SON DƏQİQƏ

Jurnalist Camal Xaşoginin "yoxa çıxması ilə bağlı olduğu" deyilən videoda nələr var?

Tarix:11-10-2018, 22:48

Türkiyə hüquq-mühafizə orqanları media ilə Camal Xaşoginin (Jamal Khashoggi) yoxa çıxmasının iddia edildiyi kimi qəsd olduğunu sübut edən CCTV çəkilişini paylaşıb.

Görüntülərdə, iddia edildiyi kimi "Səudiyyə kəşfiyyatının zabitlərinin hadisədən bir gün öncə Türkiyənin İstanbul hava limanına xüsusi jetlə daxil olması və sonra da ölkəni tərk etməsi" təsvir olunub.

Xaşogi ABŞ sakinidir və Səudiyyə monarxiyasının tənqidçisidir.

O, oktyabrın 2-də İstanbulda Səudiyyə konsulluğuna daxil olduqdan sonra bir daha görünməyib.

Türkiyə rəsmiləri onun öldürüldüyünü iddia edib, Səudiyyə bunu inkar edir.

Çərşənbə günü ABŞ prezidenti Donald Trump deyib ki, o, "bu məsələni dibinədək bilmək istəyir".

"Biz imkan verə bilmərik ki, bu, jurnalistlərin və ya kim olursa olsun, başına belə iş gəlsin".

O deyib ki, vəziyyət "ciddidir" və Xaşoginin nişanlısının, Hatice Cengizi Ağ Evə dəvət etmək istədiyini bildirib.

Videoda daha nələr olub?

Türkiyənin TRT World kanalının yayınladığı və təhlükəsizlik kameralarından götürüldüyü deyilən kadrlarda konsulluğun qarşına dayanan avtomobillər göstərilib. Onların arasında qara rəngli mikroavtobuslar türkiyəli müstəntiqlərin diqqətini xüsusilə cəlb edib.

Videoda bir qrup "səudiyyəli" kişinin İstanbul aeroportundan Türkiyəyə daxil olduqları, mehmanxanada qeydiyyatdan keçdikləri və sonradan ölkəni tərk etdikləri göstərilib.

Türkiyəli müstəntiqlərin diqqətini oktyabrın 2-də aeroporta enmiş Səudiyyənin iki Gulfstream reaktiv təyyarəsi cəlb edib. Videoda təyyarələrin aeroport zolağında gözlədiyi görünür.

Nişanlısı Hatice Cengizlə evlənməyə hazırlaşan Xaşogi Səudiyyə konsulluğuna əvvəlki nikahını bitirmək üçün boşanma prosesini başa çatdırmaq üçün getmişdi.

Videoda onun konsulluğa girdiyi görünür, onun nişanlısı isə küçədə onu gözləyir.

Türkiyənin Sabah qəzeti bildirib ki, çəkilmiş kadrlarda kəşfiyyatın 15 üzvü tanınıb. Türkiyə onların Xaşoginin yoxa çıxmasında əli olduqlarını güman edir.

Onların arasında kriminalistika eksperti də olub.

BBC müxbiri Mark Lowen-in bildirdiyinə görə, həmin heyətdən bir nəfər vaxtı ilə Londona da göndərilib.

Məlumatlara görə, polis 150 təhlükəsizlik kamerasının çəkilişlərini istintaq çərçivəsində yoxlayır.

Bəzi yerli medianın yazdığına görə, cənab Xaşogi öldürülməkdənsə oğurlana bilərdi.

Türkiyə Səudiyyənin İstanbul konsulluğunda axtarış aparacağını bildirib, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri ölkənin "əməkdaşlıq üçün açıq olduğunu" deyib və bildirib ki, binada axtarış aparıla bilər.

Ankara Səudiyyədən Xaşoginin binanı tərk etdiyini sübut etməyi tələb edir, eyni zamanda, onun binada öldürüldüyünü birmənalı olaraq sübut edən dəlillər təqdim olunmayıb.

Camal Xaşogi kimdir?

Vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan Xaşogi könüllü olaraq ABŞ-da sürgündə yaşayıb və Washington Post nəşri ilə jurnalist kimi yoxa çıxana qədər əməkdaşlıq edib.

O, al-Watan qəzetinin və qısa müddət fəaliyyət göstərmiş Saudi TV xəbər kanalının keçmiş redaktoru olub.

Uzun ilər ərzində Səudiyyənin kral ailəsinə yaxın olan şəxs sayılıb. O, yüksək rütbəli Səudiyyə rəsmilərinin müşaviri kimi çalışıb.

Lakin onun bir neçə dostu həbs olunduqdan sonra, al-Hayat qəzeti onun yazılarının dərcini dayandırıb, deyilənə görə, ona tvitlərini kəsmək barədə xəbərdarlıq ediləndən sonra Xaşogi Səudiyyə Ərəbistanından ABŞ-a köçüb.

Beynəlxalq reaksiya necə olub?

Britaniyanın Xarici İşlər naziri Səudiyyə Ərəbistanına xitabən bildirib ki, Britaniya Xaşoginin yoxa çıxması ilə bağlı təcili cavab gözləyir.

Səudiyyənin Xarici İşlər naziri Adel sl-Jubeirə yazaraq Jeremy Hunt xəbərdarlıq edib ki, "dostluq şümumi dəyərlərdən asılıdır".

ABŞ Dövlət Katibi Mike Pompeo Səudiyyə Ərəbistanı "ətraflı istintaqı dəstəkləməyə" və "nəticələrə dair şəffaf olmağa" çağırıb.

BMT ekspertləri "təcili, müstəqil və beynəlxalq istantaqın" keçirilməsini tələb ediblər.

Ötən həftə Səudiyyə vəliəhdi Məhəmməd Bloomberg News-a bildirib ki, hökümət Xaşogiyə "nəyin baş verdiyini bilməkdə israrlıdır" və qeyd edib ki, Xaşogi konsulluğu "bir neçə dəqiqədən və ya bir saatdan sonra tərk edib".

Vəliəhd Məhəmmədin qardaşı, Səudiyyənin ABŞ-da səfiri şahzadə Xalid bin Salman əs-Səud təkid edib ki, Xaşoginin yoxa çıxması və ya ölməsi barədə bütün xəbərlər "tamamilə saxta və əsassızdır".

Sərhədsiz Reportyorlar qrupu Xaşoginin yoxa çıxmasının müstəqil beynəlxalq araşdırılmasına çağırıb.

Qrup bildirib ki, 2017-ci ilin sentyabrından bəri Səudiyyə Ərəbistanında 15 jurnalist və bloqçu həbs olunub.

Xaşoginin nişanlısı nə deyir?

Hatice Cengiz Washington Post-a yazdığı emosional məqalədə kömək üçün ABŞ-a müraciət edib.

"Prezident Trump və Brinci xanım Melania Trump-a Camalın yoxa çıxmasına işıq salmaqda kömək etməyə yalvarıram", - o yazıb.

"Biz evlənməyimizi, gələciyimizi planlaşdırmanın ortasındaydıq", - Hatice Cengiz yazıb.

Hatice Cengiz, fiancee of missing Saudi journalist Jamal Khashoggi, waits outside the Istanbul consulate, 3 October 2018Fotonun müəllifiAFP
Image captionHatice Cengiz konsulluq qarşısında nişanlısını gəzləyərkən

"Camal dəyərli şəxs, mütəfəkkir şəxs, öz prinsipləri uğrunda mübarizə aparan insandır. O Türkiyədə öldürülüb və ya oğurlanıbsa, bundan sonra necə yaşayacağımı bilmirəm", - Hatice Cengiz yazıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ