www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Mirşahindən Fəzail Ağamalı və Hadi Rəcəbliyə atmaca: Ağzın nə danışdığını bilmək…

Mirşahindən Fəzail Ağamalı və Hadi Rəcəbliyə atmaca: Ağzın nə danışdığını bilmək…

Bölmə: Cəmiyyət
Mirşahindən Fəzail Ağamalı və Hadi Rəcəbliyə atmaca: Ağzın nə danışdığını bilmək…
Parlamentin reqlamentinə görə deputat öz söylədiklərinə görə məsuliyyət daşımamalıdır, amma bu heç də deputat məsuliyyətsiz olmalıdı demək deyil
Xərçəng yarasını da müalicə etmək, hətta vaxtında aşkar edilsə tam sağaltmaq da olar. Amma deyirlər ki, söz yarası hər hansı başqa yaradan, deməli, o cümlədən xərçəngdən daha ağrılı, daha təsirlidir. Bir az da sözdən danışmaq istəyirəm. Bu həftə millət vəkili Fəzail Ağamalı dedi ki, qanuni oğru Rövşən Ləkəranski ilə Azərbaycan xalqı fəxr etməlidir. Millət vəkili Hadı Rəcəbli isə müəllimlərimizə işdən sonra gedib yük daşımağı məsləhət gördü. Bəli, parlamentin reqlamentinə görə deputat öz söylədiklərinə görə məsuliyyət daşımamalıdır. Amma bu heç də deputat məsuliyyətsiz olmalıdı demək deyil.
Hadı müəllimin sözləri əslində təsadüfi deyil. Biz müəllimlərə işdən sonra yük daşımağı yalnız bir deputatın dili ilə və yalnız bu gün məsləhət görməmişik. Bizim müəllimimiz ya Cəbiş müəllim, ya da Mustafa müəllim. Biz bunları da bacardığımız səviyyədə, istedadımız imkan verdiyi qədər ələ salmışıq. Baxmayaraq ki, üzdə həmişə iki peşə sahibinə müqəddəslər kimi yanaşmışıq. Bunlardan biri həkim olubsa, o biri mütləq müəllim olub. Əslində bu böyük bir riyakarlığın nümayişi olub. Biz onları lağa qoymuşuq, ələ salmışıq. Baxmayaraq ki, müəllimlərə olan böyük məhəbbətimizi göstərmək istəyimizdəndir ki, bütün peşə sahiblərinə elə müəllim də demişik.
Elə mən də görürsünüz ki, bayaqdan Hadı Rəcəbliyə Hadı müəllim deyirəm… Özü də Hadı müəllim insanların xeyiri və şəri ilə bağlı yazılan qanunların hər birinin əsas fiqurlarından biri, şəxsən Milli Məclisin sosial-siyasət komitəsinin sədridir. Necə deyərlər müəllimlərin, həkimlərin və başqalarının məvaciblərinin komitə sədri. Nəsə. Hadı müəllimin dediklərini yenə harasa yozmaq olar. Məsələn, ən azı belə demək olar. Öz ailəni saxlamaq üçün ləyaqətin yol verdiyi ən ağır işlərə də getməli və buna görə utanmamağı tövsiyə edir. Müəllim də istisna deyil. Amma Cinayətkar aləmin avtoriteti ilə bağlı dostumuz, hörmətli Fəzail müəllimin fikirlərinə heç cür izah tapa bilmirəm. Bu məsələnin səbəblərini araşdırdım. Və nəhayət belə qərara gəldim ki, hər şeyin kökü və ya başı gedib Sovet İttifaqına çıxır. O zaman həbsxanaları bir romantikləşdirmə meyli var idi. Görünür xalqlar həbsxanasındakı azadlıqdan yorulan vətəndaşlar, həbsxanada daha azad olmağın mümkünlüyünə inanırdılar. O zaman məhəllədə ən hörmətli oğlanlar türmə keçmişlər idi.
Fəxrlə, qürurla danışarlardı: Filankəs-filankəsi yortdu, bıçağı çıxartdı o saat soxdu qarnına… belə cümlələrin mübtədaları bizim baş üzvlərimiz idi. Qəhrəmanlarımız idi. Şəkidə Qoçu Nəriman, Yardımlıda Yasər. Sanka Zver Bakıda əfsanəvi şəxsiyyətlər idilər. Baxmayaraq ki, residivist, qatil, oğrubaşı idilər. Sovet ideologiyası insanlarda ikrah hissi doğurduğuna görə, onlar həbsxanaya düşən oğrulara az qala Qaçaq Nəbi və Robin Qudun davamçıları kimi baxırdılar. Buna görə də gənclər kriminal mühiti romantikləşdirirdilər. Sanka Zver belə gəldi, Kəbir belə getdi, Lotu Bəxtiyar belə nakazat elədi… Belə vurdular, belə yıxdılar… O zaman oğru qanunlarından sitat gətirirdilər, həbsxanada ümumişlək olan jarqonlardan istifadə edirdilər… Ponyatka söhbətləri, Derzkiy oğlan, sxodka. Həbsxana şəxsiyyətləri məşhur ulduzlar kimi əl çatmaz idilər. Onlara oxşamaq istəyənlər var idi. Uşalar qollarına məhbuslar kimi nakolka döydürərdilər. Bu yanaşma, alternativ ideologiya idi. Sovet ideologiyasına bir protest idi. Bir sıra məbuat vasitələrində indi də kriminal mühit, həbsxana şəxsiyyətləri, avtoritetlərin həyatı qabardılır, onlara sanki cəmiyyətin qaymaqları kimi yanaşırlar.
Bəlkə də Fəzail müəllim birdən-birə o zamanın ovqatına düşüb… Və buna görə də mən hörmətli millət vəkilimizin çıxışına təsadüfi bir hal kimi yanaşmıram. Bu günə gəlib çatan həbsxana romantizmini də Sovet İttifaqının bir qalığı kimi arxivə atmaq lazımdır. Unudulmamalıdır ki, onlar cinayət törətmiş, qanunun aliliyini tapdalamış insanlardır və belələri heç vaxt normal vətəndaşa, məsul olduğun seçiciyə örnək göstərilə bilməz. Və onlar öldürür, onlar oğurudurlar, onlar insanların cibinə girir, dövlətin qayğılarına, qanunlara zərbə vururlar. Nə olub bizə? Nə baş verir. Hə, ola bilsin ki, onlar arasında da bir insan kimi pis olmayanlar var. Amma cinayət məcəlləsinin konkret müddəalarını pozublar. Onlar birgəyaşayış prinsiplərini pozurlar. Atasının qatilini məhkəmə zalında qanunun hökm etdiyi ərazidə tapançadan atəş açaraq qətlə yetirib! Səbəb nə qədər ali və ya adi olsa belə. Adamı qanun cinayətkar say. Bu gün həbsxanada yatmışlara, burda hətta kimlərsə yatmışlara da qəribə bir heyranlıq var… Bu gün söhbət təkcə deputatdan getmir. Ziyalıdan danışırıq… Onların bir qrupunu cərəyandan ayırıblar, daha ziya işıq vermirlər. Ziyalı sözü, Ağsaqqal sözü o qədər alçalıb ki, biz hətta Yazıçılar Birliyinin iki üzvünün bir-birini bıçaqlamasını da adi kriminal hadisə kimi qiymətləndirməli deyilik. Bəlkə elə bu yazıçılar da ədəbi bədii dillə yox həbsxana jarqonuna, adi azadlığa yox, həbsxana azadlığına vurulurlar. Dostlar bəlkə, ağzınızın danışığına fikir verək. Ağız sənə, qulaq başqasına məxsusdur və bu başqası həm də sən olursan.
Azad bir dövlətdə həbsxana vurğunluğunun səbəblərini açmaq mənə çox çətindir. Bir daha Sovet İttifaqına qayıdıram. O zaman sovet türməsinə düşən azərbaycanlını sovet qanunlarına itaətsizlik göstərdiyinə, onları pozduğuna görə bəlkə də hardasa disident də adlandırmaq olardı… Amma bu gün Azərbaycan müstəqil dövlətdir. Onun qanunları var və onları pozmaq olmaz. Yeri gəlmişkən bu qanunları elə həm də bir millət vəkili olaraq Fəzail Ağamalı özü yaradır…