SON DƏQİQƏ

Komitə sədri: “Sadə vətəndaş 300, deputat 10 min manat maaş ala bilməz”

Tarix:8-05-2018, 11:30

Eldar İbrahimov: "Deputatların artırılan əmək haqqı yerindədir”

 

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, deputat Eldar İbrahimov son günlər müzakirə mövzusuna çevirilən deputatların maaş artımı məsələsinə münasibət bildirib.


Komitə sədri deputatın 10 min manat, sadə vətəndaşın 100-300 manat almasının əleyhinə olduğunu bildirib:

"Təbii, mən də istərəm ki, maaşım çox olsun. Ancaq mövcud reallığa baxmaq və ədalətlə qiymət vermək lazımdır”. 
 

Deputat qeyd edib ki, mövcud imkanlar daxilində əmək haqları mütəmadi olaraq artırılır:

"Artırılan əmək haqqı yerindədir, reallığa uyğundur. Biz reallığı görməyi bacarmalıyıq. Digər tərəfdən isə Azərbaycanda hamının əmək haqqı 10 faiz artırılıb. İndi bütün sahələrdə əmək haqqını 10 faiz artırmaqla, deputatların maaşlarını 200 faiz artırmaq doğru çıxmaz. Əhali ilə onu seçən deputatların arasında fərq olmamalıdır. Bu gün mənim əhalim necə yaşayırsa, deputatı da elə yaşamalıdır.

Biz bunu ulu öndər Heydər Əliyevdən öyrənməliyik. Vaxtilə ulu öndər Naxçıvanda işləyəndə, o zaman havalar çox soyuq idi, istilik, təbii qaz, elektrik enerjisi yox idi. Həmin vaxt bir nəfər Heydər Əliyevə deyib ki, gecə yarısına qədər soyuq otaqda işləyirsən, bəlkə bu kabinetə soba qoyulsun ki, yeriniz isti olsun. Heydər Əliyev isə həmin adama bildirib ki, "bura soba qoysanız, bəs onun tüstüsü haradan çıxacaq? Bəs Naxçıvan camaatı həmin sobanın tüstüsünü görüb deməyəcək ki, Heydər Əliyev özü isti yerdə oturub, biz isə soyuqdan donuruq?”. Yəni, ulu öndər də həmin sobanın otağa qoyulmasını qəbul etməmişdi. İndi biz deputatlar da xaqlımızın yaşayış səviyyəsinə uyğun yaşamalıyıq”.  


Bununla yanaşı, E.İbrahimov dünya ölkələri ilə müqayisədə Azərbaycan deputatlarının əmək haqlarının çox olmadığını deyib:

 

"Təbii ki, deputatın əmək haqqı yüksək olmalıdır. Ancaq Azərbaycan  reallığına baxanda bu, normalıdır. Bu gün 300-500 manat maaş alanın yanında deputat 2000 manat maaş alırsa, əlbəttə ki, bunu qiymətləndirmək lazımdır. Çünki dövlətimizin gücünə və büdcə imkanlarına baxıb əmək haqqı artırılır”. 

 

O qeyd edib ki, deputatların maaşları ilə təqaüdçülərin müqayisəsini aparmaq və bununla insanlar arasında narazılıq yaratmaq düzgün deyil: 

 

"Bu, bizi istəməyən qüvvələrin işidir. Görünür, bu cür fikirləri danışanlar deputatlarla xalq arasında uçurum, narazılıq yaratmaq istəyir. Amma insanlarımız həmin adamlara inanmamalıdır. Onsuz da insanlarımız yaxşı başa düşür ki, deputatlar Azərbaycan xalqının və dövlətinin üzüdür. Deputatlar xaricə səfərlər edirlər, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların tədbirlərində iştirak edirlər. Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin, səliqəli geyinərək, orada Azərbaycan xalqını təmsil edə bilsin. İnsanlara geyimlə, yaşayış səviyyəsilə qiymət verirlər. Bu gün Azərbaycanda avtomobillərin, evlərin sayı-hesabı yoxdur. Demək, insanlar yaxşı yaşayır ki, maşınlar alır, evlər tikir. Bu, böyük göstəricidir. Xaricdə isə Azərbaycan xalqının göstəricisi həmin deputatların sir-sifətidir, geyimidir, paltarıdır, özünü aparmağıdır ..”.     


Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis deputatlarının maaşları və onlara verilən əlavələr artırılıb. 
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib. 

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. 

Dəyişikliyə əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komitə sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alacaqlar. 

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq. 


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ