www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » İmişli mədəniyyətində Süleyman Bəşirov talançılığı


İmişli mədəniyyətində Süleyman Bəşirov talançılığı

Bölmə: Cəmiyyət
 İmişli mədəniyyətində Süleyman Bəşirov talançılığı
İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov bu vəzifəyə təyin edildiyi gündən mədəniyyət və turizm şöbəsinin işi Allaha qalıb. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda şöbənin müdiri Süleyman Bəşirovun öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Artıq qeyd olunduğu kimi bu qurumun xətti ilə hazırda rayonda 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalereyası, uşaq musiqi məktəbi, uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon əhalisinə mədəni xidmət göstərir. Lakin bütün bu obyektlərin fəaliyyəti ciddi qüsurlarla müşayiət olunmaqdadır. Buna əsas səbəb kimi isə belə bir məqam göstərilir ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət və turizm müəssisələri istisnasız olaraq hər ay Süleyman Bəşirova müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə mədəniyyət və turizm şöbəsinin müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisə rəhbərləri üçün ciddi problemlər yaradıla bilər. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Məlumatlarda bildirilir ki, rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirilən müxtəlif maxinasiyaların köməyi ilə xeyli miqdarda rüşvət yığımlarına və büdcə vəsaitlərinin mənimsənilməsinə nail olunur. Bir başqa mənbədən aldığımız məlumatda S.Bəşirova qarşı yenə də ciddi ittihamlar irəli sürülüb. Bu ittihamlar rayonda fəaliyyət göstərən əksər mədəniyyət və turizm müəssisələrində xarakterik “ölü canlar” maxinasiyasının tətbiq olunduğunu vurğulayırlar. Digər tərəfdən də bəzi mənbələr rayonda fəaliyyət göstərən bəzi müəssisələrin, ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğunu iddia edirlər. Vurğulanır ki, İmişlinin kəndlərində fəaliyyət göstərən kitabxanalar, mədəniyyət evləri və klublar da hazırda şəxsi qazanc mənbəyi kimi çıxış edırlər. Belə ki, kəndlərdə yerləşən bu müəssisələr əslində sadəcə formal qurumlar kimi fəaliyyət göstərirlər. Kitabxana, mədəniyyət evləri və klublarda bir çox işçilərin sadəcə adları maaş cədvəlində qeyd olunub. İşçilərin adlarına yazılan əmək haqqları isə yenə də şöbənin rəhbərliyinə çatır. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Süleyman Bəşirov tərəfindən mənimsənilir. Məlumatada o da bildirilir ki, Süleyman Bəşirov əvvllər bu idarədə mühasib işlədiyi üçün onun indi müdir işləməkdə mənəvi haqqı yoxdur. İmişli Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri ixtisas baxımından tamamilə başqa bir sahə üzrə mütəxəssisdir. Bu ixtisasa isə Süleyman Bəşirov Gəncə Kənd Təsərrüfatı Akademiyasının mühasibatlıq fakültəsində təhsil alaraq yiyələnib. Lakin biz bunu da qeyd etmişdik ki, bu vəziyyəti düzəltmək üçün S.Bəşirov hazırda Gəncə Dövlət Universitetində tarix fakültəsində ikinci ali təhsil alır. Hərçənd, mənbələrin iddialarına görə həmin universitetdə Süleyman müəllimin indiyədək üzünü görən hələ olmayıb. Elə yeni aldığımız məlumatda da bildirilir ki, Gəncə Dövlət Universitetində qiyabıçı tələbələr üçün artıq cari ayın 2-dən sessiya başlansa da, Süleyman Bəşirov indiyədək universitetin həndəvərinə belə yaxınlaşmayıb...
Açıqca İmişli mədəniyyət və turizm şöbəsində Süleyman Bəşirov talançılıqla məşğuldur. Şöbənin fəaliyyəti və inkişafı, eyni zamanda rayon tədbirləri üçün ayrılmış küllü miqdarda dövlət vəsaiti havaya sovrulur. Çox təəssüflər olsun ki, maliyyə nazirliyinin maliyyəyə nəzarər idarəsinin rəisi Cavanşir Yusibov belə məsələlərə biganədir. O, Süleyman Bəşirovun güclü maliyyə pozğunluğuna ciddi yanaşsa, yəqin ki, hər şey güzgü kimi aydın olar.