www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Elektron siqaretlər təhlükəlidir – Ekspert

Elektron siqaretlər təhlükəlidir – Ekspert

Bölmə: Cəmiyyət
Elektron siqaretlər təhlükəlidir – Ekspert
“Siqaret çəkən adamın iradəsi zəifdirsə, bütün tədbirlər effektsizdir”. Bu sözləri elektron siqaretlərin insan orqanizminə təsiri ilə bağlı sualları cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla dedi. “Bir şeyi nəzərə almaq lazımdır ki, elektron siqaretlərdə istifadə edilən boyalar kimyəvidir və onların ziyanı haqqında artıq bəzi məlumatlar var. Ona görə də elektron siqaretlərin insan orqanizminə xeyirli olması ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur”. Ekspert hesab edir ki, tütündən yaxa qurtarmaq üçün əsas şərt iradəli olmaqdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, elektron siqaretlər satış bazarına düzgün formada çıxarılmır. Onun fikrincə, elektron siqaretlərlə bağlı hər yerdə rast gəldiyimiz reklamlar belə düz tərtib olunmayıb: “Hazırda demək olar ki, bütün köşklərdə elanlar yayılıb ki, guya elektron siqaretlər normal siqareti tərgitməyə 100 faiz yardım edir. Bu kökündən yanlış fikirdir. Digər problem həmin siqaretlərin bazara hansı adla girməsi ilə bağlıdır. Həmin siqaretlər elektron mal kimi bazara girir və satışı təşkil edilir. Əslində isə tütün məhsulu kimi lisenziya almalıdır. Satıçılar qanundakı müəyyən boşluqlardan istifadə edirlər. Qanunvericilikdə tütün məhsullarının reklamı qadağan edildiyi üçün, onlar bu üsula əl atırlar. Təbii ki, həmin reklamlar istehlakçıların aldadılmasına yönəlib”. Xatırladaq ki, bu yaxınlarda “Action on Smoking and Health” adlanan Britaniya xeyriyyə təşkilatı araşdırma aparıb. Tədqiqatların nəticəsinə görə, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə elektron siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb - 9 faizdən 22 faizə qədər. Respondentlərin 40 faizi hesab edir ki, elektron siqaretə keçməklə tütünün sağlamlığa vurduğu ziyandan canlarını qurtarıblar. Qurum insanları elektron siqaretlərin tam təhlükəsiz olması ilə bağlı deyilənlərə inanmamağa çağırıb. Çünki adi siqaretlərdə olduğu kimi, elektron siqaretlədə də nikotin var. Sadəcə fərq tütün tüstüsünün olmamağı ilə bağlıdır. Son olaraq bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan siqaret çəkir və hər il 4.5 milyon insan siqaretin törətdiyi xəstəliklər üzündən vəfat edir.