www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Elsevər Ağayevlə Cavanşir Feyziyevin amansız mübarizəsi


Elsevər Ağayevlə Cavanşir Feyziyevin amansız mübarizəsi

Bölmə: Cəmiyyət
Elsevər Ağayevlə Cavanşir Feyziyevin amansız mübarizəsi
«Avromed» MMC-nin sahibi səhiyyə nazirinin müavininin nəzarətindən çıxmağa çalışır Son zamanlar Gundelik-Baku.com-un redaksiyasına daxil olan müraciətlər arasında kommunal xidmətlər, mülkiyyət hüquqlarının pozulması, təhsil və səhiyyə sistemləri, hüquq-mühafizə orqanları, ekologiya, tikinti və bank sektorları, məhkəmə orqanları, məmur özbaşınalığı və digər onlarla bu kimi sahələr üzrə şikayətlər üstünlük təşkil edir. Lakin onların arasında ən ağrılısı təbii ki, səhiyyə sahəsidir. Şikayətçilər əsasən dildə pulsuz, əməldə isə pullu olan səhiyyə ocaqlarından gileylənirlər. Bundan başqa, müxtəlif səhiyyə müəssisələrində çalışan tibb personalının qeyri-peşəkar müalicə metodlarından, qeyri-etik davranışlarından, vətəndaşın xəstəliyinə deyil, cibinə baxmasından şikayətlənənlər də az deyil. Məhz bu mövzu ilə bağlı dəfələrlə tənqidi materiallar yayımlasaq da, nədənsə Səhiyyə Nazirliyi rəhbərliyi, əsasən də nazir müavini Elsevər Ağayev qeyd olunan məqamlara bir o qədər də önəm vermir. Şübhəsiz, bu gün onun rəhbərliyində təmsil olunduğu səhiyyə sistemində baş verən qeyri-qanuni hallarla müxtəlif vaxtlarda bütün təbəqənin nümayəndələri üzləşiblər. Çünki heç kim nə vaxtsa xəstələnməyəcəyindən sığortalanmayıb. «Odur ki, səhhətimizdə müəyyən problemlər yaranan kimi dərhal müvafiq poliklinikalara, tibb mərkəzlərinə və ya xəstəxanalara müraciət edirik. Məhz o zaman ölkənin səhiyyə sistemində hökm sürən neqativ halları çılpaqlığı ilə görürük» deyən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada qeyd olunur ki, son zamanlar Səhiyyə Nazirliyi daxilində ciddi narazılıqlar yaşanmaqdadır: «Deyilənlərə görə, Elsevər Ağayev onunla hesablaşmayan, «tələb»lərinə əməl etməyən şəxsləri müxtəlif yollarla özünə tabe etməyə çalışır. O, bu məqsədlə heç kimdən və heç nədən çəkinməyərək bir sıra addımlar atır, Səhiyyə Nazirliyinin müavinlərini, şöbə müdirlərini və digər səlahiyyət sahiblərini «zərərsizləşdirməyə», onların kurasiyasında olan sahələri nəzarəti altına almağa başlayıb». Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, səhiyyə nazirinin müavini aptek biznesinə nəzarəti əlində cəmləmək uğrunda millət vəkili, «Avromed» MMC-nin sahibi Cavanşir Feyziyevlə gərgin mübarizəyə qoşulub: «Bildiyiniz kimi, bu gün ölkənin aptek bazarının böyük bir hissəsi məhz «Avromed»in ixtiyarındadır. Deyilənlərə görə, MMC-nin bu səviyyəyə gəlməsində, yəni dərman bazarında əsas söz sahiblərindən birinə çevrilməsində nazir müavini Elsevər Ağayevin müstəsna xidmətləri olub. Lakin son dövrlər onunla Cavanşir Feyziyev arasında gərgin mübarizəyə start verilib. Görünən odur ki, «Avromed» rəhbəri külli miqdarda gəlir əldə etdikdən, mövqeyini möhkəmləndirdikdən sonra Elsevər Ağayevin nəzarətindən çıxmağa, müstəqil şəkildə fəaliyyət göstərməyə çalışır. Bu isə nazir müavininin Cavanşir Feyziyevə qarşı cəbhə açmasına səbəb olub. Odur ki, hazırda tərəflər bir-biri ilə amansız şəkildə mübarizə aparır». Elsevər Ağayevin hələ sabiq səhiyyə naziri Əli İnsanovun zamanında səhiyyə müəssisələrinin bir qismini özünə yaxın olan şəxslərin adına özəlləşdirilməsinə nail olduğunu deyən mənbənin iddiasına görə, əgər Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi, eləcə də digər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, onda deyilənlərin həqiqət olduğu üzə çıxacaq: «Yeri gəlmişkən, onu da qeyd edim ki, səhiyyə nazirinin müavini bu yaxınlarda həbs olunan MTN zabitlərinin işi ilə bağlı keçirilən istintaqda dindirilib və bir sıra önəmli məsələlərlə bağlı onun ifadəsi alınıb. Deyilənlərə görə, məhz onun ifadəsi nətiəcəsində bəzi məqamlara aydınlıq gətirilsə də, nədənsə Elsevər Ağayev bu məsələdən də yaxa qurtara bilib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.