www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Məhərrəmlik bitir, toy sezonu başlayır... Şadlıq saraylarına dur deyən olacaqmı?


Məhərrəmlik bitir, toy sezonu başlayır... Şadlıq saraylarına dur deyən olacaqmı?

Bölmə: Cəmiyyət
 Məhərrəmlik bitir, toy sezonu başlayır... Şadlıq saraylarına dur deyən olacaqmı?
Eyyub Hüseynov: “Alternativ bir yol təklif edilməyənə qədər bu biabırçılıq davam edəcək”

Abbas Əliyev: “Şadlıq sarayları ilə sifarişçi arasında razılaşma müqavilə ilə rəsmiləşdirilməlidir”

Xatırlayırsınızsa, Məhərrəmlik ayının başlanması ərəfəsində İqtisadiyyat və Sənaye Nazirliyi şadlıq saraylarında, israfçılığa yol verilməsi, istehlakçı hüquqlarının pozulması ilə bağlı xəbərdarlıq etmiş və vətəndaşları şadlıq sarayları ilə münasibətdə öz hüquq və vəzifələrini qorumağa çağırmışdı. Nazirlik bildirmişdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var.
Bu tövsiyələrin ardından müsəlmanların matəm ayı olan Məhərrəmliyin başlaması ilə əlaqədar toy, şənlik məclislərinin keçirilməsi dayandı və mətbuat da, cəmiyyət də bu mövzunu unutdu.

Təxminən 10 gün sonra toy mövsümü start götürəcək. Görəsən, İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri prosesə müsbət yöndə təsir edəcəkmi?
Öncə toy etmək istəyən sifarişçi kimi “Kral” şadlıq sarayı ilə telefon əlaqə saxladıq. Restoranın Mətləb adlı administratoru bildirdi ki, qiymətlər 95 manatdan başlayır. Ən bahalı menyunun qiyməti 170 manatdır. Administratorun danışığından bəlli oldu ki, onun nazirliyin tövsiyələrindən xəbəri yoxdur, ya da əməl etmək niyyətində deyil.
Hökumətin toy mərasimləri ilə bağlı xəbərdarlığını xatırladanda isə, administrator bildirdi ki, onlarda heç bir narahatlıq ola bilməz.
“Kleopatra” şadlıq sarayının administratoru da sifarişçilərin nağd şəkildə ödəniş etdiyini bildirdi. Bu restoranda qiymətlər 35-55 manat arasında dəyişir. Sifarişçi istərsə restoranın rekvizitləri ona təqdim olunur və ödəniş bank yolu ilə köçürülür. Bu zaman restoran dövlət rüsumunu ödəyir.
Bir neçə şadlıq sarayına isə jurnalist kimi zəng vurub, İqtisadiyyat və Sənaye Nazirliyinin xəbərdarlığından məlumatlı olub- olmadıqlarını soruşduq.
“Səma” şadlıq sarayının administratoru Şahin Rzayev bildirdi ki, 20 gün öncə onlara məktub şəklində xəbərdarlıq gəlib və restoran rəhbərliyi də buna əməl edəcək: “Sifarişçilərlə müqavilə bağlanır və ödəniş zamanı çek verilir. Biz vergi ödəyicisiyik və qanunauyğun fəaliyyət göstəririk. Həmçinin, sifarişçiyə imkan yaradırıq ki, menyuda dəyişiklik etsin. İstənilən yeməyin tərkibi haqqında məlumat veririk və sair”
“Çingiz xan” restoranın administratoru Münasib Abdullayev də hökumətin xəbərdarlığına əməl etdiklərini bildirdi.

Problemə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İqtisadiyyat və Sənaye Nazirliyinin bu tövsiyələri zəruridir, lakin yetərli deyil: “Ona görə yetərli deyil ki, bu deyilənlərin həyata keçirilməsini tənzimləmək lazımdır. Bunun səbəbi isə şadlıq saraylarında tələbin təklifi üstələməsidir. İnsanlar aylarla şadlıq evlərinə növbəyə yazılırlar. Tələb təklifi üstələyən zaman həmişə keyfiyyətsiz xidmət meydana çıxır. Dövlət orqanlarının belə xoş niyyətli addımları çox olub. Dövlət Standartlaşdırma və Patent İdarəsi bütün bunların standartını yaradıb, lakin bu standartlar həyata keçirilibmi?”
Eyyub Hüseynov istehlakçılara səslənərək bildirdi ki, mütləq şəkildə şadlıq saraylarına ödədikləri pulun müqabilində rəsmi sənəd, çek tələb etsinlər: “İnsanlar külli miqdarda vəsait ödəyir, ancaq heç bir çek verilmir. Bütün bunlar vergi orqanlarının gözü qarşısında baş verir. Şadlıq saraylarına o qədər tələb var ki, istehlakçı öz hüquqlarını qoruya bilmir. Sifarişçi restoran rəhbərliyindən müqavilə tələb etdiyində, sahibkar sadəcə imtina edir. Alternativ bir yol təklif edilməyənə qədər bu biabırçılıq davam edəcək. Bunun bir yolu da odur ki, açıq havada, çadır toyları keçirilsin. Təbii ki, burada inzibati cəzalar da tətbiq oluna bilər. Dövlət orqanları da gərək bu sahədə ardıcıl iş aparsınlar”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, nazirlik bu istiqamətdə yoxlamalara başlayacaq: “İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müəyyən zaman sonra şadlıq saraylarında monitorinqlərə başlayacaq. Burada əsas məsələ sifarişçilərlə şadlıq evləri arasında xidməti müqavilənin bağlanmasıdır. Bu müqavilədə sifarişçinin tələbləri əks olunmalıdır. Yer sayı, menyu siyahısı və xidmət haqqı, mərasimin keçirilməsi ilə bağlı bütün şərtlər müqavilədə əskini tapmalıdır. Əgər toy mərasimi zamanı müqavilədə əksini tapmayan və sifarişçinin istəklərinə uyğun olmayan hər hansı bir şərt irəli sürülərsə bu artıq qanun pozuntusudur. Bu baxımdan ki, müqavilədə razılaşmanın bütün şərtləri qeyd olunub və xərclər müəyyənləşib. Toyun gedişində, toydan sonra müqavilədən kənar hər hansı şərt irəli sürülərsə sifarişçi istehlakçı hüquqlarının pozulması ilə bağlı dövlət xidmətinə müraciət edə bilər”.
Nazirlik sözçüsü onu da qeyd etdi ki, vətəndaşlar şadlıq məclislərinin təşkili zamanı hüquqlarını pozan, onları əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.

Nərgiz Liftiyeva