SON DƏQİQƏ

Konstitusiya Məhkəməsi devalvasiyadan öncə xarici valyutada götürülmüş kreditlərlə bağlı rəyini hazırlayır

Tarix:28-08-2018, 10:17

Konstitusiya Məhkəməsinin devalvasiyadan öncə banklardan xarici valyutada götürülmüş kreditlərə dair müqavilələrin potensial olaraq "dəyişdirilməsi və ya ləğv edilməsi"nə dair qərarı gözlənir.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov BBC News Azərbaycancaya deyib ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxıb, plenium iclası keçirilib və hazırda məhkəmə müşavirəyə gedib:

"Artıq qərar müzakirə edilir və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq", Tural Aslanov deyib.

O əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsi xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib.

Bu maddədə «Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi»ndən bəhs olunur, bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, həmin maddədə deyilir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.

"Bu maddəyə əsasən artıq 3 ildir ki, deyirik: manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməyib", Əkrəm Həsənov deyir.

2015-ci ilin fevralında manatın devalvasiyasından sonra banklarla xarici valyutada kredit götürmüş şəxslər arasında məhkəmə çəkişmələri başlayıb.

2015-ci ildə ombudsman Elmira Süleymanova və Göyçay rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərmişdi.

O zaman Konstitusiya Məhkəməsinin qərarına görə, manatın devalvasiyaya qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər üzrə borclar mövcud məzənnə üzrə ödənilməlidir.

1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ona qədər isə uzun illər 1 dollar 78 qəpik olmuşdu.

Son bir ildə isə manatın məzənnəsi sabitdir, hazırda 1 ABŞ dolları 1 manat 70 qəpik civarındadır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ