SON DƏQİQƏ

2019-cu ildə mətbuat katibləri və işləri

Tarix:27-12-2019, 14:30

Daha bir ili geridə qoymaq üzrəyik. İlin yekunu ilə bağlı bir neçə gün əvvəl jurnalistlər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətini qiymətləndirdilər. Kimisi razı, kimisi narazı qaldı. Hətta mətbuat katiblərindən zəng edib "niyə mənim adımı az çəkiblər, niyə mənim dostlarımdan soruşmamısınız” deyə etiraz edənlər də oldu. Biz də bunu nəzərə alıb bu dəfə meydanı dövlət qurumlarının mətbuat katiblərinə verdik. Görək onlar necə, jurnalistlərin fəaliyyətindən razıdırlarmı? Bu il ərzində jurnalistlərlə bağlı hansı kuryoz hadisə yaşayıblar?

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sözlərinə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbriklə başlayıb:

 

"Hörmətli jurnalistlərimizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirik. Onlara ən xoş və səmimi istəklərimizi çatdırırıq. Sizə, kollektivinizə, sizin simanızda bütün jurnalistlərimizə dövlət başçımızın rəhbərliyilə müstəqil Azərbaycanın milli maraqlarının etibarlı təmin olunması və ölkəmizin daha da qüdrətlənməsi naminə böyük yaradıcılıq uğurları  arzulayırıq. Jurnalistlərə səmərəli işbirliyi, vətənə gərəkli və məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik. Sizin hər birinizə uzun ömür, bol-bol sevinc, xoşbəxtlik arzulayırıq. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ali Baş Komandanın rəhbərliyilə daim dövlətimizin milli maraqlarının, təhlükəsizliyinin, mənafelərinin qorunması üçün əzmlə, fədakarlıqla çalışırlar, dövlətimizin daha da qüdrətlənməsi, təhlükəsizliyinin təmin olunması üçün fədakarlıqla xidmət göstərirlər. Heyətimiz günün 24 saatı ərzində daim Azərbaycanın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır. Digər aidiyyatı hüquq mühafizə orqanları ilə birgə əsas məqsədimiz odur ki, ölkəmizin təhlükəsizliyinin qorunması üçün Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan vəzifələri ən yüksək səviyyədə peşəkarlıq və vicdanla yerinə yetirək. Bütün şəxsi heyətimiz də bu məqsəd üçün çalışır. Biz istəyirik ki, Azərbaycan müstəqil, daha da inkişaf etmiş, qüdrətli bir ölkəyə çevrilsin. Bizim də vəzifəmiz bu işə şərəflə xidmət etməkdən ibarətdir.

Jurnalistlərə gəlincə, onların hər biri bizim dostlarımızdır, hamısına hörmətimiz var. Şübhəsiz bəzən sual verən jurnalistlərin verdiyi suala dair informasiyası olmur, yaxud suala dolğun hazırlaşmırlar. Bizim fəaliyyətimiz spesifik sahəni əhatə edir. Üzərində işləyən, daim inkişaf edən jurnalistlərimizə uğurlar arzulayıram. Bildiyiniz kimi, biz hər zaman jurnaslitləri dinləməyə, onların sorğularını cavablandırmağa hazırıq. Bizim əməkdaşlığımız yalnız bir məqsədə-Azərbaycanın maraqlarının, mənafelərinin etibarlı təmin olunmasına xidmət etməlidir. Bu işdə də sizə uğurlar arzulayırıq”.

 

Mətbuat katibi kimi cəmi 5 aydır fəaliyyət göstərməsinə baxmayaraq,  "Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov qısa müddətdə jurnalistlərlə əlaqə qura bilənlərdəndir:

 

""Azəriqaz”da 2019-cu ilin iyul ayından etibarən fəaliyyətə başlamışam. Dekabr da daxil, cəmi 5 aydır ki, Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi fəaliyyət göstərirəm. Qısa müddətdə jurnalistlərlə ünsiyyətim çox olub. Hələ ki, yaddaqalan xüsusi hal yaşanmayıb. Doğrusu, bu vəzifəyə təyin olunanda gözləmirdim ki, bu qədər zənglər alacam. Televiziyada işləyəndə çəkilişdən-çəkilişə də olsa, mətbuatla ünsiyyətim, əlaqələrim vardı. Amma bu qədər çox suallar alacağımı, hətta suallar qarşısında çıxılmaz duruma düşəcəyimi düşünmürdüm. Bəzən jurnalistlərin nömrələri qarışdırırdım, təzə-təzə işə adaptasiya olmaqda çətinlik çəkirdim. Qazın təzyiqi aşağı düşən kimi həmkarlardan o qədər zəng gəlirdi... Jurnalistlərə təkrarən əks-zəng edəndə sual qarşısında qalırdım görəsən kim idi zəng edən. Bu müddət ərzində çalışmışam ki, maksimum dərəcədə jurnalistlərdən daxil olan sualları cavablandırım. Əgər kimlərinsə suallarını cavablandıra bilməmişəmsə, çalışacağam ki, belə hallar yaşanmasın, bundan sonra daha sıx şəkildə əməkdaşlıq qurulsun.

Bütün media mənsublarının, xalqımızın Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

 

"Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu il təmsil etdiyi qurum üçün uğurlu il olub:

 

""Azərişıq” yarandığı gündən etibarən bütün kütləvi informasiya vasitələri, saytlar, agentliklər, televiziyalar, radiolarla əməkdaşlıq edir. Təbii ki, iş olan yerdə problemlər, anlaşılmazlıqlar olur. Ortada qarşılıqlı səmimiyyət varsa, istənilən məsələnin obyektiv işıqlandırılmasının tərəfdarıyam. O cümlədən də, Modern.az mövqeyimizin işıqlandırılmasında hər zaman dəstək olur. Mən düşünmürəm ki, hansısa kütləvi informasiya vasitəsi "Azərişıq”dan incik düşsün. Çalışdığımız qədər jurnalistlərlə bir-birimizi anlayırıq. Çox olub ki, jurnalistlər gecə saat 12-də, 1-də də zəng edib açıqlama istəyiblər. Hətta bir neçə il əvvəl gecə saat 3-də bir xanım jurnalistdən zəng gəldi. Bildirdi ki, "işıqlar söndüyündən liftdə qalıb. Təyyarə bileti var, əgər liftdən bir az gec çıxsa uça bilməyəcək”. Düzü heç əməkdaşlıq etmədiyim, tanımadığım bir jurnalist idi. Tələsik rayon elektrik idarəsinə zəng elədim və elekrik bərpa olundu. Xanım liftdən çıxdı və təyyarəyə çatdı. Amma o gündən mənim xanımım o hadisəni unutmur. Hər dəfə nəsə olan kimi həyat yoldaşım soruşur ki, "niyə xanım sənə gecə saat 3-də zəng edir”. Çalışıram ki, 24 saat ərzində jurnalistlərdən daxil olan zəngləri cavabsız qoymayım. Bunun da nəticəsində başıma belə bir hadisə gəlib. Şükürlər olsun ki, jurnalistlərlə əməkdaşlığımız güclüdür və hər zaman da davam edəcək. Hər bir mətbuat nümayəndəsini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

 

"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı 2019-cu ildə jurnalistlərlə iş sahəsində son dövrlərin ən yaxşı ili olduğunu qeyd edib:

 

"Bu il jurnaslitikada "Azərsu” ilə işləmək sahəsində ixtisaslaşmanın ən yaxşı vəziyyətini gördüm. Saytlardan, agentliklərdən, televiziyalardan hər dəfə eyni jurnalistlərin bizimlə əlaqə saxlaması həm işimizi yüngülləşdirir, həm də məlumatların daha düzgün yayılmasına kömək göstərir. Bu il elə də kuryoz hadisə yaşamamışam. Amma bir şeyi xatırlayıram. Yeni fəaliyyətə başlayan jurnalist xanımdan zəng gəldi. Xanım suvarma suyu ilə bağlı sual verdi. Mən ona izah etdim ki, "Azərsu” içməli su sahəsinə baxır, suvarma suyuna digər qurumlar cavabdehdir. O da dedi ki, bəs "redaktor sizə yönləndirib”. Mən də redaktoru tanıyıram, bilirəm ki, peşəkardır. Xanıma dedim ki, lazımdırsa, redaktorunuzla mən danışaram. Sağollaşdıq. Bir az keçdikdən sonra zəng etdi ki, "bağışlayın, mən səhv eləmişəm”. Daha sonra məlum oldu ki, xanım mənim dediklərimi də heç düzgün çatdırmayıb redaktora”.

 

 

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev qeyd edib ki, 2019-cu il ölkəmiz, o cümlədən bizim üçün uğurlu il olub:

 

"İl ərzində mətbuat katibi kimi jurnalist həmkarlarımla sıx və işgüzar əlaqələrim davam edib. Həmçinin, sosial şəbəkələrdə də aktiv şəxs kimi həmkarlarımla daim sıx əlaqədə olmuşuq. Doğrudur, bəzən hansısa sorğunu cavablandırarkən müəyyən gecikmələr yaşanır. Bunu da nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi spesifik xüsusiyyətə malik olan mərkəzi icra hakimiyyəti orqanıdır və bizim hər açıqlamamızın arxasında dəqiqləşdirilmiş rəqəmlər dayanır. Xüsusi yaddaqalan kuryoz hadisə xatırlamıram. Amma bəzən iş prosesində narazı qaldığım məqamlar olub ki, onlar da xüsusi üzərində dayanılacaq hadisələr deyil. Təkcə onu deyə bilərəm ki, jurnalistlər arasında ixtisaslaşma, peşəkarlıq məsələsinə diqqət artırılmalıdır. Fürsətdən istiafadə edib bütün jurnalist həmkarlarıma Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə ən səmimi bayram təbriklərimi və xoş arzularımı yetirirəm!”

 

 

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin sözlərinə görə, 2019-cu ildə Təhsil Nazirliyinin media ilə əlaqələrinin genişləndirilməsi baxımından mühüm işlər görülüb:

 

"Media nümayəndələri ilə əlaqələrimiz daha da təkmilləşdirilib. Onlar bizim həmkarlarımızdır, çalışırıq ki, təhsillə bağlı materialların hazırlanmasında əlimizdən gələni əsirgəməyək. 2019-cu ildə də jurnalistlərin təhsil sahəsi üzrə maarifləndirilməsi, görülən işlərlə bağlı məlumatlandırılması üçün davamlı mediaturlar, mətbuat konfransı və brifinqlər, həmçinin media təlimlər təşkil etmişik. Onları təhsilin yenilikləri ilə operativ şəkildə məlumatlandırdığımızı düşünürük. Jurnalistlərlə bağlı maraqlı bir məqamı qeyd edək ki, bəzi media nümayəndələri bizi tədbirdə görəndə ilk olaraq "Salam, necəsiniz?” yerinə "Press reliz var?” deyə soruşur. Biz isə artıq o sualı eşitməyə vərdiş etmişik. Ümumiyyətlə, mediaya hər zaman açıq olmuşuq və bu siyasəti də davam etdiririk. Fürsətdən istifadə edərək bütün həmkarlarımızı Yeni il və Həmrəylik Günü münasibətilə təbrik edirik. Hər birinə bol-bol maraqlı materiallar arzulayırıq”.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov deyib ki, 2019-cu il jurnalistlərlə münasibət baxımından sözün həqiqi mənasında pozitiv bir il kimi yadımda qalıb::

"Həqiqətən tam səmimi deyəcəm, bilən-bilir heç bir media adamına qarşı ikili bir münasibətim olmayıb. Ona görə də sağ olsunlar, demək olar ki, əksər jurnalistlər bu münasibəti dəyərləndirirlər. Bununla belə, hər hansı bir anlaşılmazlıq olan halda isə tam aydınlıq gətirmədən rahat olmuram. Kimsə düşünməsin ki, ona qarşı soyuq münasibət və ya fərqli yanaşma var. Bu baxımdan bütün anlayışlı və peşəkar prinsiplərlə çalışmağa üstünlük verən dostlara təşəkkürümü bildirir, onları qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edirəm! Maraqlı hadisələrə gəlincə, onlar da olur, olmasa mümkün deyil. Deməli bir dəfə efir dəvətini səhvən 1 gün öncəyə qeyd eləmişəm. Həmin günə olan vacib işləri təxirə salıb getmişəm efirə. Dəqiqləşdiriləndə ki, bəs dəvət sabah üçündür, heç nəyə yox, təxirə saldığım işlərə görə elədiyim xahişlərə heyfim gəldi. Bir dəfə də bir jurnalistin "öz xəbərimdir" - deyə verdiyi sualının cavabını səhvən başqa bir jurnalistə göndərdim. O da anında baxdı ismarıca. Nə qədər xahiş eləmişəm ki, bəs bunu göndərənə izah edə bilmərəm ki, səhv olub. Axır ki, yola gəldi, sağ olsun. Mən də bu qayğıdan qurtardım. Amma təsadüfən eyni sualı verən fərqli mediada çalışan iki jurnalistdən biri tam ciddiyətlə incimişdi ki, mənim sualımın cavabını başqa adama niyə vermisiz? Burda da operativlik məsələsi rol oynayır daha çox. Yəni, eyni anda verilmiş cavabı biri həmin an xəbər edir, digəri yarım saat sonra baxır cavaba... Di gəl "problemi" həll elə. Ən maraqlısından biri də toy dəvətnaməsinə dəqiq baxmamağım olub. Deməli, bir jurnalist dostumuzun toy dəvətnaməsi Bakıdan kənara imiş. Şadlıq evinin adı tanış gəldiyindən, düşünmüşəm ki, Bakıdır. Həmin gün getmişəm nəzərdə tutduğum şadlıq evinə. Tıxac, filan, birtəhər yetişmişəm. Zala girirəm, tanış adam yoxdur. Əlində siyahı olan bir nəfər ciddi-cəhdlə stollardan birinə tərəf dartır. Mən də tanış adam axtarıram, jurnalistlərdən heç kimi görmürəm... Axır bəyin adı ilə dəqiqləşdirib, səhv gəldiyimi bildirib üzrxahlıq eləmişəm. Vəəəə, mənim gedəcəyim şadlıq evi harda olsa yaxşıdır?! Bakıdan kənarda. Amma ümumən ilimizin pozitiv və uğurlu olması bu və digər bütün məsələləri xoş xatirəyə çevirir. Məncə bizə qalan da yalnız xoş xatirələr və əgər bacarsaq, özümüzü olduğumuz kimi təqdim edə bilməyimizdir. Çox sağ olun, diqqət üçün ki, fikirlərimizə yer verdiniz. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizi, əziz kollektivinizi və bütün media əhlini səmimi qəlbdən təbrik edir, ürəyinizcə olan gözəl bir il arzulayıram”.

 

 

Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ESTN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, yola saldığımız ildə ölkəmiz üçün önəmli olan bir çox hadisələr qeydə alınıb:

 

"Amma səmimi etiraf edim ki, ekologiya sahəsini təmsil etdiyimdənmi, bəlkə də bunun önəmini daha çox hiss etdiyimdənmi 2019-cu il mənim üçün Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin tarixində ilk dəfə olaraq respublikamızın bütün bölgələrində bir gündə 650 min ağac əkildi və sevindiricidir ki, bu təşəbbüsə kiçikdən böyüyə hər kəs qoşuldu, Azərbaycan təbiətinə, bizi əhatə edən təbii mühitə çox yaddaqalan və səmərəsi hesaba gəlməyən töhfə verildi. Daha bir əsas və yaddaqalan məqam bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşması prosesində medianın, jurnalist dostlarımın sonadək yanımızda olması, dəstək göstərməsidir. Çünki mətbuat sahəsinə məsul şəxs olaraq mənim belə genişmiqyaslı tədbir üçün təcrübəm az idi. (Elə bu məsuliyyətin gərginliyi heç vaxt yadımdan çıxmayacaq.) Amma xüsusi qeyd edirəm ki, nazirliyimizdə son illər tətbiq edilən yeni sistemin, media dostlarımızla çox dinamik qarşılıqlı fəaliyyətin sayəsində geniş təbliğat kampaniyası quruldu (əlbəttə ki, digər təşkilati tədbirlər də daxil) və xeyixah, möhtəşəm təşəbbüsün gerçəkləşməsinə nail olundu. Onu da deyim ki, sentyabrın əvvəlindən dekabrın 6-na kimi 3 ay ərzində jurnalistlərlə indiyədək olmamış səviyyədə daha sıx ünsiyyətimiz yarandı və işin çoxluğuna, bəzən gərginliklərə baxmayaraq, xarici mətbuat da daxil olmaqla KİV- də mindən artıq məlumat yayıldı. Bir daha bildirirəm, yəqin bilavasitə bu işdə yaxından iştirak etdiyimdəndir ki, 650 min ağac əkilməsi hadisəsi mənim üçün heç vaxt unudulmayacaq hisslərə çevrildi. Bildiyiniz kimi Nazirliyimizin mandatı çox genişdir və hava, su, torpaq, biomüxtəliflik də daxil olmaqla, həyatımız üçün ən vacib anlamlara malik bu dəyərlərin cəmiyyətimizdə təbliğ edilməsində yanımızda olduğunuz üçün, fürsətdən yararlanaraq, bütün media nümayəndələrinə, hər kəsə nazirliyimiz adından təşəkkürümüzü bildiririk. Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbriklərimi çatdırıram. Arzu edirəm ki, yeni il Azərbaycanımız üçün, dövlətçilik ənənələrini yaşadaraq davam etdirənlər üçün uğurlu olsun ki, hər birimizin həyatı firavanlaşsın, hamımızın birgə qorumağa borclu olduğumuz Azərbaycan təbiəti daha da gözəlləşsin”.

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, 2019-cu iı jurnalistlərlə münasibətdə məhsuldar il kimi yadda qalıb:

 

"Bildiyiniz kimi, 2019-cu il Azərbaycanda sosial islahatlar ili oldu və bu islahatlar dövründə cənab Prezidentin sosial siyasətinin icrası sahəsində nazirliyin fəaliyyətinin işıqlandırılması, bu siyasətin icrasında olan yenilikləri, müsbət dəyişiklikləri, vətəndaş rifahının yüksəldilməsinə yönəlik atılmış addımları cəmiyyətə çatdırmaqda jurnalistlərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər. Təbii ki, müxtəlif platformalarda, müxtəlif dairələrdə müsahibələr təşkil edildi, çıxışlar oldu və s. Kuryoz hadisəyə gəlincə, deməli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək münasibətləri observatoroyası yaradıldı. Observatoriyanın məqsədləri açıqlandı. Jurnalistlərimizdən biri observatoriyanı konservatoriya kimi başa düşüb və işin əslinə varmadan, hansı qurumun, hansı işlə məşğul olması barədə təfsilatlı məlumatı olmadan mənə sorğu ünvanladı ki, "bu konservatoriyanın fəaliyyətinə tanınmış bəstəkarlar cəlb ediləcək yoxsa yox?". Əvvəlcə sualı yarızarafat başa düşdüm və yarızarafat da cavab verdim Dedim bəli, əlbəttə. Nəinki bəstəkarlar, hətta palatka toylarında oxuyan tanınmış müğənniləri də cəlb eləmək fikrindəyik.
Məndən zarafat etdiyimiz soruşdu. Dedim, xeyr, zarafatı siz etmisizjurnalistikaya gəlməyinizlə”.Sonradan sualı ünvanlayanın jurnalist olmağa namizəd biri olduğu aydınlaşdı. Ümid edirəm ki, zamam keçdikcə, onların peşəkarlıq səviyyəsi artacaq”.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev üçün 2019-cu il mətbuatla əməkdaşlıq baxımından səmərəli olub:

 

"Daha sıx əməkdaşlıq yaranıb. İl ərzində mətbuatla birgə iki böyük tədbirimiz olub. Bunlardan biri Parlament Jurnalistləri Birliyinin iştirakı ilə müxtəlif media orqanlarının parlamentdə təmsil olunan müxbirlərinin, redaktorlarının "BakuBus” MMC-yə mediaturu idi. Eyni zamanda, Mətbuat Şurası ilə birgə həyata keçirdiyimiz tədbiri qeyd etmək istəyirəm. Ümumilikdə il ərzində jurnalistlərdən gələn çoxsaylı suallar cavablandırılıb. Ən azından aramızda xoşagəlməz hallar yaşanmayıb. Bəzən hansısa media qurumunda yeni fəaliyyətə başlayan jurnalistlərlə anlaşılmazlıqlar olur ki, o da sahəyə tam bələd olmama səbəbindən baş verir. Onu da yenə də qarşılıqlı anlaşma şəraitində maksimum dərəcədə cavablandırmağa, məsələni izah etməyə çalışmışam”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, il ərzində bəzən jurnalistlər nazirliyə aidiyyatı olmayan məsələlərlə bağlı müraciət edib:

 

"Belə olanda biz də onlara izah edirik ki, sualın cavabı hansı dövlət qurumundadır və o da razılaşır. Ümumiyyətlə mətbuat nümayəndələri daxili işlər orqanlarının cinayətkarlığa qarşı həyata keçirdiyi tədbirləri işıqlandırmaqda maraqlıdırlar və bu istiqamətdə də xeyli zəhmət çəkirlər. Buna görə hər birinə sağ ol deyirəm. Biz də şərait yaratmışıq ki, polisin fəaliyyətilə bağlı məlumatlar jurnalistlər üçün əlçatan olsun. Bu məqsədlə bütün sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin səhifələrini açmışıq, daim yenilənən rəsmi saytımız fəaliyyət göstərir. Bu da imkan verir ki, jurnalistlər polislə bağlı məlumatları vaxtında, operativ əldə etsinlər. Fürsətdən istifadə edib mətbuat nümayəndələrini, jurnalistləri qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq. Biz də Daxili İşlər Nazirliyinin mətbuat xidməti olaraq söz veririk ki, 2020-ci ildə fəaliyyətimizi daha səmərəli quracağıq, əlaqələrimizi daha da genişləndirəcəyik”. 

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bitmək üzrə olan ili özü üçün əlamətdar sayır:

 

"2019-cu il mənim üçün çox əlamətdar il oldu. Jurnalistlər deyəndə ki, söhbət mənim həmkarlarımdan gedir və onlara münasibətim heç vaxt dəyişməyəcək. 3 ilə yaxındır ailəsinin üzvü olduğum NRYTN-nin mətbuat katibi kimi məsuliyyətli işi nazirliyin rəhbərliyi mənə həvalə edib. Bir onu bilirəm ki, təkcə elə o təyinat zamanı mənə zəng edən həmkarlarım hamısı "Günel bizdən birinin belə bir böyük qurumda olması əla oldu"-dedilər. Yaxşı ki,varımsız! Hamınızdan bizi, bir-birimizi qorumağı rica edirəm. Hansısa maraqlar uğruna həmkarlarımın heç bir halda bir-birini incitməsini istəmirəm”.

 

 

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova ümumilikdə 2019-cu ili jurnalistlərlə münasibətdə kifayət qədər məhsuldar il kimi dəyərləndirib:

 

"Bu il yeniliklərimiz çox oldu və jurnalistlər də informasiyanın ictimaiyyətə çatdırılmasında dəstəklərini əsirgəmədilər. Təbii ki, kuryoz hadisələrsiz keçinmədik. Ən yadımda qalan maraqlı iki hadisəni danışacam. Deməli, bu günlərdə jurnalist sorğusuna əsasən 2018-2019-cu illərin müqayisəsilə bağlı yekun məlumat göndərdim. Jurnalistimizin adını çəkməyəcəm, amma onu deyim ki, yeni başlayan dostlarımızdandır. Mən böyük həvəslə oturub həmin məlumatın saytda çıxmasını gözləyirdim. Səhəri gün açıb oxuyuram ki, 2018-ci ildə görülən işləri 2019-cu il hadisələri kimi verib. Yəni yekun olaraq, belə görünür ki, 2 il ərzində heç nə dəyişməyib. Zəng edib soruşuram ki, axı mən sizə iki müqayisəli illə bağlı məlumat göndərmişəm, nə üçün köhnə məlumatı yeni kimi veribsiz? Mənə deyir ki, "Nuridə xanım, yer çatmadı, material çox böyük idi deyə, düşündüm ki, 2018-ci ili 2019 edib verə bilərəm”. Mən həmin məlumatın  yenilənməsi üçün dekabrın 30-da müqayisəli məlumat yaymağı düşünürəm.

İkinci kuryoz hadisə də elə yeni fəaliyyətə başlayan jurnalistlə bağlı yaşanıb. Belə ki, nəqliyyat sahəsi yeni jurnalistə həvalə olunub. Əlaqə nömrəmi veriblər, o da mənə zəng edib: "Bilirsiniz xanım, mən bu sahədə yeniyəm. Mənə dəstək olacağınızdan əminəm”. Dedim əlbəttə, maksimum çalışacağam ki, əlimdən gələni əsirgəməyim. Nə isə e-mail adresini verdi ki, məlumatlar olduqca ona da göndərim. Bildirdim ki, telefon nömrələrim budur, əlavə nömrəm də yoxdur. 24 saat ərzində istədiyiniz vaxt zəng edə bilərsiniz. Danışdı-danışdı, "necə mehribansınız, necə xoşrəfatrsınız, mətbuat xidmətinə belələri lazımdır” və s. deyib təşəkkür etdi. Axırda da qayıtdı ki, "sizdən əvvəl biri var idi Nuridə Allahyarova, heç kəs ona düşə bilmirdi”. O "heç kəs”in kim olduğunu aydınlaşdıra bilməsəm də, həmin adamın məni bir saat tərifləyəndən sonra tanımadığı ortaya çıxdı. Yəni mənim mən olduğumu bilmədən pisləməyə başladı. Sonda Nuridə olduğumu demək istəmədim. Çünki 24 saat telefonları açıq olan biri kimi maksimum dərəcədə çalışıram ki, jurnalistlərin suallarını cavabsız qoymayım. Özüm də bu sahədən çıxdığım üçün bir jurnalistə sualına cavab almasının nə qədər vacib olduğunu bilirəm. Jurnalistin işinə nə qədər loyal, hörmətlə, öz işimiz bilib yanaşsaq, o qədər də bizim işimiz yaxşı olacaq. Düşünürəm ki, əslində bütün mətbuat xidmətləri qurumlarının jurnalistləridir”.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynovun fikrincə, jurnalistlər olmasa, dövlət qurumlarının gördüyü işlər o qədər də nəzərə çarpmaz:

 

"Biz öhdəmizə düşənləri edirik. Amma bütün bunların geniş ictimaiyyətə çatdırılmasında mediada çalışan həmkarlarımızın böyük rolu var. 2019-cu ildə jurnalistlərlə çox sıx əməkdaşlıq etmişik. 25 illik jurnalist təcrübəmə əsaslanaraq deyirəm ki, bir qurumun jurnalistlərlə əməkdaşlıq etməli olduğunu öz timsalımda təsəvvür edirəm. İstər saytlar, istər agentliklər, istər telekanallarla işin koordinasiyalı şəkildə qurulması çox vacibdir və sevinirik ki, buna nail olmuşuq. Jurnalistlərin hər zaman bizdən istəyi operativlik, çeviklik, dəqiqlik olub. Bizim də həmkarlarımızdan istəyimiz odur ki, hər sahə üzrə ixtisaslaşmış jurnalistlərlər müraciət etsinlər. Sırf kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış jurnalistlərimiz çox azdır. Hətta sosial sahədə çalışan jurnalistlərimizin kənd təsərrüfatı sahəsindəki bilikləri bizi qane etmir. Bu hər kəsə aid deyil. Mən arzu edərdim ki, media qurumlarının rəhbərləri bu barədə düşünsünlər. Sırf iqtisadiyyat, sosial, bank, kənd təsərrüfatı üzrə ixtisaslaşmış jurnalistlər olanda bizim üçün də asan olur. Ən azından özünü qarşındakı ilə tərəf müqabili hesab edirsən. Ümid edirəm ki, gələcəkdə bu da olacaq.

Kuryoz hadisəyə gəlincə, sırf jurnalistlərlə bağlı olmasa da, birini danışmaq istəyərdim. Bu yaxınlarda Qubaya gedirdik. Yolda bizdən qarşıda yüngülvari qəza olmuşdu. Avtomatik olaraq, yolda hərəkət dayanmışdı. Düşdük baxaq, görək ki, nə baş verib. Bu vaxt orada toplaşanlardan biri mənə yaxınlaşdı ki, "siz Kənd Təsərrüfatı Nazirliyində işləyirsiz? Dedim bəli. Qayıtdı ki, "Elə mən sizi axtarırdım, subsidiyanı necə verəcəksiz?” İzah edə-edə bir nəfər də torpaq sənədlərini  göstərib yaxınlaşdı ki, "qeydiyyatdan keçirmək istəyirəm”. Buna da izah verdim. Bu minvalla 7-8 nəfər yaxınlaşıb problemini həll etdi. İnanın tıxac aradan qalxdı, maşınlar yoluna davam etdi, amma biz hələ ordaydıq. Sanki səyyar qəbul keçirirdik. Məni tələsdirdilər ki, tədbirə gecikirik. Mən də cavab verdim ki, onsuz da tədbirə fermerlər üçün gedirik. Elə problemi yerindəcə həll etmək lazımdır. Xeyli fermerə telefon nömrəsi verdim, əlaqələndirdim. Baxdım ki, 1 saat vaxt keçib. "Hər şərdə bir xeyir var” deyib yolumuza davam etdik”.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib ki, bu vəzifədə qısa müddətdir çalışmasına baxmayaraq, jurnalistlərlə çox yaxşı münasibəti var:

 

"Hesab edirəm ki, bu gün mediada jurnalistlərin böyük əksəriyyəti ədalətli, vicdanlı və peşəkardırlar. Mən hesab edirəm ki, onlar mənim həmkarlarımdır və onlarla işləməkdən zövq alıram. Çalışdığım müddətdə başıma qeyri-adi hadisə gəlməyib. Ümid edirəm ki, 2020-ci ildə də yaxşı münasibətlərimizi qoruyub saxlayarıq”.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova qeyd edib ki, 1 il ərzində jurnalistlərlə kifayət qədər səmimi və qarşılıqlı hörmət çərçivəsində münasibəti olub:

 

"Bacardığım qədər heç bir müraciəti cavabsız qoymamışam. Fürsətdən istifadə edib Bakı Beynəlxalq Avtovağzal Kompleksində gördüyümüz işlərin işıqlandırılmasında dəstək olan, əməyi və əziyyəti keçən bütün media nümayəndələrinə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, qarşıdan gələn 2020-ci ildə də eyni münasibəti qoruyub saxlamağa müvəffəq olacağıq. Hər hansı kuryoz hadisəni bu dəqiqə xatırlamıram. Amma ən çox gecə reysləri açıldıqdan sonra hər hansı sorğu ilə bağlı gec saatlarda zəng edərək, "Bağışlayın Pərvin xanım, işdə deyilsiz deyəsən?" deyən dostlarımız çox olur. Hətta sərnişinlərdən maraqlı müraciətlər daxil olur. Sonda bütün həmkarlarıma, media nümayəndələrinə məhsuldar və uğurlu il arzulayıram”.

 

SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov geridə qoyduğumuz bu ildə Azərbaycanın kütləvi informasiya vasitələrinin işində ciddi irəliləyiş, hətta dönüş müşahidə etdiyini vurğulayıb:

 

"Məlumat əldə etmək istəyən jurnalistlərdən daha səmimi və xoş münasibət gördüm, digər tərəfdən media məzmunları da dəyişdi. İctimaiyyəti narahat edən məsələlərin müzakirəsinə daha çox vaxt və diqqət ayrılır, konstruktiv tənqid və problemlərin həlli üçün daha effektli şərait yaradılır. Jurnalistlər üçün təşkil etdiyimiz mediaturlar, müxtəlif tədbirlər olduqca xoş əhval-ruhiyyədə keçib, cəmiyyətin məlumatlandırılması baxımından effektli olub. Jurnalistlərlə bizim hədəfimiz birdir - xalqı maraqlandıran məlumatları düzgün, vicdanlı və mümkün qədər effektli şəkildə çatdırmaq. Gələn il üçün arzum da budur ki, biz hamımız məhz bu təfəkkürü şüurumuza həkk edək və əlimizdə olan bütün vasitələrlə buna çalışaq ki, hansı qurumda işlədiyimizdən asılı olmayaraq, xidmətimiz məhz xalq üçün olsun, əziz xalqımızın və dövlətimizin mənafeyi uğrunda davam etsin”.

 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov geridə qoyduğumuz ili "gözəl il” deyə xarakterizə edib:

 

"Səmimiyyətimiz və bir-birimizə inandığımız, möhkəm işgüzar tellərlə bağlandığımız bir il oldu. Yalnız müsbət emosiyalar, açığı,mənə münasibət bir az da ilhamım, güvənim oldu. Modern.az-ın mətbuat katiblərilə bağlı keçirdiyi sorğuda oxuduğum sözlər mənə bir az da stimul verdi. Bu, bir az da məsuliyyətə çağırış oldu. Metropolitenin özünəməxsusluğu, strateji obyekt olması içində, münasibətlərdə bərabər və anlayışlı davranışa görə sonsuz təşəkkürlərdən başqa bir şey demək olmur. Həqiqətən də bəzi məsələlərdə gözləməyi də bacarıqlarına görə ayrıca minnətdaram. Elə siz özünüz də bu mənada çox səbr nümayiş etdirmisiniz. Hər kəs bunun yalnız işlə bağlı olduğunu bilir və hörmətlə yanaşır. Qəzet, agentlik, sayt və digər media qurumlarından olan həmkarlarımızla yanaşı, hətta telekanallardan, radiolardan dostlar belə, bir çox məsələlərdə sanki metropoliten əməkdaşı kimi davranaraq bir çox məsələlərdə həmrəylik nümayiş etdiriblər. Qalanı üçün bir az fikirləşim. Kuryoz hadisə olmayıb, deyəsən. Məsələn,ilk qadın maşinistlə bağlı hamı həmbirgəliklə gözləyir, inad etmir. Çünki hər birimiz üçün onun uğurlu maşinist olması çox vacibdir. Sanki hamılıqla bunu istəyirik. Belə olan yerdə, hamımızın bir hədəf, bir məqsəd üçün birlik göstərdiyimizə görə niyə də həmkarlarıma təşəkkür etməyim. Mənim üçün bu məqamlar vacibdir. Elə bilirəm ki, bir kollektiv kimi çalışırıq, hamınız həm qələm,həm də metropolitençi həmkarımsınız”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov da həmkarlarının fikirlərinə qoşularaq, jurnalistlərin peşəkarlıq səviyyəsinin artdığını vurğulayıb:

 

"Əksəriyyət kolleqaların işində irəliləyiş hiss olunur. Nümunə üçün jurnalistlər bu gün araşdırmalar, sorğular keçirir, bütün tərəflərin rəylərini öyrənirlər. Bunlardan, Ramina Eyvazqızı (AYNA), Səid Qərib, Əsmər (APA), Seymur Kazımov (red line), Nərminə Manafova, Afət Telmanqızı, Balifa Baxşıyeva (vzglad.az), Aytən Zəhra Bağırzadə , Nataliya Quliyeva, Orxan Kərimov (Salamnews), Amin Nəzərli, Nigar Məhərrəmova (Sputnik), Aysel İsqəndərova (Big.az) və Modern.az-dan sizi qeyd etmək istəyirəm. Ümumiyyətlə, bu il peşəkar jurnalistlərin sayı çoxalıb. AzTv, Azərbaycan Radiosu, ASAN radio, Yeni Müsavat, Real TV, Kaspiy qəzeti (xüsusilə rus dilində), İcitmai TV, report.az, femida.az, və diqərləri çox aktiv işləyiblər bizim təşkilatla.

Ancaq çox təəssüf olsun ki, bəzi yazarlar jurnalistlərin etik davranış qaydalarını pozur. Zorakılığa məruz qalan şəxslərin üzlərini, adlarını, ünvanlarını və ümumiyyətlə şəxsi məlumatları açıqlayırlar. Bu, yolverilməzdi. Ümid edirəm, bu məsələlərdə qanunvericilkdə edilən dəyişiklərdən sonra mətbuat nümayəndələri işlərinə məsuliyyətlə yanaşacaqlar.

Bir məsələni də qeyd edim ki, jurnalistlər hansısa məsələ ilə bağlı müraciət edəndə ünvanladıqları suala həmin saniyə cavab almaq istəyirlər. Ancaq hansısa məsələ ilə bağlı biz müraciət edəndə, jurnalistlər məsələni həmin gün həll etmir. Jurnalistlərin başa düşürük ki, baş redaktorlar tələsdirir. Ancaq yenə də qanunda sorğular üçün verilən müddət var, bunları nəzərə almaq lazımdır.

Ən vacibi isə yeni ildə bizim jurnalistlərin beynəlxalq səviyyədə öz sözlərini deməsini arzulayıram. Bizim jurnalistləri digər ölkələrdə də tanımalıdırlar. Ona görə də jurnalistlərin xarici dil bacarıqları artırılmalıdı.

Sonda qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı təbriklərimizi çatdırıram”.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib ki, son illərdə Komitə tərəfindən gömrük-media münasibətlərinə xüsusi diqqət yetirilir:

 

"Məqsəd gömrük işinin təşkili istiqamətində görülən işlərin ictimaiyyətə düzgün və vaxtında çatdırılmasını, eyni zamanda medianın gömrük sahəsindəki fəaliyyətinə lazımi dəstəyin göstərilməsini təmin etməkdir. Bu baxımdan 2019-cu ili uğurlu saymaq olar. Belə ki, il ərazində kütləvi informasiya vasitələri və jurnalistlər tərəfindən daxil olan sorğuların tamamı qanunvericiliyə uyğun şəkildə cavablandırılıb. Gömrük sahəsində tətbiq olunan yeniliklər və ya layihələrlə bağlı müsahibələr, mətbuat üçün vacib olan açıqlamalar təmin edilib. Gömrük-media münasibətlərinin daha da səmərəli və peşəkar səviyyədə qurulması məqsədilə bizim üçün vacib olan amillərdən biri də media nümayəndələrinin gömrük işi ilə bağlı daha çox məlumatlandırılması, bu sahədə biliklərin artırılması idi. Bunun üçün gömrük işinin müxtəlif sahələrinə aid təqdimatların yer aldırğı xüsusi təlimlər təşkil olundu. Təlimlər çərçivəsində jurnalistlər üçün gömrük postlarına, aidiyyəti gömrük idarələrinə səfərlər təşkil edildi ki, bu tədbirlərin gedişində jurnalistlər gömrük rəsmiləşdirilməsi, sərhədkeçmə proseslərini, gömrük sahəsindəki yenilikləri əyani şəkildə müşahidə edə bildilər. Nəticədə artıq gömrük sahəsinə aid daha peşəkar, düzgün xəbər və reportajlar hazırlanaraq yayımlanır. Ümumilikdə deyə bilərəm ki, qarşılıqlı etimad və etibar prinsipləri əsasında qurulan əməkdaşlıq hazırda bizi qane edir. Belə ki, mediamız gömrük işinin təbliği sahəsində bizə mühüm dəstək göstərir. Bu münasibətlə bütün media qurumlarına və jurnalistlərə öz təşəkkürümüzü bildiririk”.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 2019-cu il mətbuatla iş baxımından normal keçib:

 

"Düzdür işlə bağlı jurnalistlərlə yaşanan xoşagələn və xoşagəlməz hadisələr çox oldu. Amma iş əsnasında belə şeylərin olması normaldır. Həm də işimiz o qədər çox olur ki, baş verən xoşagəlməz halları tez unuduruq. Bütün jurnalistlər dostlarımızdır, xətirlərini çox istəyirik və hər birinə bu yeni ildə uğurlar arzu edirik! Təbii ki, başda siz olmaqla, sizin təmsil etdiyiniz qurum olmaqla yeni ildə yeni-yeni nailiyyətlər, hər kəsə özünə arzu etdiyi zirvəyə qədər ucalmağı arzu edirəm!”

 

Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov ölkəmizdə fəaliyyət göstərən əksər media qurumları mədəni irsimizin, incəsənətimizin təbliğinə həssas münasibət göstərdiyini dilə gətirib:

 

"Bu mənada Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrin operativ və peşəkarlıqla ictimaiyyətə çatdırılmasında mətbuatın işini yüksək qiymətləndiririk. Məlum olduğu kimi, yola saldığımız 2019-cu il Azərbaycanın bir sıra qlobal əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə də yadda qaldı. May ayında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, iyun-iyul aylarında UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası uğurla gerçəkləşdi. Media orqanlarımız bu cür nüfuzlu tədbirlərin də davamlı və professionallıqla işıqlandırılmasında fəallıq göstərdi. Ümid edirik ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında, bir sözlə, dövlətimizin mədəniyyət siyasətinin reallaşmasında kütləvi informasiya vasitələri bundan sonra da öz imkanlarını və dəstəyini əsirgəməyəcək. Mədəniyyət Nazirliyi olaraq media ilə səmərəli əməkdaşlığımızın davam edəcəyinə inanırıq”.

 

 

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev qeyd edib ki, həmişəki kimi 2019-cu il də media ilə əlaqələr baxımından uğurlu olub:

 

"Fəaliyyətimizin ASAN şəkildə işıqlandırılmasında, yeniliklərimizlə bağlı məlumatlandırma işində media nümayəndələrinin xüsusi zəhməti, rolu oldu. Onların hər birinə təşəkkür edirik. Həm paytaxtda, həm bölgələrimizdə, həm də bir sıra ölkələrdə tədbirlərimiz gerçəkləşir. Media nümayəndələri hər bir yeniliyimizə operativ reaksiya nümayiş etdirir. Biz də çalışırıq ki, onların suallarını ASAN şəkildə və hər zaman operativ cavablandıraq”. 

 

 

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova mətbuat katibləri sırasına yeni qoşulanlardandır:

 

"Mənim mətbuat katibi kimi fəaliyyət dövrüm 4 aya yaxındır davam edir. Qısa zamanı əhatə etməsinə baxmayaraq, jurnalist həmkarlarımdan çox böyük dəstək gördüm. Buna görə onların hər birinə təşəkkür edirəm. 13 illik televiziya fəaliyyətimdən sonra bir çox dostlar qazandım, tanımadıqlarımla tanış oldum, illərlə qazanılmış xoş münasibətlərdən təmsil etdiyim qurumun fəaliyyəti üçün yaxşı mənada dəstək aldım. Ad çəkib, kimlərisə unudub incitmək istəmirəm. Həm televiziylardan, həm informasiya agentliklərindən, həm saytlardan dəstək, təmənnasız münasibət gördüm. Öz işini peşəkarcasına yerinə yetirən, kommersiya maraqları güdməyən media nümayəndələrimizlə tanışlığa çox şad oldum. Mənim üçün ən böyük üstünlüklərdən biri jurnalistikaya yad biri olmadığımdır. Bu mənada Bakı Dövlət Universitetinin mənə verdiyi təhsil müstəsna rola malikdir. İndinin özündə hansısa çətinliyim olanda Cahangir müəllimdən dəstək alıram.

 

Qısa müddət olsa da, bir mətbuat katibi kimi 122 jurnalistlə şəxsən görüşmüşəm, tanımışam, iş prinsiplərimi onlara bildirmişəm. Onlara da bildirmişəm ki, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, qapım hər bir jurnalistin üzünə açıqdır. Yadda qalan hadisəyə gəlincə, ürəyim çox doludur. Mətbuat katibi kimi işin içinə daxil olanda Azərbaycan jurnalistikasında vəziyyətin o qədər də ürəkaçan olmadığını gördüm. Bunu təəssüf hissilə qeyd edirəm. Bu sahədə professionallarla yanaşı, çox sayda qeyri-peşəkarlar da var. Mətbuat katiblərinə gün ərzində onlarla sorğular daxil olur. Biz də bu sorğuların hamısını cavablandırmaq vəzifəmizdir. Ancaq bəzən jurnalistlər unudurlar ki, qanunvericiliklə informasiya sorğusunu cavablandırmaqdan imtina hüququmuz da var. Biz cavab verməyi məqbul hesab etmədiyimiz məqamlarda imtina hüququmuzdan istifadə edə bilərik. Bəziləri bizim vəzifəmizi bilsələr də, hüquqlarımızdan xəbərsizdirlər. Ən azından 24 saat müddətində bizdən cavab gözləməlidirlər. Bu məqamlarda ad çəkməsəm də bəzi jurnalistlər məni təkəbbürlü olmaqda, özündən razılıqda ittiham etdilər.

 

Mənim çalışdığım odur ki, jurnalistlər dəqiqliyi operativliyə qurban verməsinlər. Necə ki, mən özümü onların yerinə qoyuram, onlar da məni düşünməlidirlər. Mənim belə narazılığım Baku.WS-dən Ziya bəylə olmuşdu, amma sonradan aramızdakı anlaşılmazlıq tam aradan qalxdı. Bir də xüsusi qeyd etmək istəyirəm ki, 4 ay ərzində dar macalda ATV-dən Anar Şükürov, Fed.az saytından Əli müəllimdən böyük dəstək görmüşəm. Onlara, ümumilikdə bütün həmkarlarıma, həmçinin həmyerlilərimə dərin təşəkkür edirəm dəstək üçün”.

 

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov qeyd edib ki, yola salmağa hazırlaşdığımız 2019-cu il fəaliyyətində uğurlu illərdən olub:

 

"Köhnə jurnalist dostlarımından bəzilərinin jurnalist qalaraq yeni təşkilatlarda uğurlu debütləri, bəzilərinin unudulmaz yazıları-müsahibələri, bəzilərinin ənənəyə sadiq qalaraq tədbirlərimizin ictimiləşdirilməsinə peşəkar yanaşmaları və s. Düşünürəm bu sualı mediya əhlinə ünvanlasaz daha maraqlı cavablar alacaqsız. Çünki, mən heç vaxt heç bir jurnalistlə münasibətlərdə soyuqluq yaranmasına yol verməmişəm və bundan sonra da prinsiplərimə sadiq qalacam. Hər bir qələm əhlinə peşəkarlığından asılı olaraq yazılarına və şəxsiyyətlərinə hörmətim izzətim var. Münasibət soyutmaq çox asan işdi. Mən isə asan işləri sevmirəm. Əməkdaşlığı qorumaq, tələbatlı jurnalistlərin informasiya alma iştahını yaxşı mənada təmin etmək mənim ümdə vəzifəmdir. Hüquq mühafizə orqanının sözçüsü kimi bəzən operativliyin tam təminatını obyektiv səbəblərə görə həyata keçirə bilməsəm də, çalışıram üzərimə düşən işin öhdəsindən heç olmasa 100%  gələ bilim. Amma, ən əsası odur ki, təki media əhli məndən razı qalsın. Əsas onların razı qalmasıdır. Mənə o seçim və qiymətləndirmə göstərici verilməyib axı. Mən sadəcə xidmət göstərirəm. Telefonum hər zaman açıq, mailim məlum, votsapım on-line, facebookum dinamik, mesencerim aktiv, özüm də şükür pozitiv, sağ və salamatam. Odur ki, hər zaman buyurun. Təki, dövlətçiliyimiz, millətimiz üçün zərrə qədər də xeyir vermiş olaq”.

 скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ