SON DƏQİQƏ

'Özlərinin cipləri var, biz isə avtobusdan, metrodan...'-Media icmalı

Tarix:2-08-2018, 11:38

Ölkədə qazlaşdırmanın səviyyəsi, iqtisadiyyatın durumu, ictimai nəqliyyatda gediş haqlarının artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Manatın qorunmasında yanlış siyasət»

Azadliq.info saytında «Manatı qorumaq avantürası çox baha başa gəlir» sərlövhəli yazı oxumaq olar.

Sayt ölkə iqtisadiyyatındakı durumla bağlı iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Yazıda bildirildiyinə görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov avqustun 1-də keçirdiyi mətbuat konfransında manatın taleyi ilə bağlı bir sıra açıqlama verib. O, «Azərbaycanın xarici ticarət partnyorlarında son vaxtlar müşahidə edilən məzənnə və inflyasiya volatilliyi (qeyri-sabitliyi-R) ciddi narahatlıq doğurur və hökumət qeyri-neft ixracımızın rəqabət qabiliyyətini qorumaq üçün tədbirlər görməlidir» fikrini işlədib.

Q.İbadoğlu isə həmin fikrin iqtisadi şərhini belə verib: «Əslində Elman Rüstəmovun narahatlığı başa düşüləndir. Azərbaycan okeanda yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir, bəlkə də onu heç istəmir. Son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir».

Q.İbadoğlu bəzi rəqəmlərə toxunaraq vurğulayıb ki, iqtisadi sahədə durum əslində yaxşı deyil. Onun bildirməsinə görə, bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərdə 14.1 faiz, kredit qoyuluşlarında isə 19.3 faiz azalma var.

O, habelə son 6 ayda ixracda xam neft, neft məhsulları və qazın birlikdə payının 90 faizə çatmasını Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığının artması kimi dəyərləndirir.

Ekspert vurğulayıb ki, Azərbaycanın xarici ticarət tərəfdaşları olan Türkiyə, Rusiya və İran valyutasının dollara nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırıb, qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb.

Q.İbadoğlu hesab edir ki, arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə manatın məzənnəsinin inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasətdir.

Avtobus
Avtobus

 

Elmlər namizədi: «Mənim heç velosipedim yoxdur...»

Moderator.az saytında «Bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq» sərlövhəli yazı yer alır.

Müəllif xatırladıb ki, Tarif Şurası bu il iyulun 30-da keçirdiyi iclasında ictimai nəqliyyatda gediş haqlarını 50 faiz artırıb.

Yazıda məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudovun mövqeyi təqdim edilir: «İlin-günün bu vaxtında qiymət qaldırarlar?! Özlərinin cipləri var, biz isə avtobusdan, metrodan istifadə edən adamlarıq. Mənim heç velosipedim yoxdur. Bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq».

R.Mahmudov neftlə zəngin ölkədə belə qiymət artımını yanlış sayır: «Mənə elə gəlir ki, bunlar öz kəsirlərini bizim pulla doldurmaq istəyirlər. Ciblərindən versinlər də kəsirlərini doldurmaq üçün, milyonları var. Onlara demək lazımdır ki, o dünyaya heç nə aparmayacaqsınız, bu millət, dövlət yazıqdır».

Tarif Şurası isə qiymət artımını, əsasən, son illərdə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi ilə izah edib. Qurum vurğulayıb ki, hətta bu qərardan sonra da Azərbaycanda ictimai nəqliyyat bir sıra MDB ölkələrindən ucuzdur.

Qaz sobası
Qaz sobası

 

Ölkə qazlaşdırılmasında hədəf

«Azərbaycan» qəzetində «İlin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılacaq» sərlövhəli yazı dərc edilib.

Müəllif ölkənin qazlaşdırılması sahəsində vəziyyəti statistik rəqəmlərlə anlatmaq istəyir: «Bu ilin birinci yarısında ölkə ərazisində ümumi uzunluğu 1519.4 kilometrə çatan yeni qaz kəmərləri çəkilib, 113.8 kilometr xətt əsaslı təmir edilib. Regionlarda bir sıra qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. 42965 əhali abonenti qeydiyyata alınıb və beləliklə, respublikada qazlaşdırılmış istehlakçıların sayı 2 milyon 138 mini ötüb».

Müəllifin vurğulamasına görə, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev perspektiv olaraq bu ilin sonuna qədər qazlaşdırmanın 95 faizə çatmasını vəzifə kimi qarşıya qoyub.

Yazıda qeyd edilir ki, son illər ölkənin yaşayış məntəqələrində təbii qazın bərpası, qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb: «Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında «birpilləli» tənzimləmə sistemi tətbiq edilib. Bu isə hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatların qaz təchizatının yaxşılaşdırılması məqsədilə normativ-texniki sənədlərə uyğun yeni qazölçü qovşaqlarının tikintisi işləri aparılır, istismara verilir».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ