Dogru.Tv > Aktual > 'İtkin neftçilərin maaşları ailələrinə verilsin'

'İtkin neftçilərin maaşları ailələrinə verilsin'


Tarix: 30-12-2016, 21:05. Müəllif: Anonim
'İtkin neftçilərin maaşları ailələrinə verilsin'
Dekabrın 15-də itkin düşən neftçilər tapılana və ya barələrində ölmüş qərarı elan edilənədək onların orta əmək haqqı saxlanılmalı, ailə üzvlərindən birinin işlə təmin olunması tezləşdirilməlidir.

Bu təkliflə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə müraciət edib.

O, həmçinin itkin ailələrinə SOCAR və başqa dövlət orqanlarının qanunvericilikdə nəzərdə tutulan ödənişlərdən əlavə maddi və mənəvi yardımlar etmələrini də təklif edir.


ARDNŞ: “O vaxtdan prezidenti görməmişəm”

Şirkət bu müraciətə hansı cavab verəcək? SOCAR-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosu-na deyib ki, onda bu haqda, hələlik, məlumat yoxdur:

“O vaxtdan (neftçilərin itkin düşdüyü 15 dekabrı nəzərdə tutur – red.) prezidenti görməmişəm, ona görə heç nə deyə bilmirəm. Amma görəndə mütləq öyrənərəm”.


“Bizə heç nə lazım deyil”

Şirkət hadisədən sonra ailələrə yardım olaraq 1000 manat verib. Bəzi ailələr bu yardımı qəbul etsə də, bəziləri imtina edib. İtkin düşən neftçilərdən biri Ramiz Abbasovun qardaşı Mübariz Abbasov deyir ki, indiki məqamda onları qardaşının tapılması maraqlandırır: “Demişəm ki, bizə heç nə lazım deyil...”

O, daha sonra əlavə edir: “Yoldaşı, uşaqları ağlayır. Deyirik daha olan olub, heç olmasa, qardaşımızı torpağa qoyaydıq. Başqa heç nə istəmirik”.

Güloğlan və Azay Zülfüqarovların qardaşı Çingiz Zülfüqarov təxminən eyni cavabı verir.


Itkin düşən Samir Bəhramovun oğlu Xalid Bəhramov bu müddətdə ailəyə 1000 manat yardım edildiyini söyləyir. Ancaq Mirvari Qəhrəmanlının təklifi haqda danışmağı lazım bilmir.

Elə Nizaməddin Quliyev də “Bu, ailələrə köməkdir. İşin cüzi hissəsidir və belə deyək, başlanğıcıdır” deyir və əlavə edir ki, ailələrə yardım və kompensasiya məsələsi “hər zaman yüksək səviyyədə həll olunub, yenə də belə olacaq”. “Əsas indi axtarışlardır”, - şirkətin sözçüsü fikrini tamamlayır.

İtkin neftçilərin axtarışları isə 15 gündür davam edir. Hələlik, yeni xəbər yoxdur.


XATIRLATMA

Dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakada dənizə düşüb.

Neftçilərdən ancaq İlham Qafarovun cəsədi tapılıb. Hadisə nəticəsində növbədə olan 9 nəfər itkin düşüb.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında 64 nəfərdən 34 nəfər xilas edilsə də, 30 neftçidən 15-dən çoxunun meyiti tapılmayıb.

Geri Qayıt