www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Bölmə: Araşdırma, Fakt
Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH
“Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalarda deyib. O, gələn ilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəklərini bildirib.

DİM sədrinin bu açıqlaması ictimaiyyətin narazılığına səbəb olub. Bununla bağlı müxtəlif ekspertlər, ictimai xadimlər öz fikirlərini səsləndirib.

Məsələ ilə bağlı Milli Məclsisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir.
“Əsas məqsəd test üsulunun yeni formada tətbiqi, Azərbaycanda təhsil sisteminin dəyişilməsi və ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır. Müəyyən istedadlı abituriyentlər üçün şərait yaradılması, onların bacarıqlarının üzə çıxarılması bu sistemin xüsusiyyətlərindən biri olacaq”.

Deputat qeyd edib ki, əgər yeni sistem keyfiyyətli təhsilə yol açacaqsa, bu, savadlı kadrların yetişməsinə gətirib çıxaracaq.
“Məleykə Abbaszadə hələ qəbul qaydalarında nəyin necə dəyişdiriləcəyi barədə konkret heç nə deməyib. Bu barədə dəqiq məlumat verilməyib. Əgər yeni variant test üsulundan mütərəqqi olub, keyfiyyətli təhsilə yol açacaqsa, bu, Azərbaycanda savadlı kadrların yetişməsinə gətirib çıxaracaq”.