SON DƏQİQƏ

Əsəd Cahangir: “...heç bir ölkədə Yazıçılar Birliyinin bu qədər üzvü yoxdur” - MÜSAHİBƏ

Tarix:26-07-2018, 11:15

tanınmış ədəbi tənqidçi Əsəd Cahangirlə müsahibəni təqdim edirik. 

            
- Əsəd müəllim, necəsiniz, yayın bu istilərində özünüzü necə hiss edirsiniz? Ədəbiyyatda nə var, nə yox?

            
- Düzdür, son illər termodinamik genişlənmə hesabına istilər getdikcə artır. Amma mən yenə də yayı, Günəşli havaları sevirəm.

            
- Yaya bu sevgi nədən doğur ki?

            
- Altmışıncı illəri yaz, yetmişləri yay, səksənləri payız, doxsanları qış kimi xatırlayıram. Özümü ən xoşbəxt yetmişinci illərdə hiss etmişəm. O illər isə məndə yay assosiasiyası doğurur. Görünür, yaya sevgim bu üzdəndir.

            
- Bəs, doxsanlardan sonra hansı fəsil başladı?

            
- Ondan sonra beşinci fəsil başlayır. Bu artıq ruhla, onun durumu ilə bağlı olur. Fəsil söhbəti daxili zamana köçür. Məsələn, indi əgər yazıramsa, özümü yaydakı, yox əgər yazmıramsa, qışdakı kimi hiss edirəm.

            
- İndi hansı fəsildəsiniz?

            
- Çoxdan fikrimdə olan, amma gerçəkləşdirə bilmədiyim bir arzumu, nəhayət ki, həyata keçirməyə - "Özünüdərk" adlı bir kitabımı yazmağa başlamışam. Kitabda uşaqlıqdan üzü bəri özünüdərklə bağlı keçirdiyim yaşantıları ümumiləşdirmək və mistik-fəlsəfi yöndən analiz etmək istəyirəm. Ona görə özümü yayda hiss edirəm.

            
- Deyirsiniz ki, bu kitabı yazmaq çoxdankı arzunuz olub. Bəs, onu məhz indi yazmağa başladınız?

            
- Özünüdərk elə mövzudur ki, onu yazmaq üçün müəyyən ömür yaşamalı, heç olmasa əllini keçməlisən. Odur ki, öncələrdə bu kitabı yazmaq istəsəm də, hər dəfə təxirə salmışam. Kitab həm də son illər cəmiyyətdə güclənən ateist təxribatlara qarşı yazılıb. Mən bu kitabı yazmağı borcum, hətta tale təyinatım hesab edirəm.

            
- Məşhur rus filosofu Nikolay Berdyayevin də eyni adlı kitabı var. Onun sizə təsiri olub?

            
- Yazara nəinki Berdyayev kimi ekzistensialist filosof, hətta əsən küləyin də təsiri ola bilər. Amma özünüdərk elə mövzudur ki, burda yalnız özünü yaza bilərsən. Mən də özümü yazıram. Rus filosofu insanın çölündə baş verənlərə də xeyli yer verib, məni isə daha çox tərcümeyi-halımın ruhi tərəfi, içdəki olaylar maraqlandırır. Onun əsas qəhrəmanı insan, mənimki isə Allahdır. O öz kitabını fəlsəfi planda yazıb, mən isə irfani yöndə yazıram.

            
- İrfan özü də bir fəlsəfə deyilmi?

            
- Filosof daha çox horizontal, arif isə vertikal düşünür. Fəlsəfə daha çox rasional ağla, irfan isə intuitiv açılışlara əsaslanır. Fəlsəfənin son məqsədi həqiqətə, irfanınkı isə Allaha çatmaqdır. İndi nəticəni özünüz çıxarın.

            
- Siz bir vaxtlar postmodernizmə dair yazılar yazmış, bu mövzuda çoxsaylı tərcümələr etmişsiniz. Postmodernizm və Allah isə zidd anlayışlardır. Kitabınızda həyatınızın postmodernist dönəmi ilə bağlı ziddiyyəti necə həll edəcəksiniz?

            
- Bütün ziddiyyətlər təsəvvürümüzün məhsulu, zahiridir. Amma mən batini, ezoterik kitab yazıram. O qatda sultanla gəda, imanla küfr, xeyirlə şər, əvvələ axır, eləcə də Allahla postmodernizm arasında ziddiyyət yoxdur, ancaq və ancaq vəhdət var.

            
- Müasir dövrdə modernist və postmodernist üslubda yazanlar çoxalıb. Amma geniş oxucu kütləsinin nümayəndələri bu qəbil şeirləri oxumadıqlarını bildirirlər.

            
- Ədəbiyyatın geniş oxucu kütləsi tərəfindən oxunması tələbi sovetlər dövründə qalıb. Modernist və postmodernist ədəbiyyat intellektual kəsim üçündür. Kütlə tərəfindən oxunmaq özü də hələ ciddi sənət göstəricisi deyil.

            
- Bu günün cavidləri dövrün ruhunu ədəbiyyata gətirə bilirlərmi?

            
- Elçinin "Baş" romanı şeytani mentallığa söykənən zaman haqqında həyəcan zəngidir. Roman başsızlıq haqqındadır. Çünki romanın qəhrəmanı kəsik başdır. Başın kəsilməsi ağlı itirmək, ağlı itirmək isə İblisə uymaq deməkdir.

            
- İcazənizlə qayıdaq modernist və postmodernist ədəbiyyat məsələsinə.

            
- Postmodernizm anlayışı Azərbaycan ədəbiyyatına Həmid Herisçinin "Nekroloq" romanına daxil olan novellalar və mənim 15-20 il öncə "Vətəndaş həmrəyliyi", "Ədalət" və "Yeni Azərbaycan" qəzetlərində dərc olunan silsilə məqalələrim, xüsusən də "Yeni əsrin ibtidası" məqaləsi ilə gəlib. Amma indi bu anlayışlar, xüsusən də postmodernizm öz təravətini itirib.

            
- Nə üçün?

            
- Çünki, məncə, o öz vəzifəsini artıq yerinə yetirib.

            
- O vəzifə nədən ibarət idi?

            
- Köhnə, vaxtı keçmiş stereotipləri dağıtmaq və bədii düşüncənin yeni mərhələyə keçidi üçün körpü salmaq. Cəmiyyətimiz artıq bu keçidi başa vurub. Odur ki öz mahiyyəti etibarilə keçid xarakteri daşıyan ədəbiyyat, xüsusən də postmodernizm də estafeti təhvil verməlidir və verir.

            
- Sizcə, qarşı sahildə bizi nə gözləyir?

            
- Bu suala "Ölüm-dirim" və "Aprel tezisləri" adlı esselərimdə, müxtəlif müsahiblərimdə geniş cavab vermişəm. Özümü təkrar etmək istəmirəm. Odur ki, sualınıza bircə cümlə ilə cavab verəcəm. Qarşı sahildə bizi postinsan gözləyir.

            
- Modernizm, postmodernizm, postinsan... Niyə hər məsələdə hökmən Avropanın ardınca getməliyik?

            
- Avropanın ardınca getmək yalnız termində, sözdədir. Nitsşe Zərdüştdən götürdüyü kamil insan anlayışını supermenə çevirdi. İndi supermen postinsanla əvəzlənərək, yenidən özümüzə qayıdır.

 Kamil insan ideyasını  ən möhtəşəm ifadə edənlərdən biri Azərabycan mütəfəkkiri Nəimidir. Onun Bakıda qələmə aldığı "Cavidannamə" əsəri insanın ölməzliyi haqqındadır. Postinsanın da əsas ideyası ölməzlikdir. İndi deyin, kim kimin ardınca gedir?

            
- Deyirsiniz yəni dünya bizim ardımızca gedəcək?

            
- Bunu təkcə mən demirəm, "Geopolitik körpə" əsərində  yeni doğulacaq insan sivilizasiyasının məkanı kimi Bakını göstərən Salvador Dali də deyir. Gələcək insanın beşiyinin Azərbaycan olacağına şübhəm yoxdur. Bakının son illərdəki coşqun yüksəlişi bunun sadəcə vizual başlanğıcıdır.

            
- Sizcə, yazıçılarımız bu prosesi görə bilirmi?

            
- Vaxtilə Azərbaycanın gələcək missiyasını ən dərindən görən İsa Muğanna idi. Azərbaycançılıq onun yaradıcılığından qırmızı xətlə keçir. Azərbaycançılıq ideologiyasının banisi, ulu öndər Heydər Əliyev cənablarının görkəmli yazıçıya xüsusi diqqəti bununla bağlı idi.

Yeni nəsil yazarlarda Muğanna ideyalarının bir axın kimi davamı, təəssüf ki, yoxdur. "Odərlər" romanının müəllifi kimi Şəmil Sadiq buna cəhd edib. Bu potensialı "Sahilsiz təzadlar" romanının müəllifi, elmilik və bədiiliyi sintez etməyə çalışan Sadıq Qarayevdə görürəm. Böyük çoxluq isə Azərbaycanın tarixi və gələcək millenarist roluna etinasızdır. Müasir ədəbiyyatı bürüyən ölüm əndişəsi, pessimizm, dekadans əhvalı burdan doğur. Ədəbi-bədii düşüncədə inqilabi yeniləşməyə ehtiyac var.  

            


- Bu yeniləşmə, sizcə, xalq ruhunda olmalıdır,  yoxsa...

            
-  Ruh milli yox, metafizik anlayışdır. Ruh olan yerdə ingilis, alman, türk yox, insan var.

Xalqın isə qan və gen yaddaşı var. Və bu yaddaş yenilikçi yox, bir qayda olaraq mühafizəkar olur. Onun vəzifəsi özünüqorumadır. Yeniləşmək üçün milli sənətə nəsə kənar element qarışmalıdır.

            İkinci tərəfdən, bu gün dünya lokal yox, kürəsəl səciyyə daşıyır. Odur ki, istənilən sahədəki yeniləşmə milli ilə ümumbəşərinin sintezi hesabına meydana çıxa bilər.

            
- Müasir şairlərin  bədi təsvir və ifadə vasitələrinə üz tutmadan yazmaları da, sizcə, yenilikdir?

            
- Yeniləşmə zamanın tələbidir. Biz şeirə öz zamanımızın tələblərindən baxmalıyıq.

            
- O tələblər nədir, sizcə?

            
- Məsələn, Füzuli şeirdən dərin elmilik, polad məntiq və yüksək metaforizm tələb edirdi. Çağdaş dönəmdə isə bunlar şeirin əsas tələbləri sayılmır. Hətta şairlər bilərəkdən bunlardan qaçır, hesab edirlər ki, hər hansı metaforizm uydurmadır. Müasir şairin əsas iddiası səmimiyyətədir. O, metaforanı şeirlə özü arasına girmiş üçüncü şəxs sayır.

            
- Amma metaforanın ölümü şeiri şeirlikdən çıxarır.

            
- Məncə, şeir şeirlikdən çıxmır, özünün bir halından digər halına keçir. Dədə Qorqud şeiri əruzla, əruz heca ilə, heca sərbəstlə əvəzləndi. Bu gün şeirin artıq bir vəzndən digərinə keçməsi yox, nəsrə keçməsi prosesi baş verir. Yəni yeniləşmə daha radikal gedir. Amma, məncə, bu poeziyanın mahiyyətcə Dədə Qorqud şeirinə qayıtmasıdır. Çünki Dədə Qorqud şeirində də şeir və nəsr çulğalaşırdı. Örkən nə qədər uzun olsa da, axırı gəlib doğanaqdan keçir.

            
- Müasir şairlərin məntiqi qəbul etməməsi sizcə nə ilə bağlıdır?

            
- Müasir şairə görə, məntiq, ağıl şeirin bakirəliyini pozur, onu süni bir şey, beyin suyuna çevirir. Bu gün bir çox şairlər şüuraltı axın prosesini verməyə daha çox can atırlar.

            
- Axı, Füzuli də ağlı rədd edirdi. Onda gərək müasir şairlərlə Füzuli arasında həmrəylik ola. Halbuki ziddiyyət var.

            
- Füzuli də, müasir şairlər də ağlı, şüuru rədd edirlər. Amma onların həmrəyliyi bununla da bitir. Çünki Füzuli şüuru rədd edərək şüurüstünə, müasir şairlər isə şüuraltına keçirlər. Yəni yollar nəinki ayrılır, hətta daban-dabana əks istiqamət alır. Onlar arasındakı ziddiyyət də burdan doğur. Amma bəzi şairlər, məsələn, Vaqif Bayatlı Odər şüurüstü ilə işləyir və onunla Füzuli arasında ziddiyyət yox, həmrəylik var.

            
- Hazırda ədəbi-tənqidlə bağlı ciddi müzakirələr gedir. Bəzən əsl nəzəri qaydalara əməl edən ədəbi-tənqidin yoxluğundan yaradıcı insanlar şikayətlənirlər.

            
- Ciddi müzakirələr sovet dövrü çox olub, gələcəkdə də, şübhəsiz ki, olacaq. İndiki müzakirələri isə çətin ki, birmənalı surətdə "ciddi" adlandırmaq mümkün olsun. Amma akademik İsa Həbibbəylinin gəlişindən sonra Elmlər Akdemiyasının Ədəbiyyat İnstitutunda ciddi canlanma var. Bu ədəbi müzakirələrin gələcək perspektivinə ümidlə baxmağa əsas verir.

            
- Bəs, Azərbaycan Yazıçılar Birliyində bu baxımdan vəziyyət necədir?

           
- AYB-nin ötən qurultaylarında müxtəlif sahələrə, o cümlədən də tənqidə aid məruzələr edilib. Bunlar nəinki bəyənmədiyimiz sovet dövrü, hətta xaotik 90-cı illərlə müqayisədə belə irəliləyişdən xəbər vermədi.

            
- Əgər konkret danışsaq.

            
- Konkret danışsaq, tutaq ki, Vilayət Quliyevin bədii nəsr, yaxud Kamal Abdullanın ədəbi tənqidlə bağlı qurultay məruzələri səviyyəsində sonralar  nəsr və ya tənqid məruzələri olmadı. 

            
- Sizcə, bu geriləmə nədən doğurdu?

            
- Sovet dövründə bütün ideoloji səciyyəsi və metodoloji trafaretləri ilə yanaşı nəhəng imperiya təfəkküründən doğan akademik filologiya mövcud idi. Məmməd Arif Dadaşzadə Cabbarlıya, Cəfər Cəfərov Axundova, Məmməd Cəfər Cəfərov Cavidə, Yaşar Qarayev Axundova hansı metodla yanaşdıqlarını gözəl bilirdilər. İndi o cür ensiklopedik savada, dərin idraka malik alimlər azdır.

            
- Sizcə, nə üçün?

            
- İndi o miqyasda alimləri yetişdirən qlobal mühit yoxdur. Moskva ilə əvvəlki əlaqələr kəsilib, dünya ilə əlaqə hələ formalaşmayıb. Əlbəttə, fitri qabiliyyəti olanlar var, lakin onlar hazırkı şəraitdə potensiallarını gerçəkləşdirə bilmirlər.

            
- Sizcə, AYB qurultaylarındakı məruzələr nə üçün qeyri-professionallara həvalə olunmuşdu?

            
- O vaxt cavan yazarlar narazılıq edirdi ki, özümüzü göstərməyə bizə imkan vermirlər. AYB rəhbərliyi də məruzələri cavanlara verdi ki, buyurun, bu meydan, bu da siz, özünüzü göstərin. Onlar da göstərdilər. Bu məruzələrin əksəri hər hansı elmi metoddan uzaq yazıçı-şair təəssüratları idi.

            
- Bəlkə, Azərbaycan Yazıçılar Birliyi elmi yox, bədii yaradıcılıq qurumu olduğundan savad yox, istedad amilinə önəm verilib.

            
- Əgər əsas meyar istedaddırsa, Səməd Vurğun demişkən, "hanı tom-tom o kitablar?" Cənab Ramiz Mehdiyev bir neçə il öncə öz məqaləsində ictimai rezonans doğuran əsərlər yoxluğundan danışırdı. Son iyirmi ildə sözün müsbət mənasında ictimai rezonansa səbəb olan bədii əsərlər, doğrudan da azdır, məsələn, Rəşad Məcidin "10 sentyabr" hekayəsi. Amma bununla problem həll olur bəyəm?

            
- Sizcə, Rəşad Məcidin "10 sentyabr" hekayəsinin doğurduğu rezonansın səbəbi nədə idi?

            
- Oxucu görməlidir ki, ədəbiyyat onun problemləri ilə yaşayır və bunu hekayədə görmüşdü. Lakin məsələ sadəcə mövzuda, problemdə yox, həm də onu necə verməkdədir. Rəşad Məcid hekayədə qarşılaşdırılan tərəflərdən heç birinə - nə azərbaycanlılar, nə də amerikanlara özəl rəğbətini bildirməmiş, obyektiv yazıçı mövqeyində durmuşdu. Bu isə hadisəni hekayəyə çevirməyə ona imkan vermişdi. O, azərbaycanlını da, amerikalını əlahəzrət həqiqətin qarşısında susmağa məcbur edə bilmişdi.

            
- Bəzən deyirlər ki, rezonans doğuran əsərlərin yaranmamasının günahı tənqiddədir.

            
- Yəqin onu deyənlərə elə gəlir ki, tənqidçi yazıçıların əvəzindən yazmalıdır.

            
- Yox, onlar demək istəyir ki, tənqid ədəbiyyatı yönləndirməlidir. Axundovun yaradıcılığı Vazehin bircə sualından doğuldu: "Sən də fırıldaqçı və şarlatan olmaq istəyirsən?"

            
- Məncə, bu sual Axundovun alın yazısı idi. Vazeh burada sadəcə icraçı rolu oynamışdı.

            
- Əgər hər şey axırda alın yazısına gedib çıxırsa, tənqidə bir janr olaraq ehtiyac varmı? Yəni tənqid etməklə alın yazısı pozulurmu?

            
- Obyektiv tənqid özü də alın yazısıdır. Çünki tənqidçi obyektiv olanda Allah özü onun əli ilə yazır.

            
- Heç öz praktikanızda bunu hiss etmisiniz?

            
- Ən güclü şəkildə "Söz" essesini yazanda hiss etmişəm. Mənə elə gəlir ki, o yazını mən yazmamışam.

            
- Esse demişkən, esseistika janrında kimlər sizi daha çox qane edir?

            
- Asif Əfəndiyevin "Müdriklik səlahiyyəti", Elçinin "Ədəbi düşüncələr", Sabir Rüstəmxanlının "Ömür kitabı", Kamal Abduallanın "Gizli Dədə Qorqud", "Yolun əvvəli və axırı" kitablarındakı esselərini vaxtilə maraqla oxumuşam. Həmid Hersiçi öz esseləri ilə bu janra metafizik siqlət, ezoterik dərinlik, tarixi informativlik gətirdi.

            Məncə, Kamal müəllimin bir il öncə dərc olunan "Dümadan Coysa qədər" kitabı da esseistik ədəbi gəzintilərdən ibarətdir. Düzdür, müəllif müasir ədəbi proseslə bağlı bəzi dəyərləndirmələrində ifrat və təfritlərdən yan keçə bilmir, amma bu kitabın maraqla, hətta birnəfəsə oxunmasına mane olmur. 

            
- Bəs, bu sahədə yeni nəsil yazarlardan kimlərin adını çəkə bilərsiniz?

            
- Qismət və Fərid Hüseynin esselərini cavanların bu janrdakı ən səciyyəvi nümunələri saymaq olar. Hər iki müəllifdə intellektualizmə iddia var. Hər hansı əsər haqda orijinal söz demək üçün kifayət qədər potensialı olsa da, Qismətin esseləri daha çox özünün vikipedik informativliyi ilə seçilir. Bu isə janrının təbiətinə yaddır. Çünki esse bir janr kimi subyektivizm və orijinallıqla şərtlənir.

            Hərdən səthi, hərdən hətta yanlış təsir bağışlasa da, Fəridin məşhur əsərlər haqda orijinal fikirləri, subyektiv, amma düşündürücü yozumları mənə daha maraqlı gəlir.

            İki il öncə "Ulduz"un baş redaktoru Qulu Ağsəsin təklifi ilə jurnalın keçirdiyi esse müsabiqəsinin münsifi oldum. Müsabiqəyə qatılmış on altı gənc esseist arasında Rəşad, Kənan, Vəfa və Elşadın esseləri daha çox yadımda qalıb.   

            
- Bu gün AYB-nə gənclərin və yazıçıların kütləvi axını mövcuddur. Hər kəs böyük sevinclə Birliyə üzv olur. Əlbəttə ki, bu ədəbiyyatımızı canlandırır və ədəbi prosesləri gücləndirir. Ancaq bunun mənfi tərəfləri də mövcuddur. Bu axının qarşısı alınırmı və ya AYB bunları süzgəcdən keçirirmi?

            
- İndi nəşriyyatlar çoxdur. Hərə 200-300 manat verib, bir kitab buraxdırır və gəlir ki, məni Birliyə qəbul edin. İllik Prezident təqaüdü veriləndən bəri isə Yazıçlar Birliyinə axın başlayıb. Təsəvvür edin ki, təxminən 10 il əvvələcən AYB üzvlərinin sayı indikindən üç dəfə az idi. Son 10-12 ildə sürətlə artaraq 2000 nəfərə çatıb. Əksərən də təqaüdə görə. Postsovet məkanında heç bir ölkədə Yazıçılar Birliyinin bu qədər üzvü yoxdur. Rusiya Yazıçılar Birliyinin 6 min üzvü var, yəni bizdəkindən cəmi üç dəfə çox. Halbuki, Rusiya əhalisi bizdəkindən 15 dəfə çoxdur.

Birliyə qəbul son illər xeyli məhdudlaşdırılıb. Ümid edək ki, problemin radikal həlli qarşıdan gələn qurultaydan sonra baş tutacaq. 

            
- Sonda oxuculara sözünüz...

            
- Bizi oxuyun!

 

 

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ