SON DƏQİQƏ

Serj Sarkisyanın istefası Azərbaycan üçün nə deməkdir?

Tarix:23-04-2018, 21:55

"Sarkisyanın istefası nə Qarabağ danışıqlarında, nə də ki, Azərbaycanla münasibətdə heç bir önəmli dəyişikliyə səbəb ola bilməz. Bu, Rusiyadan aslıdır və Ermənistanda kimin hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək", - siyasi məsələlər üzrə təhlilçi Azər Rəşidoğlu Sarkisyanın istefasının heç bir "kardinal dəyişikliyə" səbəb olmayacağı fikrindədir.

Ermənistanda aprelin 10-dan başlayan etiraz nümayişlərindən sonra bazar ertəsi Ermənistanın baş naziri Serj Sarkisyan istefaya gedib.

Cənab Rəşidoğlunun fikrincə, Sarkisyanın Qərbə meyilliliyi, Avropa Birliyi ilə saziş imzalaması Moskva və Yerevan arasında ziddiyyətləri dərinləşdirib.

Təhlilçi hesab edir ki, Ermənistandakı etiraz nümayişləri Sarkisyanın Avropa İttifaqı ilə imzaladığı sazişə görədir.

"Ermənistanın Avropa ilə əməkdaşlıq tendensisını nümayiş etdirməsini ruslar bağışlamadı", o deyib.

Bununla yanaşı təhlilçi deyir ki, yeni baş nazirin kimin olmasından aslı olmayaraq, "Ermənistan rusiyapərəst mövqedə qalacaq"."Ermənistan xarici siyasətində, qonşu ölkələrlə münasibətində, xüsusilə Qarabağ məsələsində güzəştə getməyəcək, kardinal dəyişiklik olmayacaq", - o deyib.

Amma Azər Rəşidoğlu Sarkisyanın istefasının Ermənistan cəmiyyətində dəyişikliyə səbəb ola biləcəyi fikdirindədir.

"Uzun illərdir ki, Qarabağ klanı ölkədə maliyyə bölgüsündə önəmli sözə sahib idilər, bu da əhalinin dilənçi vəziyyətinə düşməsinə gətirib çıxarmışdı, Klanlararası savaş var idi və klanların biri məğlub oldu", o bildirib.

"Ermənistanda bir dönəm qapanır"

"Bu, şübhəsiz ki, Ermənistan üçün tarixi hadisədir və bölgə üçün də təsirləri qaçılmazdır", - politoloq Şahin Cəfərli deyib.

O ehtimal edir ki, Serj Sarkisyanın istefasından sonra uzun illərdir Ermənistanda kök salmış Qarabağ klanının mövqeləri sarsılacaq və klanın təmsilçiləri tədricən hakimiyyət strukturlarından uzaqlaşdırılacaq.

"Ermənistanda bir dönəm qapanır. Hesab edirəm ki, Ermənistanda hakimiyyətin təhvil-təslimi başa çatana və yeni hakimiyyət formalaşana qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müvəqqəti fasilə yarana bilər", - o bildirib.

Şahin Cəfərli hesab edir ki, Ermənistanda erkən parlament seçkiləri keçirilə bilər.

Yeni hakimiyyət formalaşdıqdan sonra münaqişənin nizamlanması prosesi yeni keyfiyyətdə bərpa olunacaq və intensivləşəcək, cənab Cəfərli deyir.

"Serj Sarkisyan qarabağlı idi və müharibədə bilavasitə iştirak etmişdi. Onun güzəştlərə getməsi ən azı psixoloji baxımdan çox çətin idi. Yəni Serj Sarkisyan həll prosesinin önündə bir tıxaca çevrilmişdi. Məncə, Ermənistandakı hakimiyyət dəyişikliyində bu amilin mühüm rolu var. Rusiya üçün öz həll planını yeni baş nazirə qəbul etdirmək nisbətən daha asan olacaq", o bildirir.

Politoloqun sözlərinə görə, 2016-cı ilin sentyabrında Karen Karapetyanın baş nazirin müavini təyin olunması Ermənistanda ciddi dəyişikliyin baş verə biləcəyinə bir işarə idi.

O hesab edir ki, Karapetyan Rusiyanın əsas enerji şirkəti, qaz inhisarçısı "Qazprom"un strukturlarında rəhbər vəzifələrdə çalışıb və burada işləmək üçün peşəkarlıqla yanaşı, siyasi məqsədəuyğunluq da önəmli amildir.

"Moskvaya yaxın olmayan şəxslər Rusiyanın ən strateji dövlət şirkətində yuxarı başa keçə bilməzlər. Yəni Karen Karapetyanın Rusiyanın adamı olduğunu söyləyə bilərik. Bu səbəblə, düşünürəm ki, Karapetyanın ötən il baş nazirin müavini təyin olunmasını təmin edən çevrələr onun məhz baş nazir-ölkə rəhbəri postuna yiyələnməsini hədəfləyib",- cənab Cəfərli deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Sarkisyanın istefası ilə bağlı açıqlama verəcəyi gözlənilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ