www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » Falçılar qorxu içində: telefonlar söndürüldü və...


Falçılar qorxu içində: telefonlar söndürüldü və...

Bölmə: Araşdırma, Aktual
Falçılar qorxu içində: telefonlar söndürüldü və...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi falçılıqla məşğul olanların fəaliyyətinin qadağan edilməsini tənzimləyəcək layihə hazırlayıb.

Bu barədə komitənin sədri Mübariz Qurbanlı məlumat verib. O deyib ki, layihənin təsdiqlənəcəyi təqdirdə falçılıqla məşğul olanların məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Bəs falçıların bu qadağaya münasibəti necədir? İndiyədək yaxşı şəraitdə “işləməyə”, “qaz vurub qazan doldurmağa” öyrəşən falçılar çörəklərini bundan sonra necə çıxaracaqlar, hansı işlə məşğul olacaqlar?

Virtualaz.org saytı bu sualları Bakının məşhur falçılarına ünvanlayıb.



“İş yeri” metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında olan falçı Hacı Hüseynov virtualaz.org saytına bildirdi ki, artıq bir-iki aydır işləmir: “Mən fəaliyyətimi sıfırlamışam. Yəni daha fala baxmıram, heç kimi qəbul etmirəm. Onsuz da cadu işləri görmürdüm, bəxt açıb-bağlamırdım. Yalnız insanların xeyir-bərəkətini artıracaq dualar yazırdım. Artıq dua da yazmıram”.

H.Hüseynov falçılğın qadağan ediləcəyi təqdirdə təsərrüfat işləri ilə məşğul olacağını dedi: “Yəqin ki, rayona gedəcəm. Təsərrüfat işləri ilə məşğul olmaq istəyirəm”.



Qəhvə ilə fala baxmaqda məşhur olan Xanım Əsgərova isə suallarımıza qulaq asandan sonra artıq bu işlə məşğul olmadığını deməklə kifayətləndi və dəstəyi asdı.

Digər falçı - Nuridə adlı xanım isə dedi ki, o, Azərbaycanda yalnız xeyriyyə işləri ilə (?-red.) məşğul olur: “Mən Azərbaycanda falçılıqla məşğul olmuram. Xeyriyyə tədbirləri keçirirəm, insanlara yardım edirəm. Amma Rusiyada xəstələrim var. Rusiyada fəaliyyətimə isə heç kim mane ola bilməz. Mən fenomen insanam, aşağı təbəqə kimi falçı, molla deyiləm. Mənim əlimdə enerji var, bu enerjinin köməyi ilə xəstələri müalicə edirəm. Bu isə falçılıq deyil”.

Virtualaz.org saytının müxbirləri televiziyada tez-tez reklam olunan falçıların əksəriyyəti ilə də əlaqə saxlamağa cəhd edib. Lakin bəziləri telefonları söndürdü, digərləri isə danışmaq istəmədiyini dedi.

Məsələn, Bakının məşhur falçılarından biri falçı Almazın telefonlarına zəng çatmadı. Almaz xanım mətbuata müsahibəsində vəzifəli şəxslərlə işlədiyini, MTN tərəfindən himayə olunduğunu demişdi.


“Cindar Həsən” kimi tanınan Həsən Həsrətli isə verilişlərin birində qızın bədənindən “cin” çıxarmışdı. H.Həsrətli də telefon zənglərinə cavab vermədi.

Etibar Nəsibov, “Qızıl Rahilə”, Məlahət, Yeganə də Bakının tanınmış falçılarıdır. Onlarla əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı.



Qeyd edək ki, sosial şəbəkələrdə də falçılıq fəaliyyəti göstərənlər var. Müştərilər kart vasitəsilə falçıların hesaba ödəniş edəndən sonra görüntü ilə fala baxdıra bilirlər.

Onu da qeyd edək ki, son vaxtlar ölkədə bir neçə falçı həbs edilib.



Məsələn, məmurlara yaxın olduğunu iddia edən 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayeva 7 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan sonra “Həzrət Sabir” kimi tanınan falçı Sabir Abbasov həbs edilib. Özü haqda bir neçə kitab yazdıran, küçələrdə, hətta avtobuslarda reklam edilən “Həzrət Sabir” müsahibələrinin birində Allah tərəfindən vəhy aldığını, “Allahın onu namazdan azad etdiyini” söyləmişdi.


“Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, dövrümüzün “Şeyx Nəsrullahı” sayılan “Həzrət Sabir” əlil arabasında olan əlilləri əllə müalicə etdiyini söyləməklə külli miqdarda vəsait mənimsəməkdə ittiham edilir.

Ötən həftə isə ilanla fala baxan Tamilla Salamova saxlanılsa da sonradan azad edilib.

Jalə Ağazadə

Fatimə Kərimli