www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Yıxılan ağaca balta çalanlar - ARAŞDIRMA

Yıxılan ağaca balta çalanlar - ARAŞDIRMA

Bölmə: Cəmiyyət
Yıxılan ağaca balta çalanlar - ARAŞDIRMA
Biz görmüşük ki, daha doğrusu, atalardan eşitmişik ki, ağacı qurd içindən yeyər. Amma xeyli vaxtdır görürəm ki, qurd öz işini çöldən görməyə başlayıb. Əli baltalıların kimliyi barədə bir az sonra. Hələlik isə, problemin mahiyyəti barədə xəbər verim, siz də dərdimə şərik olun. Xeyli müddətdir ki, sosial şəbəkələrdə Sumqayıtdakı məhəllələrdən birində ağacların suvarılması üçün nəzərdə tutulan su kranının yerli su idarəsinin əməkdaşları tərəfindən kəsilməsi xəbəri yayılmaqdadır. İdarə əməkdaşları öz hərəkətlərini bu cür əsaslandırıblar ki, su kranına sayğac quraşdırılmayıb, bununla da, böyük həcmdə su itkisinə yol verilir. Maraqlıdır ki, sakinlərin “ağaclar hamındır, bir nəfərin yox” arqumenti idarə əməkdaşları tərəfindən qulaq ardına vurulub. Qulaq məsələsinə elə belə toxunmadım. Çünki idarə əməkdaşları əlini şəhid bulağına uzadanda, şəhidin anası onların “qulağının dibini qızdırıb”. Bunu mən demirəm, həmin məhəllənin sakinləri olan sosial şəbəkə istifadəçiləri yazır. Mən yalnız deyə bilərəm kimi, şəhid bulağının sökülməsini həmin məmur qulağının dibi kimi görəcək. Oxucum bir az səbr etsə, özü də sözlərimin təsdiqini görəcək. Bizə yalnız inanmaq və “qulağının dibi qızan” məmurun halına acımaq qalır. Maraqlıdır, bəs susuz qalan ağacların halına kim acıyacaq?

Gələn qanunvericiliklə bu cür halların necə tənzimləndiyinə nəzər salaq. Heç kəsə bəraət qazandırmaq fikrim yoxdur. Amma həmin idarə əməkdaşı sadəcə öz işini yerinə yetirib. Bunu qanunlar deyir. Çünki məmur su itkisinin, bununla da, dövlət büdcəsinə dəyən ziyanın qarşısını alıb.

Qanunun digər üzündə isə yazılıb ki, sözügedən məsələ ilə yerli İcra Hakimiyyəti, Mənzil-istismar sahələri, bələdiyyələr məşğul olmalıdır. Lakin həmin qurumlar bu işi öz üzərinə götürmür. Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir.

Qurum rəsmisi bildirir ki, Bakıda 9 minə yaxın çoxmənzilli yaşayış binası var. Onların böyük əksəriyyətinin həyətində 2-3 su kranı var. Bu kranlar isə yalnız yaşıllaşma məqsədi üçün istifadə olunmur: “Belə ki, bu krandan gələn su ilə maşın, palaz yuyulur. Hətta bəzi hallarda “moyka” kimi tanınan avtoyuyucular da istifadə edir. Elə kran da var ki, bütün gün ondan lazımsız yerə su axır. Təbii ki, həmin kranlardan gələn sudan yaşıllaşdırma üçün də istifadə olunur. Lakin suyun boşu-boşuna, lazımsız məqsədlər üçün axması böyük miqdarda itkilərə səbəb olur. Bir çox binaların zirzəmisində yerləşən su xətlərini tamamilə ləğv edirik. Lakin bu zaman sakinlərə şərait yaradırıq ki, həmin əraziyə bir xətt çəkilsin, pulu ödənmək şərti ilə sudan istifadə olunsun. Yəni bir qrup sakin həyətin bir sakini adından bizim quruma müraciət edə bilər. Biz də xətti çəkib, sayğacı quraşdırarıq, ödənişi isə sakinlərdən yığıb etmək olar. Bu halda sudan istifadə qiyməti 30 qəpiklə hesablanacaq. Yeri gəlmişkən, bizə bu cür müraciətlər daxil olub və olmaqdadır”.

A. Cəbrayıllı onu da bildirib ki, “ölkə ərazisində bir dənə də olsun şəhidlərin xatirəsinə quraşdırılan su bulağı sökülməyib”. Bundan başqa, yaxın zamanlarda belə bir addımın atılacağı gözlənilmir. Bunu da qurum rəsmisi deyib.

Qeyd edim ki, paytaxt məhəllələrinin ağaclarının sulanmasını Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma İdarəsi etməlidir. Lakin etmir...

Sözügedən quruma “N” qədər sualım var idi (elə indi də var). Lakin suallarıma hələ də cavab tapa bilmirəm. Çünki idarədə telefonun dəstəyini qaldıran bir nəfər belə yoxdur. Buna baxmayaraq, Lent.az tribunasından istifadə edib idarənin “aydan arı, sudan duru” əməkdaşlarından soruşuram: atalar demişkən, ağac dibindən su içməli olduğu halda, bəs nədir bu yaşıl canlılara qara münasibətin səbəbi?

Məsuliyyət yalnız yaşıllaşdırma İdarəsinin üzərində deyil. Bayaq qeyd etdiyim kimi, yerli bələdiyyələr və mənzil-istismar sahələri də bu məsələyə laqeyd qalmamalıdır. Biz həmin ağacların hesabına nəfəs alırıq nəticə etibarilə. Quyuya su tökməklə dolmaz. Gərək vəzifə borcunu elə yerinə yetirəsən ki, üzündə su olsun. Bu gün qəpik-quruşu ağaclara qıyılmır, lakin bunu fəsadları barədə dərindən düşünülməlidir. Burnunuzdan o tərəfi də görün, sabahınızı düşünün. Və bir də unutmayın ki, su gələn arxa bir də gələr... imkan verilsə.