SON DƏQİQƏ

Əmək, təhsil, hərbi sahədə fərqlənən insanları dəyərləndirmək lazımdır”

Tarix:26-10-2017, 11:59

Fərəc Quliyev: "Əmək, təhsil, hərbi sahədə fərqlənən insanları dəyərləndirmək lazımdır”

Sabir Rüstəmxanlı: "Bu ənənə yaranıbsa, niyə ondan imtina etməliyik?”

Vüqar Əhməd: "Mükafatlar həm maddi, həm də mənəvi cəhətdən yaxşıdır”

Əhməd Qəşəmoğlu: "Görünən budur ki, cəmiyyətdə də buna bir tələbat var” 

Sovet dövründə olduğu kimi bu gün də ölkəmizdə incəsənət, mədəniyyət, ədəbiyyat sahəsində fəxri adlar, ordenlər verilir. Məlum olduğu kimi, sovet dönəmində xalq artisti, əməkdar artisti, əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, xalq şairi və sairə bu kimi fəxri adlar "yuxarıdan” göstərişlə verilirdi. Fəxri adı almış şəxslər bununla fəxr edir, daha da ruhlanırdılar.

Məlumata görə, ilk xalq şairi adına Səməd Vurğun layiq görülüb. Məhz 1956-cı ildə onun ölümündən sonra yazıçılara, şairlərə fəxri adlar verilməyə başlanıb. Daha sonra isə sovet hakimiyyəti altında olan ölkələrdə bu ənənə davam etdirilib. 

Təbii ki, fəxri adlar həm də təqaüd, bəzən ev, maşın deməkdir. Bu gün xalq artisti, xalq yazıçısı, xalq şairi, xalq rəssamı fəxri adını alan incəsənət və mədəniyyət nümayəndələri ayda 100 manat təqaüd alır, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artisti, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, hətta əməkdar həkim, memar, jurnalist ayda 60 manat təqaüd alırlar. 

Lakin bununla belə, cəmiyyətimizdə sovet dövründən sonra da fəxri adların verilməsi birmənalı qarşılanmır. Hətta fəxri ad almış insanlar belə bəzən bu ənənənin davam etdirilməsini gərəksiz sayır. Çünki dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə bu cür adlar yoxdur. Maraqlıdır ki, qardaş Türkiyədə heç "Milli qəhrəman” fəxri adı verilmir. Yalnız şəhid statusu var. 

Yaxud Pavorotti, Xose Karears və bu kimi dünya şöhrətli ifaçıların heç də xalq artisti və ya əməkdar artisti kimi fəxri adları olmayıb. Onlar yalnız öz adları ilə dünyada öz möhürlərini vurmuş ifaçılardır. Hətta sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoydu. Bu baxımdan, ölkəmizdə də çoxları fəxri adların ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edirlər.

Картинки по запросу ferec quliyev

Bəs fəxri adlar lazımdırmı? Deputat Fərəc Quliyev mövzuya bu cür şərh bildirdi: "Biz müharibə şəraitində olan ölkəyik. Ona görə də bizdə şərtlər fərqlidir. Hesab edirəm ki, istər əmək, istərsə də təhsil, hərbi sahəsində fərqlənən insanları dəyərləndirmək lazımdır. Həmçinin, fikrimcə, fəxri adlar veriləndə bu, quru ad kimi qalmalı deyil. Məsələnin maddi tərəfi də düşünülməli, ona uyğun olaraq mükafatlar da verilməlidir. Mən insanlara sağlıqlarında qiymət verilməsinin tərəfdarıyam”.

Картинки по запросу Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı da fəxri adların gərəkliyini vurğuladı: "Mən xalq şairi olduğum üçün hesab edirəm ki, fəxri adlar lazımdır. Yəni mənim aldığım bu addan imtina etmək fikrim yoxdur. Elə bir qayda-qanun yoxdur ki, dünyada fəxri adlar olsun və ya olmasın. Hər dövlət öz ənənələrinə, milli maraqlarına uyğun olaraq məsələyə yanaşır. Bu ənənə yaranıbsa, niyə ondan imtina etməliyik? Əgər düz verilmirsə, nazirliklərin tərəfkeşlikləri varsa, bu ayrı məsələdir. Bu problemi düzəltmək lazımdır. Yoxsa ki, qırıb atmağın heç bir mənası yoxdur. İnsanlar fəaliyyət göstərir və sənətə gəlir. Onların içərisində fərqlənənləri həm millət, həm də dövlət seçir. Bu, iş stimuludur, yaşaya-yaşaya öz zəhmətinin bəhrəsinin həm də rəsmən etiraf olunması, rəsmiləşdrilməsidir. Ona görə də bu məsələdə hər şeyi pis yerə yozmaq doğru deyil”.

Картинки по запросу nəğməkar şair Vüqar Əhməd


Əməkdar incəsənət xadimi, nəğməkar şair Vüqar Əhməd isə qeyd etdi ki, bir çox ölkələrdə fəxri adlar var:
 "Türkiyədə isə yalnız bir fəxri ad var - dövlət sənətçisi. O da ömrünü xalq musiqisinə həsr edən ifaçılara verilir. Məsələn, İbrahim Tatlısəs kimi böyük ifaçıya o ad verilmir, çünki yad boğazlar edir. Bizdə fəxri adların verilməsi keçmiş sovet dövründən qalan bir ənənədir. Partiya ideologiyalarını, sosializmi, kommunizmi tərənnüm etmək üçün fəxri adlar verilirdi. Hətta qeyd edim ki, bizim xalq yazarımız Anar da bəzən bildirir ki, fəxri ada ehtiyac yoxdur. Halbuki özü fəxri ad alıb. Amma mükafatlar həm maddi, həm də mənəvi cəhətdən yaxşıdır. Yazıçı həvəslənir, qrant alır, beynəlxalq mükafatlar alır. Məsələn, Nobel mükafatı ən şərəfli addır. Doğrudur, bəzən orda da şahidi oluruq ki, dəxliliyi olmayan, tanınmayan bir yazara həmin mükafat verilir. İstərdim ki, bir gün Azərbaycandan da kiməsə Nobel mükafatı verilsin”.

Картинки по запросу Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu da qeyd etdi ki, ölkəmizdə fəxri adların verilməsi sovet dövründən qalma ənənədir:"Sanki insana daha da status verilir, qiymətləndirilir. Görünən budur ki, cəmiyyətdə də buna bir tələbat var. Amma hesab edirəm ki, bu adlar olmasa, daha rahat olar. Məsələn, Musa Yaqubun, Ramiz Rövşənin bu gün fəxri adları yoxdur. Amma onları oxuyanlar kifayət qədərdir. Bəlkə də burada hansısa meyarlar dəqiqləşdirilməlidir. Meyarlar qarışdırıldığı üçün düşünürəm ki, bu cür fərqləndirmələr artıq köhnəlib. Sovet dövründə hər şey aydın idi və sovet ideologiyasına tam cavab verilən əsərlər yazılırdısa, həmin titullar verilirdi. Amma indi o tələbat da yoxdur. Lakin qeyd edim ki, fəxri adların verilməsi bir tərəfdən həm də sosial dəstəkdir. Məsələnin bu tərəfinə baxanda, bəli, fəxri adlara ehtiyac var. Hazırda gərgin cəmiyyətdəyik, bununla da istedadlı insanlarımıza şərait yaradılır”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ