www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » “Televiziyaların reytinqi şübhə doğurur” – mütəxəssislərdən ilginc açıqlamalar

“Televiziyaların reytinqi şübhə doğurur” – mütəxəssislərdən ilginc açıqlamalar

Bölmə: Araşdırma, Aktual
“Televiziyaların reytinqi şübhə doğurur” – mütəxəssislərdən ilginc açıqlamalar

Nuşirəvan Məhərrəmli: “Bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır”
Qulu Məhərrəmli: “Reytinqlərin şübhə altına alınmasının başa düşüləndir”
İlhamiyyə Rza: “İctimai-siyasi verilişlərin heç vaxt reytinqi olmur”

“Reytinq ölçən təşkilatların fəaliyyətindəki qeyri-şəffaflıq, qeyri-sağlam münasibətlər bizi narahat edir”. Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli report.az saytında verdiyi müsahibəsində deyib.

Qurum sədri qeyd edib ki, bu cür narahatlığın yaramasına səbəb reytinq ölçən təşkilatların daha çox şou-bizneslə bağlı verilişlərə üstünlük verməsi, daim onları reytinqli göstərməsidir:
“Bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır. Axı onların işi necə apardıqlarını heç kəs bilmir. Adi bir otaqda oturmaqla özləri də bu məlumatları çox asanlıqla verə bilərlər. Heç kəs onları yoxlamır, fəaliyyətlərinə nəzarət etmir, hansı insanlar arasında sorğuların keçirildiyi bilinmir.

Biz bununla bağlı müəyyən işlər görürük və gələcəyə hesablanmış planlarımız, məqsədlərimiz var. Azərbaycanda AGB (Nielsen Media Research) adlı təşkilat reytinq ölçürdü. Rəqəmsal yayıma keçdikdən sonra bu iş arxa plana keçib. Onlar az vəsait qoymaqla böyük gəlir əldə etməyə çalışırlar. Bu da doğru deyil. Onlar rəqəmsal yayıma keçdikdən sonra piplmetrlərin sayını artırmalıdırlar. Bakı şəhərində əvvəlki illərdə 200, ölkənin digər rayonlarında da 200 piplmetrlə reytinq ölçürdülər. Bununla da reklamı bölüşdürürdülər. Amma rəqəmsal yayıma keçdikdən sonra bu proses tamamilə azaldı, çünki onlar analoq yayım üzrə ölçmə işini aparırdılar. İndi rəqəmsal yayım yalnız kabel şəbəkələri üzərindən həyata keçirilir. Kabel şəbəkələri da bütün ölkəni əhatə etmir. Yalnız Bakı şəhərində, Sumqayıt və Gəncədə var. Ona görə də bunların reytinq ölçmələrində problemlər mövcuddur. Bu problemləri görürük və bununla bağlı müraciətlərimiz var”.

Mütəxəssislər qeyd edir ki, dünyada televiziyaların reytinq ölçüsü 7000 rəqəmi ilə əsas götürülür. Müxtəlif monitorinqlərlə televiziyaların reytinqləri müəyyənləşdirilir və nəticələr ictimailəşdirilir.

Ölkəmizdə təşkilatlar cəmi 400 nəfərin fikrini öyrənir və buna uyğun hesablamalar aparır. Bəs bu hesablamalar nə dərəcədə şəffaf aparılır?

Televiziya eksperti Qulu Məhərrəmli mövzuya bu cür şərh bildirdi: “Reytinq məsələsi çox ciddi bir məsələdir. Ölkəmizdə bununla bağlı əsasən iki şirkət fəaliyyət göstərir. Onlar televiziyalar ilə müqavilə bağlayır və auditoriyanı öyrənirlər. Bu başqa məsələdir ki, onlar hansı metodikadan istifadə edir, neçə abunəçinin evində yoxlamalar aparır, televiziyalara qoyulan qurğular dəyişirmi və sairə. Yəni reytinq məsələsi konkret olaraq metodikaya və şirkətin nüfuzuna əsaslanır. Tutaq ki, Amerika kimi ölkədə bir firma var, həmin firma dəqiq ölçülər aparır, buna sistemli şəkildə nəzarət edir, təhlillər aparır. Azərbaycanda isə 90-cı illərin ortalarına qədər yeganə reytinq şirkəti fəaliyyət göstərirdi.

Sonradan yeni bir şirkət qoşuldu. Televiziyaların hamısı həmin şirkəti yaxşı tanıyırlar. Hesab edirəm ki, reytinqin müəyyənləşdirilməsi kommersiya televiziyası üçün çox önəmlidir. Yəni, ona uyğun olaraq televiziyalar proqramlarında düzəlişlər, yeniliklər edirlər. Məsələn, Türkiyə televiziya məkanında tez-tez şahidi oluruq ki, hansısa serial yayımlanır və məlum olur ki, həmin serialın tamaşaçıları yoxdur, reklam vermir, bu vaxt onun yayımını dayandırılar”.

Ekspert qeyd etdi ki, ölkəmizdə reytinq şirkətləri olmasa belə, tamaşaçıların alışdığı verilişlərin səviyyəsindən vəziyyəti ayırd etmək olur:

“Verilişlərin əsas tamaşaçıları demək olar ki, evdar qadınlardır. Əgər 10-15 il bundan əvvəl ciddi tamaşaçılar xəbərləri izləmək üçün televiziyaya baxırdılarsa, indi bu funksiyanı xəbər portalları, saytları yerinə yetirdiyindən onlar məlumatları oradan alırlar”.

Qulu Məhərrəmli reytinqlərin şübhə altına alınmasının başa düşülən olduğunu dedi:

“Əgər MTRŞ reytinqlərin nəticələrinə şübhə ilə yanaşırsa, bu zaman qurum hansısa beynəlxalq təşkilata müraciət edib və yaxud özü konkret metodika əsasında bir ay və ya bir rüb ərzində televiziyaların reytinqini müəyyənləşdirə bilər. Düşünürəm ki, müəyyən layihələr əsasında bunu həyata keçirmək mümkündür. Bu zaman əsl gerçək də aydınlaşar. Düşünürəm ki, MTRŞ belə bir araşdırma aparsa həm televiziyalar, həm tamaşaçılar, həm də televiziya mütəxəssislərinə köməklik etmiş olar”.

Tanınmış jurnalist İlhamiyyə Rza isə vurğuladı ki, reytinqlərin şəffaf aparılması haqda heç vaxt mətbuatda məlumat olmayıb:

“Reytinqi hesablayan şirkətlər var. Şirkət rəhbərləri adətən reytinq barədə işçilərə məlumat verirlər ki, onlar bilsinlər verilişlərin reytinqi necədir.

Ümumilikdə reytinq bir məsələsi saya hesablanır. Verilişin keyfiyyətini baxış sayı ilə hesablanmasını isə doğru hesab etmirəm. Və mətbuatda heç vaxt bu ölçülər necə şəffaf aparıldığı haqda məlumat olmayıb. Ümumiyyətlə reytinq şirkətlərinin fəaliyyəti şəffaf deyil. Təbii ki, şəffaf olmayan bir məsələyə həmişə şübhə ilə yanaşacaqlar.

Hazırda heç bir televiziya proqramını izləmirəm, ona görə də hansının reytinqli olmasını bilmirəm. Vaxtilə “Gecə kanalı” verilişini hazırlayarkən onun reytinqindən xəbərsiz idik. O zamanlar reytinq məsələsi heç gündəmdə də deyildi. Amma bilirdik ki, veriliş reytinqli idi.
Bunu isə ictimaiyyətdə bizə yaxınlaşıb fikrini bildirən insanların reaksiyasından bilirdik. Əgər bu gün mənim verilişim xatırlanırsa, bu reytinq göstəricisidir.

Ötən il isə “Nəzər nöqtəsi” verilişini aparırdım. Mənə irad bildiriləndə ki, verilişin reytinqi aşağıdır, bunu ciddi hesab etmədim. Çünki ictimai-siyasi verilişlərin heç vaxt reytinqi olmur”.

İlhamiyyət Rza ictimai-siyasi proseslərin ən gur olduğu ölkələrdə belə bu cür verilişlərə marağın aşağı olduğunu dedi:
“9 il bundan əvvəl Amerikada olarkən, orada da bu məsələdən danışırdılar. Yəni, orada da insanların ictimai proseslərə marağı yoxdur. Bildirirdilər ki, Amerikada insanları daha çox sosial problemlər, sığorta məsələləri maraqlandırır, nəinki ölkədə gedən siyasi proseslər”.