SON DƏQİQƏ

Kredit verənin hekayəsi: "Deyirlər "bu faizlər adamları soyur", amma biz də öz işimizi görürük"

Tarix:10-02-2019, 01:09

Bütün ömrünü Bakıda keçirsə də, o, həftənin beş gününü rayonlarda keçirir. Kənddən kəndə, şəhərdən rayon mərkəzinə, imkanlı fermer təsərrüfatından işsiz kasıbın daxmasınadək gəzib. Bank olmayan kredit təşkilatının işçisinin hekayəsi.

...Bizimki kimi, bank olmayan kredit təşkilatları çoxdur. Hətta devalvasiyadan sonra özünü müflis elan etmiş bəzi banklar da lisenziyaların ləğvindən sonra kreditlərin verilməsi ilə məşğul oldular. Bizim banklardan fərqimiz odur ki, biz depozit almırıq, heç bir əməliyyat və köçürmə edə bilmirik, yalnız kreditlərin verilməsi ilə məşğuluq. Bizim təşkilat bazarda uzun müddət fəaliyyət göstərir, mən isə burada artıq beş ildir ki, işləyirəm. Biz təsərrüfat kreditləri üzrə ixtisaslaşmışıq, buna görə də əsasən regionlarda işləyirik, rayon mərkəzlərin çoxunda filiallarımız var. Verilən kreditlər isə istehlak kreditləri hesab olunur.

Biznes krediti üçün kredit götürənin qeydə alınmış sahibkarlıq fəaliyyəti, yəni, VÖEN-i olmalıdır. Əks təqdirdə Vergilər nazirliyi ilə uyğunsuzluq yaranır.

Amma nə VÖEN, kişinin oğlu bazarda bir masa tutub orada kartof-soğanını satır. Kreditlər təsərrüfat miqyasının genişləndirilməsi (məsələn, toxum, yem və ya mal-qaranın sayının artırılması üçün) və ya ev tələbatına uyğun olaraq verilir.

Kreditlər nəğd şəkildə verilir, 500-1000 manatdan başlayır.

"Devalvasiyadan əvvəlki illər ən yaxşı illərimiz idi"

...Devalvasiyadan əvvəlki illər ən yaxşı illərimiz idi. Hər il üçün aybaay plan təyin olunur, yəni filiallar hər ay üçün ümumilikdə hansı məbləğdə kredit verməlidirlər. Məsələn, filan rayonda biznes mühiti yaxşıdır, bura üçün ayına 200 min manat kredit planlaşdırılsın, bu rayon isə zəifdir, burada 100-150 min manat güclə verərlər.

Əslində, biz faiz baxımından banklara uduzuruq. Bankların imkanları daha genişdir, daha iri məbləğlərdə işləyə bilirlər, illik faizi 22-24% çatdıra bilirlər. Bizim kimi təşkilatlar üçün bu faiz ölüm deməkdir; bizim illik faizimiz 36% təşkil edir.

Kredit vermək üçün qonşularla da söhbət edilir

Kredit almaq da elə asan iş deyil. Məsələn, müştəri kredit üçün ofisə gəlir. Əvvəlcə müsahibə edilir, müştərinin məşğuliyyəti, maddi vəziyyəti öyrənilir. Kredit isə dəqiq məqsədyönlü olmalıdır. İşçilər müştərinin evini də ziyarət edir, necə yaşadığını müəyyənləşdirir, hətta qonşuları ilə, müştəri mağaza sahibidirsə, ətrafdakılarla söhbət edirlər.Nəticədə bir neçə santimetr qalınlığında şəxsi iş hazırlanır. Banklar kredit götürən müştəriləri bu qədər detallı yoxlamırlar; səbəbi eynidir, bankların imkanları daha genişdir, onlar riskə getməkdən o qədər çəkinmirlər. Bizdə isə şəxsi işə evin içinin şəkilləri, mal-qaranın şəkilləri və nələr, nələr daxildir.

Əslində ölkədə, qanunvericiliyə uyğun olaraq, cəmi iki növ girov mövcuddur: daşınan və daşınmaz. Daşınan - nəqliyyat vasitələri, daşınmaz - ev, mənzil və s., yəni ki, dövlət qeydiyyatından keçmiş və müvafiq sənədi olan əmlak. Kreditin rəsmiləşdirilməsi zamanı girov götürülən əmlak, borc tam ödənilənədək təşkilatın adına keçirilir. Amma girova nə evin əşyaları, nə şəxsi əşyalar daxil ola bilər. Yəni, kredit təşkilatının işçisinin nə sizin televizorunuzu, nə soyuducunuzu borc hesabına ala bilər. Düzdür, agent evə gələndə, əmlakın siyahısını tutur, amma bu, yalnız sənədləşmə üçün lazımdır. Yəni ki, agent sizə "Bax a, faizi ödəməsən, bunların hamısını əlindən alacağıq!" deyəndə, yalnız psixoloji təsirə ümid edir. Bizdə, məsələn, Rusiyadakı kimi evləri gəzən, evdən əşyalarını çıxardan "pristavlar" yoxdur.

Devalvasiyadan sonra: bir anda kreditin məbləği iki dəfə artdı

...21 fevral 2015-ci il devalvasiyadan sonra vəziyyət tamamilə dəyişdi. Kreditlər həm manatla, həm dollarla verilirdi, həm də ki, dollarla kredit almaq 2% ucuz başa gəlirdi. Yəni, 10-15 il ərzində dollar sabit olanda bu, hətta daha sərfəli idi. Adamlar dollarla kredit alırdılar, rahatlıqla qaytarıb, heç nəyi düşünmədən yenə alırdılar. Amma bir anda kreditin məbləği iki dəfə artdı. İnsanlar affekt vəziyyətinə düşmüşdülər. Bizim kimi kredit təşkilatlarının öz xəzinəsi yoxdur, müqavilə dollarla bağlananda belə, vasitəçi bank həmin məbləği uyğun olan məzənnə ilə manatla verirdi. Təbii ki, bu insanları qəzəbləndirdi:

"Mən pulumu manatla almışam, dollar heç görməmişəm, xeyir ola, borcum çoxaldı?" Əslində, kredit veriləndə, gələcəkdə anlaşılmazlıq yaranmasın deyə, bütün bu məqamlar incədən-incəyə dəqiqləşdirilir. Amma insanlar uzun illər dollar məzənnəsində sabitlik olduğuna görə bu incəliklərə baş qoşmurdular. Düzdür, hərdən səhlənkarlıq da ola bilərdi, axı kredit təşkilatının işçilərinin məvacibi verilən kreditlərdən asılıdır.

...Müşahidələrimə görə, cənub bölgələrində - Cəlilabad, Masallı - insanlar daha işgüzardır; yolu getdikcə görürsən ki, torpağın hər bir parçası becərilir. Eyni sözləri, məsələn, ismayıllılara aid edə bilmərəm: torpaqları gözəldir, amma onu becərən yoxdur, əhali daha çox "obyekt"açmağa meyllidir. Bu, insanların psixologiyasından asılıdır. İmkanları az olan rayonlar Şəki, Qaxdır.

Ödəniş günü yaxınlaşanda...

...Kreditlər üzrə faiz ödənişlərinin öz qrafiki var; ödəniş günü yaxınlaşanda, işçi müştərilərə zəng vurmağa başlayır: "Filankəs, sabah ödənişin vaxtıdır, yaddan çıxarma ha!" Səhəri gün ödənişləri yoxlayır məbləğ yatdımı? Əks halda müştəri borcunu ödəməyənədək zəng edəcək. Ya da ki, hətta evinə gedəcək, "Bax a, səni məhkəməyə verəcəyəm!" deməklə ödəməyi məcbur edəcək. Kredit almış kənd sakini üçün bu məhkəmə təhdidi əsl fəlakət idi; Kənd yeridir axı, hamı bir birini tanıyır, bilsələr ki, evinə borc üçün gəliblər, biabır olarsan. Hətta yalvarırdılar ki, "sən Allah, evə gəlmə!". Bu, devalvasiyadan əvvəl belə idi. Amma yavaş-yavaş bu pərdə də əriməyə başladı: hamı eyni vəziyyətdə idi, "məhkəmə" sözü artıq qorxutmurdu. Bu, kütləvi xarakter daşımağa başladı.

Demək olar ki, Azərbaycan əhalisinin böyük hissəsini kredit borcları boğur. Bu, tək bizim kimi təşkilatlar deyil - həm banklar, lombardlar, faizlə pul verənlər (sələmçilər) də var. İnsanlar işlərini, bizneslərini itirdilər. Ailəni dolandırmaq, yoxsa borc, faiz vermək seçimin qarşısında qalsan, nəyi seçərsən? Təbii ki, ailəni.

Borclar və ümidsizlik

Prosedur üzrə, kredit ödənilməyəndə, iş məhkəməyə verilir. Məhkəmələr belə işlərlə doludur, aşıb-daşır. Hələ işə baxılma da vaxt tələb edir, yəni kredit təşkilatına işi məhkəməyə vermək sərf etmir. Misalçun "vur-öldür, 10 və ya 20 manatdan artıq imkanım yoxdur!" yalvarır cavabdeh. Məhkəmələr sosial gərginliyi artırmamaq üçün cavabdehin hal-hazırda olan pis vəziyyətini nəzərə alaraq qərar çıxardırlar. Bu da cavabdehin aybaay ödəyəcəyi faiz məbləğindən qat-qat azdır. Həmçinin məhkəmələrin qərarına görə, faiz üzrə toplanmış cərimələr də silinir. Təbii ki, bizim təşkilatın bu təqdirdə itkiləri çoxalır, alacağımız məbləği almırıq, buna görə də məhkəməyə müraciəti nə qədər çox uzada bilsək, o qədər yaxşıdır. Bu da riskləri artırır. Buna görə nə cür olsa - təhdidlə, yalvarmaqla, faizlərinin ödənişi təmin olunmalıdır.

Amma adamlar da başa düşdülər: işin məhkəməyə verilməsi onlara daha sərf edir. Deyirdilər: "Pul vermirəm, məhkəmə nə qərar çıxarar, onu da verəcəm". Bu isə illərə uzana bilər. Belə hallar çox olub. Təbii ki, risklər də artır, əvvəlcə 2-3% idisə, sonradan on, iyirmi, otuz dəfəyə artdı.

Ümidsiz qalmış adamlar kredit agentlərinin üstünə bıçaq, balta ilə çıxırdılar, bir neçə dəfə əlbəyaxa da vuruşurdular. Düşünmürdülər ki, bu, sadə işçidir və öz işini görür. Agentlər də təkbaşına gəzmirdilər, axşam saat 11-dək iki-üç nəfər toplaşıb həyətləri gəzməyə gedirdilər. İşçilər də müştərilərin həmkəndliləridir. Və əslində tanıdıqları, bir yerdə duz-çörək kəsdikləri adamların yanına pul almaq üçün gəlirdilər.

Rayonlarda krediti nə üçün götürürlər?

Regionlarda qazanc şəhərdəkindən qat-qat azdır. 500 manat maaşın/gəlirin varsa, yetərincə varlı hesab olunursan. Amma belə qazanc az olur. Orta gəlir - 150-250 manatdır. Həyət-bacadakı becərilən meyvə-tərəvəz, toyuq, inək olmasaydı, bu qazancla dolanmaq mümkün olmazdı.

... Krediti, məsələn, toy üçün də alırlar. Bunun şənliyi, cehizliyi də var. Amma krediti qaytarmaq da lazımdır. Məsələn, adam təsərrüfatla məşğuldur, kartof becərir. Kartofun da yetişmə vaxtı var. Ona görə adam kreditin qaytarılmasını da o vaxta təsadüf edir ki, kartofu yetişsin və satılsın.

Rayonların bir çoxu Rusiya bazarına çıxırdı. Amma Rusiyada da rubl endikdən sonra malları ora aparmaq sərf etmirdi. Ya da ki qiyməti qaldırmalıdır, amma onda malları rəqabətə dözməyəcək. Malın qalıqları çoxalır və onları daha aşağı qiymətlə satırdılar.

İnsanlar "ayağını yorğanına görə uzatmır"- kredit götürənlər haqqında bunu deyə bilərəmmi? Çətin. Əlbəttə ki, hamımız insanıq və təbii ki, müxtəlif istəklərimiz ola bilər. Elə olub, krediti bahalı telefon almaq üçün də götürüblər. Olur ki, təyinatı üzrə sərf etməyiblər. Olur ki, məişət əşyaları və texnikanı almaq üçün kredit alırlar. Və ya maşın alınır - bu isə əsl zəruriyyətdir: maşının varsa, mallarını daşıya bilirsən və ya sərnişin götürə bilərsən, yəni, qazanc əldə etmək üçün alınır.

"Kənddə hamı mənə gülür ki, banka faiz heç qaytararlar?"

... Müştəri banka gəldi ki, faizini ödəsin. Müfəttiş ona "Ay, sən nə yaxşı müştərisən, vaxtında ödənişini eləyirsən!" deyir. "Əşşi, - müştəri qayıdır, - kənddə hamı mənə gülür ki, banka heç faiz qaytararlar?" Olur, sakinlər kənd çayxanasında oturub müzakirə edir və hamı birlikdə qərar verir: "Gəlin faizləri ödəməyək, bizə nə edərlər? Vurub öldürməyəcəklər ki." Kredit müfəttişi məcbur olub deyir: "Axı bu nə sənin, nə mənim pulumdur, bu, dövlətin puludur, ödəməlisən!" Dövləti isə aldatmaq çox baha başa gələ bilər.

Sərhəd rayonlarındə kredit almaq

Bir-iki il bundan əvvəl sərhəd rayonlara da getmişəm. İş yox, hərdən alınan sosial təminatla dolanırlar, onu da almaq zülmdür, amma yenə də ümid edirlər. Ya da ki bir az daha imkanlı fermerlərin bağlarında işləyirlər. Kimsə mağaza saxlayır, o da imkanlı hesab olunur, kiminsə istixanası var. Amma həyətində cəmi üç inəyin varsa buna "təsərrüfatın genişləndirilməsi" adıyla kredit ala bilməzsən. Əlbəttə ki, təcrübəsiz bir kəsi aldatmaq olar, amma gələn agentlər dərhal bilir: üç inəkdən sağdığı südlə yalnız uşaqlarına süzmə edib verə bilər, satdıq mal deyil. Oradakı müfəttişlər sakinlərin gəlirini fərqli baxışdan təyin edir, məsələn, "tövləsinə neçə ədəd mal-qara yerləşər" kimi mülahizələr də yürüdürlər.

...Bərdədən sərhəd istiqamətində olan kəndlərin birinə gəlmişdim. Müştəri dedi ki, borcu ödəyəcək, amma ödəməsi gecikəcək. Soruşdum ki, nə baş verib? Dedi: "Müəllim, vallah, pulu hazırlamışdım, amma gecə sərhəddə atışma oldu, məcbur oldum maşınıma 15 manatlıq benzin vurum ki, uşaqları o biri kəndə aparım..."

Nənələrin nəvələri üçün ödədiyi kreditlər

Amma - bu, bütün rayonlarda belədir - gəlir mənbəyindən asılı olmayaraq, hamı krediti pensiyasının hesabına ödəyir. Hamının valideynləri, nənə-babaları var. Çünki bütün digər qazanc ailəni dolandırmağa gedir.

Olur ki, nənənin belə kredit toruna düşmüş bir neçə nəvə-balası var, o da hərəsinə bir on manat verməklə vəziyyətdən çıxır.

Təsəvvür edin ki, dövlət bir-iki ay pensiya ödəməsin, nəinki təqaüdçülər çıxılmaz vəziyyətə qalacaq, bütün maliyyə bazarı müflis olacaq.

Kredit və təhsil

... Bir dəfə iyirmi yaşında bir oğlanla danışırdım. Söhbət etdim, sənədləri uzatdım ki, imzalasın. Gördüm, imza atmağa çətinlik çəkir, soruşdum: "Yazı yaza bilmirsən ki?"

Dedi: "Müəllim, atam məktəb direktoru işləyir, mənə icazə verirdi ki, məktəb getməyim, onsuz da beynimə girmir...".

Olurdu ki, kredit almaq üçün gənc xanımlar gəlirdi, təbii ki, bütün ailəsi ilə, elələri var idi ki, ümumiyyətlə savadları yox idi. Sadəcə bütün ailə üzvlərinin adına artıq kredit var deyə, xanımın üstünə isə hələ bu "ləkə"düşməyib deyə onu gətirirdilər.

Amma qeyd etməliyəm ki, regionlarda xanımlara işlə bağlı məhdudiyyət qoyulmur. Əlbəttə ki, işləyən kişilər daha çoxdur, amma qadın da az deyil: kimsə gözəllik salonu saxlayır, kimsə mağaza, evdə tikir, şirniyyat bişirir.

Bəzən deyirlər ki, "bu faizlər adamları soyur". Amma biz də öz işimizi görürük. Digərləri mal, xidmət təqdim edəndə, biz pul təqdim edirik. Bizim qazancımız da faizlərdən toplanır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ