www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Əxlaqsızlıq çirkabına bulaşanlar – SİYAHI

Əxlaqsızlıq çirkabına bulaşanlar – SİYAHI

Bölmə: Cəmiyyət
Əxlaqsızlıq çirkabına bulaşanlar – SİYAHI
Bakıdakı pritonların arxasında kimlər dayanıb? Əhalinin ən səfil təbəqələri hesabına özlərinə cah-cəlal qurmuş cinayətkar şəbəkələr bütün dünyanı heyrətə gətirəcək dərəcədə dayanıqlı əlaqələr quraraq il ərzində üst-üstə azı 5 milyard ABŞ dolları civarında gəlir əldə edə bilirlər. Bu faktın beynəlxal qurumlar tərəfindən etiraf edilməsi bir tərəfdən həyəcan təbili kimi dəyərləndirilirsə, digər tərəfdən inkişaf etmiş ölkələrin üzərinə ağır məsuliyyət qoyur. Axı min kilotonlarla atom, nüvə və digər çeşid-şeişd kütləvi qırğın silahlarına malik olan, müasir dövrün titanik elmi-texniki və maliyyə imkanlarında bulunan böyük güclərin insan alveri problemi qarşısında məzlum durumda qalması faktı ilə barışmaq mənəvi gücsüzlüyün göstəricisi sayılır. Dünya miqyasında bu sahədə aparılan işlərin yetərli olmaması narazılıqla qarşılanır, hətta "üçüncü dünya" ölkələrində belə təsəvvür yaranıb ki, insan alverinin çiçəklənməsi hardasa böyük ölkələrin marağına xidmət edir. Fahişəlik Azərbaycan mentalitetinə yad olan bir mənəviyyatsızlıq çirkabıdır. Bu çirkaba bulaşanlar oradan çıxmağa nə qədər çalışsalar da, sonradan ruhdan düşür, öz acı taleləri ilə barışmalı olurlar. Bəlkə elə buna görədir ki, Bakını başına götürmüş otel-motel, kafe-restoran və istirahət guşələri ilə əxlaqsızlıq yuvalarını ayırd etmək olmur. Abır-həya qalmayıb. İş o yerə çatıb ki, milli-mənəvi dəyərlərə önəm verən bir xalqın baş şəhərində küçə fahişəliyi də yayılmağa başlayıb. Azərbaycanda insan alverinə qarşı mübarizənin gərəkli hüquqi bazası var. Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Təəssüf ki, Planın həyata keçirilməsi istiqamətində görülən işlərin miqyası məhdud səviyyədədir, bunun isə cəmiyyət üçün faydası dəhşətli dərəcədə azdır. Son bir-iki ilin müşahidəsinə əsaslanaraq qeyd etmək olar ki, insan alverinin bizim ölkədə daha çox yayılmış cinsi istismar növünə qarşı mübarizədə gərəkli irəliləyişdən söhbət gedə bilməz. Yeri gəlmişkən, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində qeydə alınmış cinayətlərin statistikasına nəzər salsaq görərik ki, 10 milyona yaxın əhalisi olan Azərbaycan hüdudları ilə, eynən də gündəlik həyatımızda qarşılaşdığımız cinsi istismar hadisələri ilə müqayisədə bu mübarizəni effektli və qənaətbəxş saymaq olmur. İnsan alverinə, fahişəliyə, əxlaqsızlıq yuvaları saxlayanlara qarşı mübarizə aparmalı olan qurum rəhbərlərini hələlik bircə dəfə də olsa paytaxtımızın "görməli" rahatxanalarına ekskursiyaya ya da ki, gəzintiyə cəlb etmək olmazmı? Digər tərəfdən, bu gün ölkədə fəaliyyət göstərən yazılı və elektron mediada insan alveri ilə bağlı kifayət qədər ciddi faktlar əksini tapmaqdadır. Odur ki, kimlərin bu biabırçılığa görə məsuliyyət daşımalı olduğunu ehtimal edə bilərik. Lakin elə ehtimallar var ki, onları sıralayanda adam özünü rəzil vəziyyətdə görür. Bəli, biz fakt qarşısındayıq. İnsan alveri, xüsusən də fahişəlik ölkə hüdudlarını çoxdan aşıb. Təkcə Bakı və ətraf qəsəbələrdə qeyri-leqal fəaliyyət göstərən fahişəxanaların şəbəkəsi genişlənməkdədir. Bu fahişəxanalar öz cinayətini müxtəlif adlar altında pərdələyərək ölkədə mənəviyyatsızlıq və əxlaqsızlıq virusu yaymaqla məşğuldur. Elə fahişəxanalar var ki, qorxub-çəkinmədən gənc qızları toruna salmaqla cəmiyyətin özünə meydan oxuyur. "Elit» Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən "Qrand" otel, Biləcəridə "Vulkan", Nərimanov rayonu ərazisində "Jasmin", Dərnəgül qəsəbəsindəki "Clear", maşın bazarının yaxınlığındakı "Astoria Baku" otelləri, Nizami rayonundakı «Emerald» hoteli, Saray qəsəbəsində "Pəhləvanlar", Novxanıda "Duz gölü" kafeləri artıq "qara siyahıya düşüb. Bizcə bir neçə günlük müşahidə bəs edər ki, Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları aşkarlansın. Bunudamı mətbuat etməlidir, cənablar? Belə biabırçılığın qarşısına sədd çəkməli olan səlahiyyətlilərimiz nə qədər ki, hərəkətə keçməyib, müasir gənclik, gələcək nəsillər təhlükədədir. Qəzetçi olaraq bizlər əlimizdən nə gəlir edirik. Bircə o qalıb ki, hərəmiz fahişəliyin, əxlaqsızlığın yayım trayektoriyalarını konturlarını cızaq və ətalətdəki müvafiq qurumlar qarşısında sərgiləyək.

Gundelik-baku.com