SON DƏQİQƏ

Gözəl Bayramlı ilə Əfqan Muxtarlının istintaqı bitib

Tarix:1-11-2017, 20:50

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə istintaq başa çatıb.

İstintaq qurumu bu barədə onların vəkillərini bilgiləndirib.

Bunu AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov deyib.

Vəkilin bildirdiyinə görə, bundan sonrakı mərhələdə onlar cinayət işinin materialları ilə tanış olacaqlar. Ardınca cinayət işləri məhkəməyə göndəriləcək.

Ə.Muxtarlının işinə Balakən, G.Bayramlının işinə isə Qazax Rayon Məhkəməsində baxılmalıdır.

Vəkillərin bildirdiyinə görə, Əfqan Muxtarlının cinayət işi Meydan TV-nin cinayət işindən ayrılıb.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb.

Oturun izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı isə mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

İstintaq Ə.Muxtarlı barəsindəki cinayət işinin «Meydan TV»nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirilmişdir.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ