www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Azərbaycanda məhbuslara işgəncələr necə verilir?

Azərbaycanda məhbuslara işgəncələr necə verilir?

Bölmə: Aktual
Azərbaycanda məhbuslara işgəncələr necə verilir?


Hazırda Azərbaycan keçmiş MDB ölkələri içində adam başına həbsxanada olan insanların sayına görə lider ölkələrdən biridir. Bu göstərici ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi cəazaların statistik nəticəsindən doğur. Həbsxanaya atılan insanlar bayırda işlətdiyi "cinayətlər”- lə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalanır. Bu gün Azərbaycandakı həbs yerləri ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən insanlar həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə normal insan kimi deyil, əksinə əzilib, bezikdirilmiş, dustaq dili ilə desək "sındırılmış” şəkildə çıxırlar. Hazırkı Penitesniar Xidmətin mahiyyəti, iş rejimi, dustaqlara münasibəti Sovet dövründə olduğu kimi qalır. Bir çoxları Mədət Quliyevin bu Xidmətə təyin olunması ilə vəziyyətin düzələcəyini ümid etsələr də əksinə vəziyyət daha da pisləşməyə doğru getdi. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq dörd divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.
Azərbyacandakı həbs yerlərində olan mövcud vəziyyəti aşağıdakı qeydlərlə müəyyən təsvirini verməyə çalışacayıq. Bu təsvir dustaqlara qarşı həyata keçirilən qeyri- insani, qanuna zidd hərəkətlərin, işgəncə hallarının, korrupsiya əməllərinin konkret misallarla göstəricisidir.
Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI;
Keçmiş vicdan və siyasi məhbuslar tərəfindən yaradılmış "Siyasi Məhbuslarsız Azərbayçan" İctimai Alyansının hazırladığı "Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” Hesabatda qeyd olunur ki, həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan şəxslər dustaqlara daha çox işgəncə veriblər:
1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir
2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi
3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi
4. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin növbətçi hissə rəisi
5. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN Kursantlar Məktəbinin rəisi təyin olunub
6. Azər Seyidov- Bakı İstintaq Təcridxanasının rəisi
7. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının rəisi
8. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi
9. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi
10. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi
11. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi
12. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi
13. Əli İbrahimov- 14 saylı CÇM-nin rəisi və s.
Təəssüflə qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə daşıyırlar. Lakin onların qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələrini və rütbələrini artırıblar. Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orda dinc, silahsız və günahsız insanlara qarşı zor tətbiq edən edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri artırılır.
Məhbuslara işgəncələr necə verilir?
Azərbaycanda həbs yerlərində məhbuslara işgəncə vermək halları geniş yayılıb. Dustaqlara işgəncələr müxtəlif formalarda verilir. Düzdür, müqayisədə ictimai- siyasi fəaliyyətinə görə həbs olunan şəxslərə daha az işgəncə verilir. Amma məntiq baxımdan cinayət törətməmiş, özünün və başqalarının haqqı ugrunda mübarizə aparanları həbs etmək elə həmin şəxslərə qarşı həyata keçirilmiş ən böyük işgəncə faktı hesab oluna bilər. Bir çox hallarda ictimai fəallar da zorakalığa məruz qalırlar. Aşağıda təqdim etdiyimiz fikirlər bu yaxınlarda həbsdən çıxmış, bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus elan edilmiş AXCP- nin gənc üzvü Rəsul Mursalova məxsusdur. Onun dedikləri həm də bir şeyi də sübut edir ki, əgər ölkədə həbs yerlərində siyasi məhbuslar bu formada ağır işgəncələrə məruz qalırsa sıradan olan, hüquqlarını lazımınca müdafiə edə bilməyən məhbusların hansı məşəqqətlərə düçar edildiklərini anlamaq elə də çətin deyil. Rəsul Mursalovun bizə bildirdikləri; "Mən 2012 ci il "evrovision" mahnı müsabiqəsi ərəfəsində Bakıda keçirilən mitinq və aksiyalarda fəal iştirak etdiyimə görə həbs olunmuşam. 18 iyul 2012- ci ildə səhər vaxtı evə maskalılar (MTN) hücum etdi və basıma qara torba, əllərimi arxadan jılka iple baglayaraq apardılar. Hara aparılmagım haqqında heç nə demir, sual verdikdə meni vurur, "öldürməyə" cavabını verirdilər. Harda saxlanmağımı (ehtimal ki, MTN- nin rayon söbəsi idi- red.) bilmirdim və hər gün müxtəlif isgəncələrə məruz qalırdım. Qaldığım yerin döşəməsi beton, bom-boş otaq idi. Isgəncəyə ayagımın altına taxta ilə vurma və s. formalarda olurdu. Isgəncə verən maskalı olurdu. Isgəncə ilə kimin göstərisi ilə rayonda olduğumu, həm də Zaqatala kimi radikal dini quruplaşmanın yerləşdiyi ərazidə üsyan qaldırma planı hazırladığımı, siyasi partiyalarla "meşə qardaşları" arasında mənim araçi olub olmadığımı öyrənmək istəyirdilər. Təbii ki, mən bu ittihamları rədd edirdim və buna görə 7 gün isgəncəyə məruz qaldım...
"Yanvar ayında paltomu çıxardıb yağış- qarda işlətdilər və ağır xəstələndim”
... Gəncə İstintaq Təcridxanasında saxlanılarkən rəis Şakir Bayramovun şəxsən istirak etdiyi isgəncədə bədənimdə çapıq izləri hələ də qalır. Hakimiyyət əleyhinə aksiyalardakı fəallığıma görə, əfv yazmagıma görə işgəncə verirdi. 14 saylı CÇM- nə yeni köçürüldüyüm gün rəis Nazim Kəngərlinin göstərişi ilə Penitensiar Xidmətin işçiləri məni "dubinka" ilə bərk döydülər. Yeganə səbəb siyasi məhbus olmağım, onların qanunsuz əməllərinə tabe olmamağım və göz yummamağım idi. Məcburi əməyə cəlb etdilər, yanvar ayında paltomu çıxardıb yağış- qarda işlətdilər. Ağır xəstələndim və tibb şöbəsinə yerləşdirildim. 2 ay görüş, telefon danışığı, ərizə və məktub göndərmə hüququma yasaq qoyuldu. 23 aprel 2013- cü ildə günorta yeməyimə zəhər qatıldı və zəhərləndim…
… Ən çox işgəncələrə seçki öncəsi qaldım. Məndən İlham Əliyevə əhf ərizəs yazmağımı tələb etdilər, yazmadım. CÇM- nin rəisi Əli İbrahimovun göstərişi ilə əməliyyatçı, press verən Telman Bagırov məni karsin gəzinti sahəsində ayaqyalın, soyuq havada saatlarla saxladi, qandallayib döydü. Sonra da saçımı qırxdırıb zona buraxdı”...
Zənimizcə keçmiş məhbus R. Mursalovun bu dediklərinə əlavə şərh verməyə ehtiyac yoxdur. Onun dedikləri Mədət Quliyevin rəhbərlik etdiyi Penitensiar Xidmətin bu gün həbsdə olan dinc, günahsız Azərbaycan vətəndaşlarına sərgilədiyi zülmkar, amansız, qəddar münasibətin çox az bir qismidir.
Saxlanma şəraitinin bərbad vəziyyətdə olması
Dustaqların saxlandığı kameralarda havalandırma sistemi yoxdur. Hər barakda (yataqxanada) 120-ə yaxın dustaq bir yerdə yatır. Spid, hepatit, vərəm xəstələri sağlam məhkumlarla bir yerdə saxlanılır. Tibb məntəqəsi bərbad haldadır, yeməklər keyfiyyətsizdir və s.
Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır. Minlərlə məhkumların 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq normasının həcmini və hara getdiyini bilən yoxdur. Təəssüflər olsun ki, "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətə rəsmi sorğu ilə müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə maliyyə vəsaiti hesabına başa gəldiyini öyrənmək istəsə də adı çəkilən qurum qanunvericiliyə zidd olaraq ictimai vəsait olan dövlət büdcəsindən xərclənən vəsaitlə bağlı məlumatı verməkdən imtina edıb. Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm azdır. Dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil.
Həbsxana və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış.Azərbaycandakı saxlama və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestyu İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ Dövlət Departamentinin Hesabatından: http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/az_hrr_2011_aze.pdf).
Hesabatda qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməmişdir.