SON DƏQİQƏ

Əflatun Amaşov: 'Azərbaycan mətbuatı əvvəlki mətbuat deyil'

Tarix:3-05-2018, 21:55

«Mətbuat Şurasına hər hansı saytın bloklanması və ya bağlanması ilə bağlı müraciət daxil olmayıb. Ölkənin birinci şəxsi də daxil olmaqla istənilən şəxs tənqid oluna bilər. Qəzetlərdə, efirdə bu, geniş yer tutmasa da, sosial şəbəkələrdə, başqa ünvanlarda ən çox da ölkə rəhbərliyi, ən çox da müəyyən sahələrə cavabdeh olan insanlar tənqid edilir».

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov AzadlıqRadiosuna müsahibədə belə deyib.

Onunla müsahibəni təqdim edirik.

Əflatun Amaşov: '13 il keçməsin, 23 il keçsin, qətl baş veribsə, üstü açılmalıdır'
 
 

No media source currently available

0:007:57 0:00
 
 Direct-ə keçid 
 

 

- Əflatun bəy, mayın 3-ü Beynəlxalq Mətbuat Günüdür. Şura sədri kimi Azərbaycan mətbuatının durumunu necə dəyərləndirirsiniz? Onun üzü hansı yanadır?

- Azərbaycan mətbuatı əvvəlki mətbuat deyil. İstər iqtisadi baxımdan, istərsə də azadlıq baxımından. Ölkənin hər hansı yerində bir hadisə baş verirsə və bu hadisə ilə bağlı hər hansı material ölkəyə, dünyaya yayılırsa, bu, mətbuat azadlığını şərtləndirən əsas dəyərlərdən biridir. İkincisi də, insanlar öz fikirlərini ifadə edirlərsə - bu da şərtlərdən biridir - deməli, mətbuat azadlığı var. Azərbaycanda hər iki şərt yerinə yetirilir. Yəni ölkənin hər hansı yerində nəsə baş verəndə ictimaiyyətə çatdırılır. Eyni zamanda, vətəndaşlar KİV-lərdə, sosial şəbəkələrdə öz fikirlərini ifadə edirlər.

- Elə bu günlərdə parlamentdə hərbi vəziyyətlə bağlı qanuna dəyişiklik edildi. Həmin dəyişikliyə görə, hərbi vəziyyət olan bölgədə jurnalistlərin fəaliyyətinə senzor nəzarət edəcək, onlar sizin dediyiniz kimi, hər şeyi işıqlandıra, yaza bilməyəcəklər. Əks halda, onları böyük məbləğdə cərimə gözləyir. Bu senzuranın dolayı yolla bərpası deyilmi?

- Cərimə deyəndə... Həmin qanun – «Hərbi vəziyyət haqqında» Qanun ötən il fevralın 14-də qəbul olunub. Bu qanuna görə, hərbi vəziyyət elan olunan hər hansı ərazidə KİV-lərin materialları hərbi senzor tərəfindən yoxlanılaraq veriləcək. Eyni zamanda, hərbi vəziyyət elan olunan bölgədə KİV-lər xüsusi rejimdə işləyəcəklər. Əslinə baxsaq, Azərbaycanda senzura 1998-ci ildə ləğv olunub, Konstitusiyada da bu yoxdur. Hərbi senzor sadəcə, bir termindir. ABŞ-da olsun, Avropada olsun, müharibə elan edən istənilən ölkədə bu prinsiplər qorunur. Küveytə olan basqınlar zamanı hadisələr cəmi bir kütləvi informasiya vasitəsi tərəfindən yayılırdı. Əgər müharibə gedirsə, hərbi vəziyyət elan edilibsə, mən söz və mətbuat azadlığının məhdudlaşdırılmasında bir şey görmürəm. Müharibə bölgəsində jurnalistlər xüsusi vəziyyətdə işləyə bilərlər. Elə bir hökm də yoxdur ki, mütləq işləyəcəklər. Bu, vəziyyətdən asılı olacaq. Müharibədir. Müharibə vaxtı bəlkə qoşun düşmən arxasına keçir, media bunu bilirsə yaymamalıdır. Bu, qanunaziddir. Burda hərbi senzura sözünü işlətməmək də olardı. Mən bunun əleyhinə idim. Hərbi vəziyyətlə bağlı məhdudlaşdırma kimi müəyyənləşdirmək olardı.

- Adı nə olur, olsun, bu, istənilən halda senzuradır.

- Yenə deyirəm, dünyanın hər yerində hərbi vəziyyətdə söz azadlığı məhdudlaşdırılırsa, bunu Azərbaycanda söz azadlığının məhdudlaşdırılması kimi qələmə vermək düzgün deyil.

- Əflatun bəy, bu gün Azərbaycan mətbuatında qeyri-rəsmi senzura hökm sürür. Bəzi mövzulara toxunmaq yasaqdır, üstəlik də təhlükəlidir. Məsələn, hakim ailə, Birinci vitse-prezident haqda yazmaq olmaz, əks halda ya redaktor, ya jurnalist həbs edilə bilər və ya saytlar bloklana bilər.

- Kimlərsə bloklanırsa, məhkəməyə müraciət etsinlər. Mətbuat Şurasına hər hansı saytın bloklanması və ya bağlanması ilə bağlı müraciət daxil olmayıb. Ölkənin birinci şəxsi də daxil olmaqla, istənilən şəxs tənqid oluna bilər, gəlin etiraf edək. Qəzetlərdə, efirdə bu, geniş yer tutmasa da, sosial şəbəkələrdə, başqa ünvanlarda ən çox da ölkə rəhbərliyi, ən çox da müəyyən sahələrə cavabdeh olan insanlar tənqid edilir.

- Yəni siz tənqidə görə jurnalistlərin cəzalandırılmadığını deyirsiniz? Amma tənqidə görə bu gün həbsdə olan jurnalistlər, bloqqerlər var.

- Tənqid mümkündür. Azərbaycanda istənilən insan tənqid obyektinə çevrilə bilər.

- Siz tənqidə görə saytların bloklanmadığını deyirsiniz, amma bu gün «Azadlıq» qəzetinin, MeydanTV-nin, AzadlıqRadiosunun saytları bloklanıb.

- Birincisi, indiki şəraitdə hansısa saytı bloklamaq, fəaliyyətinin qarşısını almaq mümkün deyil. Çünki müxtəlif yollar var. Kimlərsə istəyirsə, həmin yollarla saytlara daxil ola bilərlər. Ancaq konkret ad çəkmədən bunu da deyirəm ki, kimsə bloklanırsa, bunun da hüquqi yolları var. Versinlər məhkəməyə. Hər şey dəqiq olmalıdır. Məhkəməyə versin, bloklanıbsa, deməli, qarşı tərəf cavab verməlidir, hər şey hüquqi müstəvidə araşdırılmalıdır ki, aydın olsun.

- Sizcə, Azərbaycanda məhkəmələr azaddır?

- Məhkəmələr... Biz indi mediadan danışırıq. Məhkəmənin azad olması məhkəmənin qəbul etdiyi qərarlarla bağlıdır. Başdan ayağa «məhkəmə qərəzlidir», «ədalətli qərar qəbul etmir» demək də düzgün deyil.

- Adətən, məhkəmə qərarları jurnalistlərin xeyrinə yox, qarşı tərəfin, hakimiyyətin xeyrinə olur.

- Hansı məhkəməni deyirsiz? Məhkəmənin də müəyyən mərhələləri var. Rayon məhkəməsindən narazısansa, apellyasiya məhkəməsinə ver, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə ver və s. Hər şey qanuni yolla həll olunmalıdır. Heç nədən çəkinmək lazım deyil. Kim özünə qarşı qərəz, haqsızlıq edildiyini düşünürsə, məhkəməyə müraciət etsin.

- Ötən həftə «Sərhədsiz Reportyorlar» təşkilatı mətbuat azadlığı ilə bağlı indeks açıqladı. Azərbaycan 180 ölkə içində 163-cü yerdə idi.

- Mən o hesabatla razı deyiləm. Bu təşkilatların Azərbaycanla bağlı hesabatlarına çoxdan adət etmişəm. Necə oldu ki, Afrikanın, Asiyanın hər hansı ölkəsi Azərbaycandan daha demokratik oldu, həmin ölkələrdə söz və mətbuat azadlığı daha yaxşı qorundu? Məsələn, Əfqanıstanda belədirmi? Asiyanın ölkələri Azərbaycandan yaxşıdırmı? Düzü, o qurumun hesabatlarının son illərdə obyektiv olmasına şübhə edirəm.

- «Mətbuata basqı yoxdur» deyirsiniz, beynəlxalq qurumların hesabatları ilə razılaşmırsınız, amma 13 il əvvəl hakimiyyəti tənqid edən jurnalist-redaktor Elmar Hüseynov öldürüldü və hələ də onun qatilləri tapılmayıb. Bunun özü mətbuatın durumuna, sizcə, necə təsir edir?

- Elmar Hüseynovun öldürülməsi çox yaxşı yadımdadır, onun dəfni də, həmin hadisələrdən sonra araşdırmaların aparılması da. Dünyada yüzlərlə jurnalist öldürülüb, ancaq çox az hissəsinin səbəbkarı müəyyən edilib. Əlbəttə, biz həmişə demişik ki, Elmar Hüseynovun qatilləri müəyyənləşsin və haqlı cəzalarını alsınlar. Mətbuat Şurasının sənədlərində həmişə bu tələb keçir. Mən əminəm ki, onun qatilləri gec-tez tapılacaq, haqlı cəzalarını alacaqlar. Ancaq indi dəqiq deyə bilmərəm ki, onun qatilləri kimlərdir, onun ölümü kimlər tərəfindən planlaşdırılıb. Həmin müddətdə paralel olaraq Ukraynada, Gürcüstanda da jurnalistlər öldürüldü. Dünyada ən qaranlıq məqamlar jurnalistlərlə bağlıdır, çox az hallarda onların ölümü ilə bağlı xəbərlər açıqlanır. Əminəm ki, Elmar Hüseynovun qatilləri gec-tez müəyyən olunacaq. Biz də bunu gözləyirik.

- 13 il ötür.

- 13 il keçməsin, 23 il keçsin, qətl baş veribsə, üstü açılmalıdır, qətli törədənlər cəzalarını almalıdır. Elə Mətbuat Şurasının tələbi də həmişə bu olub, biz həmişə bu məsələni diqqətdə saxlayacağıq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ