SON DƏQİQƏ

Xanım jurnalistlər “Maşın” şouya gedərdilərmi? - “Özünə hörmət edən şəxs...” - MARAQLI

Tarix:6-06-2018, 13:15

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulrdan biri də Azərbaycan teleməkanının populyar şoularından sayılan "Maşın” realiti-şousudur.  "Xanımlar və cənablar 2” adlanan  növbəti şouda müğənnilərlə yanaşı, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Firuzə Cəlilova kimi bir neçə xanım aparıcı da təmsil olunur. 

Amma verilişə birmənalı münasibət yoxdur. Əksər iştirakçılar sərgilədikləri davranışlara görə qınanılır, təniqdlərə məruz qalırlar.

Maraqlıdır, xanın jurnalistlər  "Maşın” şouya dəvət edilsəydi, iştirak edərdilərmi?


"Femida.az” saytının redaktoru Günay Arda:

"Baxmasaq da, sosial şəbəkələrin sayəsində realti-şouların videoları istər-istəməz qarşımıza çıxır. O realti-şoularda iştirak edənlər də, baxanlar da alman və ya isveçlilər deyil. Hamı and-aman edir ki, baxmıram. Bəs o reytinq Banqladeş tamaşaçılarının sayəsində formalaşır? O şou pazzlın bir hissəsidir. İndi şoubazlara yollar açıqdır. Hər sahənin şoubazlarına həyat da, karyera da asandır. Hamı oturduğu yerdə şou göstərir. Biz isə "Maşın"dakı şounu görürük. Hərəmiz cəmiyyət adlandırdığımız o pazzlın bir hissəsiyik, hərəmiz bir cür şou çıxarırıq.

Məni təəssüfləndirən odur ki, aylıq gəliri 200 manat olan insanlar 200 minlik maşını olanlara SMS göndərirlər ki, yenə maşın alsın. Əlikitablı adam nə bu şoulara baxar, nə iştirak edər. Kitab oxumayan, həftədə bir dəfə də olsun filmə baxmayan adamların şoularda hoqqa çıxaran klounlara baxıb həyatdan şikayətlənməyi yersizdir. Bu məsələdə medianı, televiziyanı günahlandırmaq da yersizdir. Hərənin bir işi var. ""Maşın" şouya niyə baxırlar” sualını Təhsil Nazirliyi cavablandırmalıdır. İştirakçıları seçən zaman onlar bilirlər kimə nə təklif edirlər”.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil: 

"Mənim ehtiyacım olsa belə , "Maşın” şouda iştirak etmərəm. Çünki burada insanların bir-birinə hörməti qalmır. Maşın nədir ki, ona görə kimsə məni təhqir etsin? Baxsan, ordakıların çoxunun  ehtiyacı yoxdur. Amma tamahkarlıq hissi insanları məhv edib. Şou deyirlər, amma mən heç nə xatirinə o səviyyəyə düşmərəm. Ayıbdı. Təhqirlər, etikadan kənar davranışlar... İyrənirəm sadəcə.. Mənim uşaqlarım o verilişə baxıb nə tərbiyə götürər? Bunu ordakılar düşünmürmü?

"Maşın” şouya baxmıram, uşaqlarımı da qoymuram baxsın. Ara-sıra sosial şəbəkələrdə kadrlar çıxır qarşıma. Dəhşət... İnsan bir maşına görə niyə alçalsın ki?”.

"Qafqazinfo”nun redaktoru Günel Əbilova:

"Təəssüf ki, biz toplumda nəyi pisləyiriksə, sabah ya özümüz onu edirik, ya da ora qatılırıq. Bu həm gündəlik qalmaqallı verilişlərə, həm də "Maşın” şou kimi reytinqli proqramlara aiddir. Dəfələrlə olub ki, sosial şəbəkələrdə bu barədə status yazan həmkarlarımız həmin verilişlərdə sevə-sevə iştirak edirlər, özləri də o qalmaqalın bir parçasına çevrilirlər.

Bizdə həm saytın rəhbərliyini, həm də əməkdaşlarımızı müxtəlif verilişlərə qonaq dəvət edirlər. Birmənalı olaraq "yox” deyirik. Reytinq, qalmaqal üçün nəyisə müzakirə edilən yerdə olmağı özümüzə yaraşdırmıram. Bu səbəbdən "Maşın” da mənim üçün həmin verilişlər sırasındadır. Bu tip verilişlərə qatılan ulduzlar diqqətli olmalıdır. Belə verilişlər hamı üçün uğurlu olmur, illərlə qazandığını ad-sanı, nüfuzu bir hərəkətinlə itirə bilərsən”.

Radio Antenn-101FM-in aparıcısı Əzizə İsmayılova:

"Mən iştirak etməzdim. Səbəb odur ki, şou adamı deyiləm və cəmiyyət qarşısında şou yarada biləcək bir qabiliyyətim yoxdur. Şounun müsbət və mənfi tərəflərinə gəlincə, zənnimcə, bu, baxış bucağına bağlı olan bir şeydir. Öz payıma mənfi və ya müsbət heç nə axtarmıram.  Çünki şounun konsepti sadəcə qazanc üzərində qurulub və hər şey ancaq qazanca hesablanıb. Daha çox qalmaqal, bir o qədər çox pul, sponsor deməkdir. Yəni, düşünürəm ki, bu bir şoudur, məqsəd daha çox pul qazanmaqdırsa, o zaman başqa nəsə gözləmək yaxud müzakirə etmək yersizdir. Əgər məqsədlərinə nail olurlarsa, kanal vaxt, sponsorlar kifayət qədər pul, tamaşaçılar da SMS-ə filan qədər pul ayıra bilirlərsə, burda mənfi ya müsbət nəsə axtarmağa dəyməz. Əgər iştirakçılar və təşkilatçılar üçün tamaşaçı auditoriyasına nəyi təbliğ etdikləri və ya auditoriyanın fikri önəm kəsb etmirsə, o zaman nəyi və niyə müzakirə edirlər ki? Sadəcə kanalı çevirmək yaxud söndürmək kifayət edər. Müzakirələr yanan ocağa körük effekti verir ki, bu da yenə də təşkilatçıların və sponsorların xeyrinədir. 
Qısacası: bu bir oyundur, oynamaq istəyənə də meydan verilib. Baxanlara ancaq-"oyunçu aparsın"- demək qalır”.

Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova:


"Sözün düzü,  Murad Dadaşovu məharətli şoumen kimi çox bəyənirəm. İstedadlı insandır. Onun iştirak etdiyi layihələr hər zaman böyük maraq doğurur. Düzü, "Maşın” şouya baxmıram və etiraf edim ki, heç əvvəlkilərə də baxmamışam. Təkcə mediada  bu haqda çıxan  xəbərləri  oxuyuram. Mənə belə bir dəvət gəlməyib. Ona görə dəvət olunaramsa, nə qərar verəcəyimi öncədən deyə bilmirəm”.

"Yenicag.az” saytının əməkdaşı  Cəvahir  Nehru:


"Getməzdim. Jurnalist olaraq, şou-biznes aləmini bir-birinə qatsam da (gülür),  xarakter olaraq şoudan uzaq insanam. Gündəm yaratmaqdan zövq alıram. Amma özüm şəxs olaraq, gündəm və üzdə olmaq arzusunda olmamışam. Heç şou verilişlərə getmirəm, qaldı ki, "Maşın” şouya”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ