Cəmiyyət üçün bir cinayətkar nə qədər təhklükəlidirsə, bircə reket jurnalist də bir o qədər təhlükəlidir. Mətbuatın ictimai fikrə təsirini, əhatə dairəsini nəzərə alsaq, reket jurnalistlərin cəmiyyət üçün daha böyük bəlaya çevrildiyinin şahidi olarıq. Azərbaycanda mətbuatın inkişafı sürətləndikcə, onun qanayan "yarası" olan reket jurnalistlərin sayı da çoxalır. Bir tərəfdən texnologiyanın inkişafı onlayn mediaya müsbət təsir göstərir, digər tərəfdən isə mətbuatda özləri üçün yeni qazanc mənbəyi tapanlar artır. Anonim informasiyalar hazırlayıb insanları hədələmək, şantaj və böhtanla onların taleyi ilə oynamaq belə cinayətkarlar üçün çox asan bir məsələyə çevrilib. Mətbuatın "üz qaraları” ilə mübarizə bu gün də davam edir.

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirir ki, Azərbaycan Mətbuat Şurası "reket jurnalistika”ya qarşı 10 ildən artıqdır ki, sistemli mübarizə aparır, bu tipli nəşrlərin adları ictimailəşdirilir. Lakin görülən bütün bu işlərə baxmayaraq, az qala hər ay Mətbuat Şurasında fəaliyyət göstərən "Reket jurnalistika”ya qarşı mübarizə komissiyası bu sıraya yenilərini əlavə edir:

"Noyabrın ilk həftəsində daha 9 internet sayt reket elan olundu. Artıq Mətbuat Şurasının bu tip media resurslarına qarşı mübarizəsi davamlı hal alsa da, onların sayında əhəmiyyətli azalma müşahidə olunmur. Əlbəttə, dövlətin mətbuata, xüsusən də jurnalistlərə ən yüksək səviyyədə qayğı göstərdiyi bir zamanda baş verənlər təəssüfedicidir. Azərbaycanda media azadlığı var, sayt, qəzet, jurnal təsis etmək problemi yoxdur. Təəssüf ki, jurnalistikaya aidiyyatı olmayan "hərşeyşünaslar" bu şəraitdən sui-istifadə edərək mətbuatı ləkələməklə məşğuldurlar. Əslində o tip media resurslarına qarşı mübarizənin yolları da tükənməyib: sadəcə, imkanlı şəxslərə, ara vuran mənsəb sahiblərinə pərdə arxasından bu cür fəaliyyət qadağan olunmalıdır. Bizim ölkə kiçikdir və hansı saytın arxasında kimlərin durduğu ən azı bu sahə ilə məşğul olan hər kəsə bəllidir. Ümid edirəm ki, gələcəkdə Mətbuat Şurasının digər qrumlarla qarşılıqlı əməkdaşlığı çərçivəsində "reket jurnalistika”ya qarşı apardığı mübarizədən effektli nəticə əldə edə biləcəyik".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin fikrincə isə hüquq-mühafizə orqanları reketlərlə mübarizəyə ciddi dəstək verməyincə, problemi kökündən həll etmək mümkün olmayacaq:

"2017-ci ildə bu işlə bağlı ciddi ictimailəşdirmə kampaniyası aparıldı, jurnalistikanın öncülləri reketçiliklə məşğul olanların meydandan çıxarılması yönündə təbliğat apardılar. Amma problem kökündən həll edilməyib. Çox arzu edirik ki, hüquq mühafizə orqanları jurnalistikadan sui- istifadə edənlər və tərəfimizdən reket kimi dəyərləndirilən şəxslərin zərərsizləşdirilməsi üçün bizə yardımçı olsunlar. Reketçillik gündəmdə duran məsələdir. Bu prosesdə təkcə jurnalistika ilə məşğul olanlar deyil, bütövlükdə cəmiyyət fəal olmalıdır".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirir ki, "Reket jurnalistika” ilə bağlı durum son vaxtlar kifayət qədər aktuallaşıb. Yazılı mediadan internetə transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar:

"Ayrı-ayrı şəxsləri, dövlət təsisatları, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq üçün ən çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər. Bu sahədə elə bir dərəbəylik yaradıblar ki, ayrı-ayrı şəxsləri, dövlət məmurlarını, iş adamlarını, şirkət təmsilçilərini çətin durumda qoyurlar. Bunların elələri var ki, eyni vaxtda 15-20 sayt idarə edir, heç bir kollektivləri olmur. Bəzi sayt rəhbərləri var ki, heç ali təhsilləri də yoxdur. Sosial şəbəkələrdə adi bir status yazanda bir cümlədə 5-6 səhv buraxırlar, amma ümumilikdə mətbuata dərs keçmək iddiasındadırlar. Bəziləri də keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sözlə, sırf kriminal fəaliyyətlə məşğuldurlar, mətbuatın üz qaralarıdırlar. Təsəvvür edin ki, dövlət qurumları, özəl şirkətlər öz işlərini, ciddi media ilə münasibətləri bir kənara qoyub, onlarla mübarizə aparmağa məcburdurlar. Bunlara qarşı ayrı-ayrı şəxslərin, dövlət orqanlarının mübarizə aparması da çətindir. Çünki konkret redaksiyaları, hüquqi ünvanları belə, yoxdur. Ona görə də "reket saytlar”a qarşı kompleks mübarizə başladılmasının vaxtı çatıb. Mətbuat Şurasının bu istiqamətdə başlatdığı fəaliyyət təqdir olunmalıdır. Mən deyərdim ki, bu mübarizə hətta bir az gecikib. Konkret addımlar atılmasa, bu sahədəki xaos aradan qaldırılmasa, ümumilikdə mətbuatın nüfuzuna böyük zərbə dəyəcək. Ona görə də ləngimədən konkret addımlar atılmalı, bu sahədə nizam-intizam yaradılmalıdır.

Qeyd edək ki, Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası noyabrın 8-də keçirdiyi iclasında 9 KİV-in adının "qara siyahı”ya salınması haqqında qərar qəbul edilib. Bunlar "Obyektiv.org” saytı, "Korrupsiyaya yox” qəzeti, "Aztoday.az” saytı, "Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, "Dünyapress.com” saytı, "Nia.az” saytı, "Reallıq.info” saytı, "Qanunxəbər” İnformasiya Agentliyi ("Qanunxeber.az” saytına) və "Xalqınsesi.com” saytıdır.