www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Prezidentə meydan oxuyan icra başçısı – İlqar Abbasovun macəraları


Prezidentə meydan oxuyan icra başçısı – İlqar Abbasovun macəraları

Bölmə: Cəmiyyət
Prezidentə meydan oxuyan icra başçısı – İlqar Abbasovun macəraları
11 ildir icra başçısı işləyən bu şəxs ölkə rəhbərliyinin etimadını doğrultmadı: Onu Əli İnsanova və yaxın çevrəsinə dəstək verməyə nə vadar edir?
Paytaxt rayonları arasında Suraxanı ən geridə qalmışıdır desək, yəqin ki, səhv etmiş olmarıq. Bu rayon gözdən olduğu kimi, könüldən də uzaqdır. Məhz bu uzaqlığın nəticəsidir ki, Suraxanı rayonunun bütün qəsəbələrində acınacaqlı vəziyyət hökm sürür. Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır. Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsində, Suraxanının qəsəbələrinin bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı İlqar Abbasov göstərilir. Suraxanı rayonundakı real vəziyyət və icra başçısının fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırma apardıq. Məlum oldu ki, məhz İ.Abbasovun yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb olub, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalıblar.
Kimdir İlqar Abbasov?
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun haqqında «vikipediya» səhifəsində elə də zəngin məlumat yoxdur. Onun neçənci ildə və harada anadan olması göstərilməyib. Həmin səhifədə qeyd olunub ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası prezidentinin 21 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Onun bu posta təyin olunmasının üstündən düz 11 il keçir.
Torpaq alveri, tikinti icazəsi və biznes…
Cumhuriyyet.az olaraq apardığımız araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Növbəti yazıda bunu şəkillərlə və daha geniş faktlarla diqqətinizə çatdıracağıq. Hörmətli icra başçısı iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Amma bu cənab başçının biznes fəaliyyəti ilə məşğul olmadığı anlamına gəlmir.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də… Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb. Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
Küçə ticarətindən yığılan aylıq haqq
Yerli icra strukturları və bələdiyyələr isə əhalini talamaqla məşğuldur. Başçının başı o qədər qarışıb ki, rayonda tüğyan edən problemləri həll etməyə vaxt tapmır. Məsələn, bir neçə ay əvvəl Hövsan qəsəbəsində 28 lift oğurlanıb. Şikayətə gedən sakinlərə isə bildiriblər ki, liftlərin “əyləc dolağı” baş idarədə pulla satılır. 70 manat verilməsə, liftlər işləməyəcək. Axı bu necə rayondur ki, qısa vaxt ərzində 28 lift oğurlanır? Rayonun icra başçısı, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hara baxırlar? Yaxud baş vermiş hadisəni niyə araşdırmaq istəmirlər? Başqa bir iddiaya nəzər salaq.
Deyilənə görə, icra başçısı İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə “yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Suraxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcuddur. İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq “haqq” alır. O da qeyd olunur ki, Suraxanı Rayon Polis İdarəsinin keçmiş rəislərindən olan Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: “Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”. İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur və bu prosesə İlqar Abbasovun «etibarlı adamı» – Etibar Yolçuyev rəhbərlik edir
İcra başçısı yuxarı dairələr qarşısında inamı çoxdan itirib
Belə ki, 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub. Nəticədə qərara gəlinib ki, Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb. Yayılan məlumatda deyilir ki, bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsız şikayət məktubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunub. Bir məqama xüsusi toxunmaq istəyirik. İlqar Abbasov icra başçısı təyin olunandan bu günə kimi cənab prezident İlham Əliyev bu rayona nadir hallarda səfər edib. Bu isə o deməkdir ki, 11 il ərzində Suraxanı rayonunda İlqar Abbasov tərəfindən heç bir iş görülməyib. Rayonun bütün qəsəbələrinin yolları darmadağın olub. Bunu başçı, eləcə də müavini Etibar Yolçuyev də yaxşı bilir. Həmçinin Etibar müəllim onu da bilməmiş deyil ki, rayonun Yeni Günəşli qəsəbəsinin yolları nəyə görə yaman günə düşüb.
Yuxarı Mədən, 6-cı Köndələn və…
Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub. Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir. Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.
Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb. Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Məlumatda bildirilir ki, İ.Abbasov Suraxanı rayon İcra Hakimiyyətində torpaq alverini bir neçə şəxsə həvalə edib. Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 5000 manatdan yuxarıdır.
Başçının bələdiyyə komandası
Rayondakı durumla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda o məlumata da rast gəldik ki, Qaraçuxur qəsəbəsi İlqar Abbasovun “qazanc mənbələri” siyahısında önəmli yerlərdən birini tutur. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb.
Bundan başqa Hövsan qəsəbəsində “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.
Ümumiyyətlə, media üzərindən aparılan araşdırmalar zamanı da məlum olur ki, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin adı torpaq alverində hallanır.
“Kərpic zavod” da satıldı
Bu komanda İ.Abbasovun təkcə torpaq satışında gəlir gətirən heyətidir. Rayonda gəlirli digər sahələr barədə araşdırmalarımız da davam edir. Təkcə torpaq biznesindən əldə olunan vəsait isbat edir ki, İ.Abbasov “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!” deməyə yetərlidir. Bundan əlavə, icra başçısı və onun qəsəbələr üzrə köməkçiləri boş yaşıllıq əraziləri də ayrı-ayrı iş adamlarına müxtəlif məqsədlər üçün satır.
Yeni Günəşli qəsəbəsi isə bu baxımdan daha çox fərqlənir. “Kərpic zavod” kimi tanınan yerin ətrafı da torpaqlanaraq hansısa iş adamına satılıb. Qartal heykəli kimi tanından ərazidən “Kərpic zavod” istiqamətində gedərkən yolun kənarında böyük bir ərazi torpaqlanaraq satılmaq vəziyyətinə gətirilib. Bəlkə də satılıb və yeni sahibi oranı hamarladıb. Bu haqda mətbuatda da xəbərlər yayılıb.
“Söküb, dağıdırıq, guya bilmirlər ki?..”
Bu günlərdə İ.Abbasovla bağlı daha bir qalmaqallı xəbər yayıldı. Belə ki, yaxın münasibətləri olan icra başçılarından biri nəvəsinin bir yaşının tamam olması ilə bağlı özünə yaxın hesab etdiyi həmkarları üçün məclis təşkil edib. Bakının bahalı məkanlarından birində təşkil olunan məclisdə İ.Abbasovun və məclisi təşkil edən icra başçısının da olduğu komfortlu otaqlardan birində səkkiz-on nəfər yüksək vəzifəli şəxs olub. Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra “sevimli mövzuları” -mətbuatın onlar haqda yazdıqları yada düşüb. Əvvəlcə mətbuatın qarasına xeyli danışan, jurnalistləri ağ yuyub qara sərən məmurların bir çoxu medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yaydıqlarından şikayətləniblər. Aldığımız məlumatda iddia edilir ki, söhbətin bu yerində İ.Abbasov həmkarlarına təsəlli verərərk onlara mətbuatın yazdıqlarından çox da narahat olmamağı məsləhət görüb. Mənbə iddia edir ki, daha sonra İ.Abbasov öz “müdrik məsləhətini” belə davam edib: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki. biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”.
Məlumatı verən mənbənin dediklərinə inansaq, İ.Abbasovun bu dedikləri məclisdəkilərə soyuq duş təsiri bağışlayıb və onlar tez söhbəti dəyişiblər. Çünki bilirlər ki, bu cür səhvlər nəinki, İ.Abbasova, onlara da baha başa gələ bilər. Əgər həqiqətən də belə bir məsələ olubsa, İ.Abbasovun buna görə ciddi şəkildə cəzlandırılacağı şübəsizdir. Çünki ortada xeyli belə nümunələr var və onlardan ən yadda qalanı sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ad günündə dediyi bir sağlıqla özünü ölkə rəhbərliyinin qara siyahısına salmasıdır. H.Babayevin sonradan vurulmasında məhz onun ad günündə sağlıq deyərkən siyasi səhvə yol verməsinin də böyük rol oynadığı bildirilirdi.
Biz hələ çox mətləbləri açıqlamırıq.
Növbəti yazımızda oxuyacaqsınız:
– Qaraçuxur qəsəbəsində torpağın bir sotu neçəyə satılır və ev tikintisinə icazə almaq üçün kimi görmək lazımdır?
– Yeni Günəşli qəsəbəsindəki «Mərasim evi» kimə məxsusdur?
– Etibar Yolçuyevin tikdirdiyi ticarət obyekti niyə yarımçıq qalıb?
– «Altay» restoranının tikintisinə kim icazə verib?
– 33-cü Polis Bölməsi ilə üzbəüz, həmçinin ATS-in yaxınlığında tikilən obyektlərin sənədinə kim qol çəkib?
– İcra başçısı məscidin yerləşdiyi ərazini kimə söz veribmiş?
– İlqar Abbasovu Akif Çovdarov və Eldar Mahmudovla hansı tellər birləşdirir?
– Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrinin kütləvi satışı necə həyata keçirilib?
– Sabiq səhiyyə naziri Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovla İlqar Abbasov necə qohumdur?
– İcra başçısı Əli İnsanovun yaxın ətrafına hansı dəstəyi verir?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.