud, mal-yevan otarmağa gedirlər. Gizlətmirəm, belə şeylər olur və onların dərs oxumağına da mənfi  təsir edir. Şagirdə bunu irad bildirəndə deyir ki, müəllim nə edək, dolanışığımız ondan çıxır. Baxırsan... Və bir söz də deyə bilmirsən. Amma təbii ki, hamısında belə deyil. Bu, ailələrdən, valideynlərdən, bir də şagirdin özündən asılıdır. 

Dərs prosesində...

-Mən Azərbaycan dili və ədəbiyyatından dərs deyirəm. Bu fənn başqa bütün ixtisaslardan özünün yaradıcı yanaşmasına görə seçilir. Biz təkcə informasiya ötürmürük, həm də mövzuya yaradıcı yanaşma istəyirik. Buna görə də mən hər dərsi daha yaxı qavramaq üçün şagirdlərə onunla bağlı kiçik esse yazmağı tapşırıram. Yazı yazdıqca şagirdlərin fikirləri çatdırmaq, mühakimə etmək və səlis nitqlə danışmaq bacarığı da artır.

Bir də diskussiya... Mən dərs müddətində ən çox buna çalışıram. Şagird gözləmir ki, əlini qaldırıb löhvə qabağına gəlsin və dərsi danışsın. Biz dərs müddətində hamımız mövzunu müzakirə edirik- şagirdli, müəllimli... Hamımız sual da veririk,  cavab da alırıq...

 


İkinci əsas məsələ- maaş

 

-İmişli rayon məktəblərində, eləcə də bizdə ötən ayın –oktyabrın maaşını aldıq. Vaxtında verilir. Maaşımız az sayılmaz, amma təminatı tam ödədiyini demək olmaz. Arzulayıram ki, gələcəkdə müəllimlərin maaşında müəyyən qədər artım olsun. İnanırıq ki, belə də olacaq. Çünki dövlətimiz təhsil işçilərinin sosial təmiantını ödəmək üçün çalışır.

Amma indiki maaşımdan da şikayətçi deyiləm. "Oktyabrı” aldım. Kommunal xərcləri və ev kirayəsini ödədim. Müəyyən lazımı bazarlığı da etdim. Amma maaş müəyyən qədər artsa, əla olar (gülür).

Son söz əvəzi... 

-Xaraktercə, romantik və xəyallara yox deməyən bir adamam. Niyə də yox deyim ki... Gələcək üçün də müəyyən planlarım var. İşləmək, gələcəkdə özümü direktorlar üçün imtahanlarda sınamaq və alınsa, başqa dövlət  işlərində işləmək istəyirəm. Hə, bir də yaxşı təhsil eksperti olmaq arzum var... İndi isə işləmək və müəllim adınının böyüklüyünü qorumaq lazımdır.. Burada... - İmişlinin Sarıxanlı adlı kəndində və o kəndin tək müəllimin yaşadığı köhnə bir evində...

Amma o ev də, həyəti də hər zaman tər-təmizdir...

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ