www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Deputatla əməkdar artistin torpaq çəkişməsi

Deputatla əməkdar artistin torpaq çəkişməsi

Bölmə: Cəmiyyət
Deputatla əməkdar artistin torpaq çəkişməsi
Firuzə İbadova: «Əgər iş məhkəməyə qədər getsə, əminəm ki, mənim xeyrimə qərar çıxarılacaq»



Astan Şahverdiyevin mərhum kürəkəni onlarla vətəndaşa qarşı özbaşınalıq edib



Keçən ilin ən səs-küylü hadisələrindən biri də Milli Məclisin deputatı Astan Şahverdiyevlə tanınmış müğənni, əməkdar artist Firuzə İbadova arasında yaşanan torpaq qalmaqalı olmuşdu. Xatırlatma üçün deyək ki, deputatın mərhum kürəkəni Aqil Fətəliyev 2009-cu ildə Firuzə İbadovanın Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 11 sot bağ sahəsinin 4.8 sotunu alıb.

Notarial qaydada alqı-satqı baş tutandan sonra qarşı tərəf təxminən torpağın 15 min dollarını ödəyib. Yerdə qalan məbləği isə əməkdar artist bu günə qədər ala bilməyib. Firuzə xanım bununla bağlı bir neçə dəfə Aqil Fətəliyevin ailəsinə, o cümlədən Astan Şahverdiyevə müraciət etsə də, bir nəticə hasil olmayıb. Bu azmış kimi, Milli Məclisin üzvü müğənninin yerdə qalan 6.2 sot torpağını da zəbt edib. Çıxılmaz vəziyyətdə qalan Firuzə İbadova əlaqədar dövlət qurumlarına müraciət ünvanlasa da, deputatın törətdiyi fəsadlar aradan qaldırılmayıb. Məsələ ictimailəşəndən sonra millət vəkili haqqında deyilən fikirlərə reaksiya vermişdi. «Kimsə pulunu ala bilmirsə, orada onun adının günahkar kimi göstərilməsi doğru deyil. Digər tərəfdən isə o torpaq mənim nəvəmindir və həyat yoldaşımın adınadır. O torpaq heç kimə verilməyəcək. Həmin 5 sot torpaq qanunidir və kupçası da var. Hətta, qızımla boşanma ərəfəsində keçmiş kürəkənim olan o gədəyə həyat yodaşım "dovernus” verdi ki, aparıb o torpaqı satsın. O da sata bilmədi və belə də qaldı. O adamı mənim kürəkənim kimi təqdim etmək doğru deyil. Həmin adam 2 ildir ki, mənim kürəkənim deyil, qızım dava-qırğın yolu ilə ondan boşanıb. Hətta, bu adam neçə vaxtdır məhkəməyə gəlməyib də», deyə Astan Şahverdiyev vurğulayıb. Bildirək ki, millət vəkilinin imza atdığı qanunsuzluqlardan sonra əməkdar artist Firuzə İbadovanın səhhəti pisləşmiş, hətta xəstəxanaya yerləşdirilmişdi. Baş verənlərə etiraz olaraq tanınmış müğənni həmçinin 3 gün aclıq aksiyası da keçirmişdi. Dünən müğənni ilə əlaqə saxlayıb həm səhhətinin, həm də torpaq işinin nə yerdə olduğunu soruşduq. Firuzə xanım bildirdi ki, səhhətindəki problemlər ona rahat olmağa imkan vermir: «Xəstəliyimlə əlaqədar mütəmadi olaraq müalicə alıram. Müalicə almasam, halım daha da pisləşə bilər. Bilirsiniz ki, torpaq məsələsindən sonra səhhətim bir qədər də ağırlaşdı. Məni bu hala salanlar Allah qarşısında cavab verəcək. Tək qadınam, heç yerdən köməyim yoxdur. Sənətimin sayəsində ailəmi, nəvəmi saxlayıram. Hələlik qarşı tərəfə torpağın həqiqətən də mənə aid olduğunu sübut etməyə çalışıram. İnanıram ki, buna nail olacam. Astan Şahverdiyevin kürəkəni çox adama pul atıb.

Düzdür, ölən adamın arxasınca danışmazlar, amma Aqil Fətəliyev mənə elə pislik edib ki, bunu ömür boyu yaddan çıxara bilmərəm. O məndən başqa onlarla insanın hüquqlarını pozub. Lazım olsa, həmin şəxslərin kimliyi barədə sizə əlavə informasiya verərəm». Əməkdar artist həmçinin qeyd etdi ki, yaranmış problem tərəflər arasında razılıqla yekunlaşmasa, yəni Astan Şahverdiyev qanunsuz olaraq zəbt etdiyi torpağı ona qaytarmasa, o zaman məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq: «Azərbaycanda məhkəmə hakimiyyəti çox yüksək səviyyədə təşkil olunub. Hakimlərin ədalətinə və məhkəmələrin şəffaflığına inanıram. Məhkəmələrimiz beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəliklərə sadiqdirlər. Əgər iş məhkəməyə qədər getsə, əminəm ki, mənim xeyrimə qərar çıxarılacaq. Zənnimcə, məhkəməyə ehtiyac olmayacaq. Böyük ehtimalla torpaq qalmaqalı tezliklə həllini tapacaq. Hamıdan çox həmin torpaq sahəsinə mənim ehtiyacım var. Uzun illərdir sənətdəyəm. Bu günə qədər səsimin gücünə ailəmi saxlamışam. Şou-biznesdən hər zaman uzaq olmuşam. Xalq məni tanıyır, sevir».

Qeyd edək ki, əməkdar artistlə torpaq çəkişməsində adı keçən Astan Şahverdiyev Milli Məclisin biznesmen deputatlarından biri kimi tanınır. Onun Bakı, Sumqayıt və Biləsuvarda bir neçə obyektinin və mənzilinin olduğu bildirilir.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.