SON DƏQİQƏ

Hakimlər bir qanunu fərqli yozursa...

Tarix:4-05-2018, 22:24

Azərbaycanda məhkəmələrin eyni məsələlərlə bağlı bir-birinə zidd qərarları yetərincədir. Məsələn, məhkəmə təcrübəsində təkcə elə vəkilliklə bağlı xeyli sayda əks qərarlar var. Vəkillər Kollegiyasının rəhbərliyi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün onun Ağdamda qeydiyyatda olduğunu nəzərə alıb Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. Məhz inzibati-iqtisadi məhkəməyə müraciət olunmasına əsas kimi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarına istinad edib.

Y.İmanov işinə inzibati qaydada baxılmasına etiraz etdi. Arqumenti də bu idi ki, vəkillik fəaliyyətinə xitam verilməsi qanunda inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddia növlərinin heç birinə aid deyil. İnzibati orqanların təsnifatında konkret siyahı var və orada sadalananlar sırasında Vəkillər Kollegiyasının adı yoxdur.

Amma Y.İmanovun etirazı nəzərə alınmadı, ona qarşı iddiaya elə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılmaqda davam etdi.

F.Mehdiyev
F.Mehdiyev

 

Vəkili məhkəmələr arasında qoymaq...

Başqa bir vəkil Fəxrəddin Mehdiyev vəkillik fəaliyyətinin bir illik dayandırılmasıyla əlaqədar Vəkillər Kollegiyasından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu məhkəmə isə onun iddiasını icraata götürməkdən imtina edib. Hakim hesab edib ki, bu tip məsələlərə ümumi rayon məhkəməsi baxmalıdır. Çünki Vəkillər Kollegiyası inzibati orqan deyil.

Beləliklə, bənzər məsələlərlə bağlı məhkəmələrin fərqli qərarları ortadadır.

«Hesab edirəm ki, bütövlükdə bu məsələdə aidiyyətlə bağlı problem məqsədli şəkildə yaradılır. Məqsəd fəaliyyəti dayandırılan və yaxud da fəaliyyətinə xitam verilən vəkili məhkəmələr arasında qoymaqla onları yormaq, hüququnun səmərəli şəkildə müdafiəsinə əngəllər yaratmaqdır», – Y.İmanov bu fikirdədir.

F.Mehdiyev
F.Mehdiyev

 

Hüquqi məsələlər üzrə ekspert Fərhad Mehdiyev məhkəmələrin oxşar hallarla bağlı fərqli qərarlar qəbul etməsindən danışarkən «İnzibati İcraat haqqında» Qanunu yada salır. Bu qanunun 12-ci maddəsində yazılıb ki, «İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbulu qadağandır».

Vəkillərlə bağlı mübahisələndirilən işlərə gəlincə, ekspert bu fikirdədir: «Vəkillər Kollegiyası publik səlahiyyətlərə sahib olduğuna görə publik hüquqi şəxsdir. Publik hüquqi şəxslərin hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə bağlı mübahisələrə inzibati məhkəmədə baxılmalıdır».

Hakimin daxili inamı

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə hesab edir ki, aşağı məhkəmə instansiyalarının oxşar məsələlər, hallarla bağlı fərqli qərarlar verməsi başadüşüləndir. Çünki hakimlər qərar verərkən qanunlarla yanaşı, həm də daxili inama əsaslanırlar. Qanun özü hakimlərə belə səlahiyyət verir. Fərqli hakimlərin daxili inamı, yanaşması da müxtəlif ola bilər:

Ə.Nuriyev
Ə.Nuriyev

​ «Dünyada tam eyni olan iki adam tapmaq mümkün olmadığı kimi, tamamilə eyni işlər də olmur. Mütləq hansısa fərqli cəhətlər var. Əlbəttə, mən də razılaşıram ki, çox oxşar hallarla bağlı bir-birinə zidd qərarlar çıxarılır. Bu cür hallarda yuxarı instansiyalara şikayət veriləndə, hansısa hakim qanunu düzgün tətbiq etməyibsə, o səhv aradan qaldırılır. Məhkəmə qərarı həm də qanunun hakim tərəfindən şərhi deməkdir. Bəzən adamlar eyni qanunu fərqli şərh edir...».

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda presedent hüququn tətbiqi ilə bağlı öhdəlik yoxdur. Yəni bir məhkəmənin başqa bir məhkəmə qərarına əsaslanması tələb oluna bilməz. Amma praktikada Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarına istinad halları var: «Bizdə məhkəmələrin yalnız Avropa Məhkəməsinin qərarlarına əsaslanmaq, istinad etmək öhdəliyi var. Amma Ali Məhkəmənin Plenum qərarlarında, Konstitusiya Məhkəməsinin qərarlarında hökm verərkən diqqət yetirilməsi vacib hallarla bağlı tövsiyələr olur».

Bəs görəsən, hakimlərin fərqli yanaşmaları ilə bağlı Məhkəmə-Hüquq Şurasına göndərilən şikayətlərə necə reaksiya verilir? AzadlıqRadiosunun əməkdaşı bu suala cavab tapmaq üçün Məhkəmə-Hüquq Şurası Aparatı ilə əlaqə saxlamağa çalışıb. Amma bir neçə gün ərzində telefon zənglərinə cavab verən olmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ