Dogru.Tv > Cəmiyyət > İcra başçısı Yaşar Məmmədovla məhkəmə sədri Füzuli Pənahovu nə birləşdirir?

İcra başçısı Yaşar Məmmədovla məhkəmə sədri Füzuli Pənahovu nə birləşdirir?


Tarix: 8-06-2016, 02:58. Müəllif: Anonim
İcra başçısı Yaşar Məmmədovla məhkəmə sədri Füzuli Pənahovu nə birləşdirir?
Onlar Qubada torpaqların hərraca çıxarılması yolu ilə maraqlarını təmin edir, xeyli mənfəət götürürlər Bu gün Quba rayon sakinlərinin əksəriyyətinin işsizlikdən əziyyət çəkməsinə, əhalini narahat edən problemlərin, sosial qayğıların gün keçdikcə daha da artmasına baxmayaraq, icra başçısı Yaşar Məmmədov bunlara əhəmiyyət vermədən yalnız şəxsi maraqlarının təmin olunmasına çalışır. Belə ki, ixtisasca hüquqşünas olan Quba Rayon İcra Hakimiyyətinin başçısının 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin «Avtodetal» zavodunda əmək fəaliyyətinə başladığını, 1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini, polis şöbəsinin rəisi vəzifələrində çalışdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, Yaşar Məmmədov 2010-2015-ci illərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı postunda təmsil olunduğu dövrdə yol verdiyi nöqsanlara bu gün Qubada təkrarlamaqdadır. Yaşar Məmmədovun ötən ilin yanvar ayından etibarən Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığını bildirən mənbənin sözlərinə görə, yerli idarə və müəssisələrin rəhbər işçiləri icra başçısından daha çox onun birinci müavini Yusif Abidovdan çəkinirlər: «Qeyd edim ki, Yusif Abidov bundan əvvəl rayonun təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. O şöbə müdiri işlədiyi müddətdə bir çox qanunsuz iş görüb ki, nəticədə özünə külli miqdarda vəsait toplamağı bacarıb. Qubanın mərkəzindəki ticarət obyektlərinin bir neçəsi ona məxsusdur. Həmçinin icra başçısının birinci müavini rayonun turizm üçün əlverişli olan bölgələrində böyük istirahət mərkəzləri tikdirib. Qubada fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilatların rəhbərləri hər ay icra başçısının müavinini «ziyarət» edirlər. İcra başçısına gəlincə, nəzərinizə çatdırım ki, Yaşar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumdur. Və elə bu səbəbdən də o, üzləşdiyi bir sıra problemləri məhz Ziya Məmmədovun vasitəsilə yoluna qoymağa müvəffəq olub. Bir sözlə, icra başçısı məhz nəqliyyat nazirinin sayəsində indiyədək vəzifədə qalmağı bacarıb». Əldə etdiyimiz bilgilərdə həmçinin o da qeyd olunur ki, Yaşar Məmmədov Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun yardımlarına baş vuraraq rayon ərazisindəki bir sıra torpaqların hərraca çıxarılmasına nail olur: «Deyilənlərə görə, icra başçısı ilə məhkəmə sədrini bir-birinə sıx ilişkilər bağlayır. Belə ki, Yaşar Məmmədov bir çox məsələlərdə Füzuli Pənahovla ortaq mövqedən çıxış edir və bu zaman hər iki tərəfin maraqları yetərincə nəzərə alınır. Misal kimi, Quba ərazisindəki bir sıra torpaqların hərraca çıxarılmasını göstərmək olar. Bildirilir ki, onlar bu yolla xeyli mənfəət əldə ediblər». Quba Rayon Məhkəməsinin sədrinin müəyyən maraqlarının təmin olunması və ya verilən sifarişi «layiqincə» icra etmək naminə ədalətsiz qərar çıxardığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də rayon sakinləri Füzuli Pənahovun əməlindən təngə gəliblər. Misal kimi Quba rayonu Mirzəmməd kənd sakini Allahverdi Həsrət oğlu Şıxbabayevin başına gələn olayı qeyd etmək olar. Belə ki, üzləşdiyi problemlə bağlı bir müddət əvvəl ölkə başçısına ünvanladığı açıq məktubda məhkəmələrdən şikayət edən Allahverdi Şıxbabayev bildirir ki, Quba rayonunda bəzi məmurlar ona qarşı haqsızlıqlar edib: «Burada ədalətsizlik o səviyyəyə çatıb ki, hətta Ali Məhkəmənin qərarlarına belə hörmətsizlik edirlər. Ali Məhkəmənin 3 qərarı ilə 3 dəfə icra olunmuş qonşumla sərhəddim dəfələrlə Babayevlər tərəfindən sökülüb. Lazımı orqanlara müraciətimə baxmayaraq, buna məhəl qoyan yoxdur. Ona görə ki, onlara himayədarlıq edənlər var. Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov dəfələrlə məndən həyətimə girəcək yoldan 60 kvadratmetr ərazimin Babayevlərə verilməsini tələb edib. Tələbin yerinə yetirilmədiyini görən Pənahov 3 dəfə icraatı yeniləyib. Keçmiş baş icra məmuru Ələkbər Mirzəyevə yalan akt yazdıraraq hakim Zamin Tahirova dediyi ərazinin Babayevlərə verilməsi barədə qətnamə verdirib. Hansı ki, bu ədalətsiz qətnamə Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunub. Kassasiya şikayəti də təmin olunmayıb. 2010-cu ildə Babayevlərin torpağın cizgilərinin onlara göstərilməsini torpaq şöbəsinə həvalə edib. Torpaq şöbəsinin nümayəndələri ərazidə ölçü aparıb akt tərtib edərək bildiriblər ki, Babayevlərin ərazisi düzdür. Ancaq sol qonşu ilə olan hasar əyri çəkilib. Bu, onları qane etməyib. 2011-ci ildə Zamin Tahirov eynilə icra vərəqi verib. Torpaq Komitəsinin verdiyi cavab da onları qane etməyib. Torpaq Komitəsi ləğv olunandan sonra Zamin Tahirov 2010-cu il icra vərəqini 2015-ci idə yeniləyib icraya yönəldib. Sonuncu dəfə 13 yanvar 2016-cı il tarixdə 5 saylı Xaçmaz Layihə-Tədqiqat İdarəsinin və Quba Rayon Məhkəmə Qərarlarının icraçıları ilə birgə mənim xəbərim olmadan həyətimə girərək dəmir dirəkləri söküblər. Hansı ki, həmin dirəklər məhkəmə qaydasında 2008-ci ildə icra olunub. Şiferlər cəzasız qalan qonşum tərəfindən dəfələrlə sındırılıb. 13 yanvaradək o dəmir dirəklər qalmışdı. Kiminsə tapşırığı ilə onları da sökdülər. Söküntü barədə heç bir məhkəmə qətnaməsi olmadan icra məmurları və reyestr xidməti məmurları bu hərəkətləri etdilər. Səbəbini soruşduqda Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi Aqrar İslahatlara kölgə salaraq qeyd edirlər ki, islahat düzgün aparılmayıb. Bütün torpaqlar 4 metr üstə-üstə oturub. Onların dediyindən belə çıxır ki, bütun kənd sakinləri hasar və evlərini söküb 4 metr sağa çəkməlidir. Hansı ki, Babayevlərin şəhadətnaməsində onun sol qonşusu ilə cizgi düz xətlə olduğu halda hasar əyri çəkilib. Həmin ərazidə razılaşma ilə qoruluq da tikilib. Bu gün himayədarlarının köməyi ilə həmin ərazini müəyyən yollarla mənim ərazimdən almaq istəyirlər». Bu arada, deyilənlərə görə, Füzuli Pənahov Zəngilan Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışdığı dönəmlərdə şəxsi maraqlarının təmin olunması üçün bir sıra əməllərə qol qoyub. Belə ki, Zəngilan Rayon Məhkəməsindəki 10 illik fəaliyyəti ərzində demək olar ki, heç bir ədalətli qərar çıxarmayan Füzuli Pənahov özünə qarşı antipatiya qazanıb. İndi isə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovla birlikdə torpaqların hərraca çıxarılması yolu ilə maraqlarını təmin edir…
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri Qayıt