SON DƏQİQƏ

Azərbaycanda 1000-dən çox din xadimi hər ay 250-400 manat maddi dəstək alacaq - Müsahibə

Tarix:4-05-2018, 22:37

Bəzi din xadimlərinə maddi dəstək veriləcək. Bu, hər ay üçün 250-400 manat civarında olacaq və 1000-dən çox din xadiminə şamil oluncaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi niyə belə bir qərar verib?

Komitənin nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bununla bağlı  sualları cavablandırıb:

- Mənəvi Dəyərlərin Təbliği Fondunun nizamnaməsində göstərildiyi kimi, fond mənəvi dəyərlərin qorunması, inkişafı, o cümlədən, din-dövlət münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir. Fond vətəndaşlara dini etiqad azadlıqlarının həyata keçirilməsində dəstək göstərir, maarifləndirmə işləri aparır. Dini dəyərlər də mənəvi dəyərlərin tərkib hissəsidir. Burdan yola çıxaraq, dini dəyərlərin təbliğatçıları olduğu üçün din xadimlərinə maddi dəstək göstərilməsi qərarlaşdırılıb.

-Bu maddi dəstəyi maaş hesab etmək olarmı?

- Bu, maaş deyil. Maaş əmək müqaviləsinə əsasən verilir. Burda isə fondla din xadimləri arasında bağlanan müqavilə bir illik olacaq. 2018-ci il üçün ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğu üçün müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.

-Maddi dəstək kimlərə şamil olunur və neçə nəfəri əhatə edəcək?

- Maddi dəstək alacaq din xadimləri üç kateqoriyaya bölünəcək: imamlar, imam naibləri və mütəvəllilər. Onlar mütləq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə təyin edilən din xadimləri olacaq. Bu maddi dəstək başqaları üçün nəzərdə tutulmayıb.

Bütünlükdə Azərbaycan üzrə təxminən min nəfərdən çox din xadimi bu dəstəyi ala biləcək. Gələcəkdə bu say dəyişə də bilər.

- Maddi dəstək verilməsi üçün hansı şərtlər var?

- Fonddan maddi dəstək alacaq hər bir din xadimi ilə ayrı-ayrılıqda müqavilə bağlanacaq. Müqavilədə bir sıra öhdəliklər var və onlar bu dəstəyi sözügedən öhdəliklərə əməl etmək şərtilə ala biləcəklər. Bu öhdəliklərə əməl etməyənlərə maddi dəstək kəsilə bilər. Onlar hər şeydən əvvəl Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi iş rejiminə əməl etməlidir. Yəni məscidlərdə olmalı, oranın normal fəaliyyətini təmin etməli, mənəvi dəyərləri təbliğ etməlidirlər. Müqavilə bağlanandan sonra, Mənəvi Dəyərlərin Təbliği Fondu Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yerlərdə din xadimlərinin fəaliyyətini dəyərləndirəcək.

-Yas məclisləri aparan mollalar bu maddi dəstəyi ala biləcəkmi?

- Bu dəstəyi məsciddə, yəni hüquqi ünvanda fəaliyyət göstərən din xadimləri ala biləcəklər. Ola bilər ki, o din xadimləri həm də yas mərasimləri aparsınlar. Lakin ancaq yas mərasimlərində iştirak edən, məsciddə heç bir fəaliyyəti olmayan şəxsə maddi dəstək yoxdur. Bu dəstək yalnız məscidlərdə fəaliyyət göstərən din xadimlərinə aid olacaq.

- Maddi dəstəyin verilməsi kilsə və sinaqoqlara da aid olunurmu?

- Hər il bütün dini icmalara dövlət tərəfindən vəsait ayrılır. Bizə isə hələlik sırf İslam icmaları ilə bağlı qərar verilib. Ola bilər ki, gələcəkdə bu maddi dəstək digər icmalara da aid edilsin.

- Maddi dəstək nə qədər olacaq və bu məbləğ hansı kriteriyalarla müəyyənləşib?

- İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq. Bu məbləğ Azərbaycanda orta əməkhaqqına baxılaraq, müəyyən edilib. Bu, Fondun Himayəçilər Şurası ilə birgə müzakirə olunub və qərar verilib.

-Maddi dəstəyin vəsaiti hardan ayrılıb?

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyələşməsi öz nizamnaməsində göstərildiyi kimi bir neçə istiqamətdə ola bilər. Fond dövlət büdcəsindən, ianələrdən, qrantlardan, investisiyalardan, öz təsərrüfatı hesabına fəaliyyətlərdən qazanc əldə etməklə maliyyələşə bilər. Fond bir neçə ay əvvəl yarandığı üçün maddi dəstək prezidentin qərarı ilə fonda ayrılmış vəsait hesabına həyata keçiriləcək. Gələcəkdə isə qrantlardan, ianələrdən və s. istifadə edilə bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ