Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov məhkumluğu olan şəxslərin əmək fəaliyyətinin qanunla necə tənzimlənməsindən danışarkən deyib.

Onun sözlərinə görə, qanunun tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir:

"Eyni zamanda, Cinayət Məcəlləsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhkum olunmuş şəxslərin məhkumluqlarının ödənilməsi müddətlərini də konkret müəyyən edir.

Cinayət Məcəlləsinə əsasən, şərti məhkum edilmiş şəxs barəsində təyin olunmuş sınaq müddəti başa çatdıqda; şəxs qanunda nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü icra edilməmiş şəxslər barəsində Cinayət Məcəlləsində nəzərdə tutulmuş müddət keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Bundan başqa, şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl götürə bilər”.

Hüquqşünas əlavə edib ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir:

"Yəni bundan sonra həmin şəxslərə münasibətdə cəmiyyətimizdə istənilən məsələ ilə, eyni zamanda işə götürmə ilə bağlı diskriminasiya, fərqli münasibət qanunsuzdur.

Məhkumluq qanunda konkret olaraq dairəsi göstərilmiş bəzi hüquq-mühafizə orqanlarına işə qəbul zamanı məhdudiyyət kimi nəzərə alına bilər. Əgər şəxs azad olunubsa, məhkumluğun bitib-bitməməsindən asılı olmayaraq işləyə bilər. Bəzi işə götürənlər tərəfindən qanunda nəzərdə tutulmayan məhdudiyyətlərin tətbiqi isə qanuna zidd addımdır”.