SON DƏQİQƏ

Millət vəkili: Dövlət işlənmiş təkər gətirib satanlarla ortaq məxrəcə gəlməlidir

Tarix:20-01-2018, 00:53

Avropadan gətirilmiş işlənmiş təkərlərə tətbiq olunan gömrük rüsumunun 3 dəfə artırılmasından sonra dövlət bu fəaliyyətlə məşğul olan sahibkarlarla ortaq məxrəcə gəlməlidir, millət vəkili deyir.

"Güzəştlərə getmək lazımdır ki, insanlarımız əziyyət çəkməsin", millət vəkili Vahid Əhmədov BBC Azərbaycancaya deyib.

Nazirlər Kabinetinin ötən ilin noyabrında verdiyi qərara əsasən, ölkəyə gətirilən bərpa edilmiş və ya istifadə edilmiş pnevmatik rezin şinlərin hər birinə görə, 10 dollar ödənilməlidir. Əvvəl bu qiymət hər təkərə görə 3 dollar idi.

Bununla əlaqədar Avropadan işlənmiş təkərlər gətirib satmaqla məşğul olan sahibkarlar bazar ertəsi Prezident Administrasiyasının, çərşənbə günü isə Dövlət Gömrük Komitəsinin binasının qarşısında toplaşıblar.

İqtisadçılar isə hesab edir ki, yanvarın 1-dən qüvvəyə minən bu qərardan sonra bazarda həm işlənmiş, həm də təzə şinlərin qiymətlərində artım olacaq.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin və Dövlət Gömrük Komitəsinin şərhini almaq mümkün olmayıb.

 
Avropadan işlənmiş təkər gətirib satan sahibkarlar etiraz edir

Çarəsizlik

Babək prospektində yerləşən "Köhnə maşın bazarı"nda çalışan sahibkarlar deyir ki, onların Avropadan gətirdiyi məhsulla dolu konteynerlər günlərdir gömrük məntəqəsində qalıb.

Əgər əvvəlki qaydalarla onlar bir konteyner məhsul üçün təxminən 10-15 min manat ödəyirdilərsə, indi bu rəqəm 40-50 min manata gəlib çıxır.

Üstəlik 18 faizlik Əlavə Dəyər Vergisi də ödənilməlidir.

Onlar deyir ki, məhsulları gətirmək üçün bankdan kredit götürüblər, indi isə ödəməkdə çətinlik çəkəcəklər.

Bundan başqa sahibkarlar, rüsum ödəyə bilsələr də məhsulun bazar qiymətinin artacağını deyirlər.

Onların sözlərinə görə, əsas müştəriləri təzə şinlər almağa gücü çatmayanlardır. Ancaq qiymətin artması nəticəsində onlar da müştərilərini itirəcəklər.

"İnsanlar gedib Gürcüstandan təkər alıb gətirəcəklər", sahibkar Sərraf Məmmədov deyir.

Prezident Administrasiyası və Dövlət Gömrük Komitəsinin cavabına gəlincə isə sahibkarlar deyir ki, hər iki qurumla danışıqlar heç bir nəticə verməyib.

"Heç bir şey edə bilmirik. Gözləyirik", sahibkar Amil Həsənov deyir.

teker bazari
Image captionBərpa edilmiş və ya istifadə edilmiş pnevmatik rezin şinləri əsasən gəliri az olan vətədaşlar alır, sahibkarlar deyir

"Güzəşt edilməlidir"

Millət vəkili Vahid Əhmədov deyir ki, Nazirlər Kabinetinin qərar verməsinə işlənmiş təkərlərin ekoloji problem yaratması təsir edib.

Lakin o düşünür ki, bu qərarı hamıya şamil etmək olmaz.

"Təzə təkər almağa imkanı olmayanlar var. Güzəştlərə getmək lazımdır ki, insanlarımız əziyyət çəkməsin", o deyir.

Buna görə millət vəkili təklif edir ki, bazarı araşdırdıqdan sonra hansı təkərlərə ehtiyacın olduğu müəyyən edilsə, o təkərlərə aşağı rüsum qoymaq lazımdır.

Qiymət artımı

İqtisadçı Rəşad Həsənov deyir ki, bu qərar geniş şəkildə müzakirə və təhlil edilmədən qəbul edilib.

Onun fikrincə, rüsumun artırılması rüsumlardan dövlət büdcəsinə daxilolmaları artırmağa hədəflənib.

O, yerli istehsalı az olan və ya olmayan məhsulların idxalına rüsumların artırılmasını doğru hesab etmir.

"Əhalinin alıcılıq gücü son 3 il ərzində zəifləyib. Belə halda qiymətlərin bahalaşmasını şərtləndirən hər hansı addım doğru deyil", iqtisadçı hesab edir.

İqtisadçı deyir ki, alıcıların çoxu təzə şinləri qiyməti baha olduğu üçün istehlak edə bilmir. Lakin rüsumların 3 qat artırılması yerli bazarda işlənmiş şinlərin də qiymətinin artması ilə nəticələnəcək.

Belə halda bazarda balans pozulduğundan təzə şinlərin də qiyməti artacaq, bu da sonda yenidən işlənmiş şinlərin istehlakını artıracaq.

"Yəni bu addım hökumətin nəzərdə tutuduğu kimi yeni şinlərə tələbatı artırmayacaq, qiymətini artıracaq", o izah edir.

Cənab Həsənov bu qərarın bir çox kiçik və orta sahibkarlıq subyektlərinə də çətinliklər yaradacağını deyir.

"Bu sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xərcləri artacaq. Kiçik və orta sahibkarların bu sahə ilə məşğul olmaları məhdudlaşacaq. Bunlar da bu sahənin də müəyyən bir gücün əlində toplanmasına gətirib çıxara bilər", o bildirir.

"Sahibkarlarartıq qərardan zərərçəkənlərdir"

İqtisadçı onu da deyir ki, hər hansı qərar verilirsə onunla məşğul olan şəxslərə yeniliklər barədə azı 4-6 ay əvvəldən məlumat vermək, kütləvi informasiya vasitələrində işıqlandırmaq lazımdır.

O hesab edir ki, qərar yetərincə ictimailəşdirilmədiyi üçün işlənmiş şinləri gətirib satanlar məlumatsız qalıb və yeni məhsullar sifariş edib.

"Onlar (sahibkarlar) artıq qərardan zərərçəkənlərdir. Hər gün zərərləri artır. İdarəetmə elə qurulmalıdır ki, belə yanaşmalar olmasın", cənab Həsənov deyir.

İqtisadçı da aidiyyatlı dövlət qurumlarının və sahibkarların bu problemin həlli istiqamətində qarşılıqlı kompromislərə getməli olduğunu düşünür.

"Kompromisə ehtiyac var ki, problem ciddi çətinliklərlə nəticələnməsin. Onsuz da kifayət qədər sahibkarlıq subyekti sıradan çıxıb. Real iqtisadiyyatın iştriakçıları üçün mümkün qədər optimal mühitin yaradılması hər bir dövlət qurumunun borcudur", Rəşad Həsənov deyir

Məsələ ilə bağlı Nazirlər Kabinetinin və Dövlət Gömrük Komitəsinin şərhini almaq mümkün olmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ