www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Banklar hərracda aldığı dolları harada satır?


Banklar hərracda aldığı dolları harada satır?

Bölmə: Aktual
Banklar hərracda aldığı dolları harada satır?
Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə 2 dəfə - ikinci və dördüncü günlər valyuta hərracı keçirdiyini bəyan edir.

Bir müddətdir AMB nə qədər dollar alınıb- satıldığını açıqlamasa da, hərracda dolların nə qədər bahalaşıb, ya da ucuzlaşdığı bilinirsə, deməli, burada valyuta alınıb-satılır. İndi ölkədəki mövcud bankların, demək olar, heç biri dollar satmır. Belə isə satın alınan dolların taleyi necə olur?


“Öz dollar borclarını ödəyirlər”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, əvvəla, banklar həmin dollarla öz dollar borclarını ödəyir, özəlliklə xaricə: “Digər tərəfdən, banklar, ilk növbədə, iri müştərilərini dollarla təmin edir. Söhbət hüquqi şəxs olan müştərilərdən və fərdi sahibkarlardan gedir. Təbii ki, onlar dolları bankdan imtiyazlı şəkildə alırlar”.

Ekspert digər müştərilərə dolların qalmadığını sizlərinə əlavə edir: “Qalsa da, banklar onları saxlayır ki, qaçılmaz devalvasiyadan qazansınlar. Nəzərə alaq ki, banklara tələbatları həcmində dollar satılmır. AMB dollar satsaydı, vəziyyət fərqli olardı”.


“Banklar valyuta satmaqda maraqlı deyillər”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli düşünür ki, banklarda yetərincə valyuta var, amma satmaqda maraqlı deyillər: “Banklar hərracda ala bildikləri həcmə uyğun olaraq, dolları korporativ müştərilərinin sifarişlərini ödəməyə yönəldirlər”.

Ortaya aktual sual çıxır: Bankların dollar satmamağı “qara bazar”ın yaranmasına gətirib çıxarmazmı?

Həmin sualı C. İbrahimli belə cavablayır: “Qara” yoxsa “ağ bazar” olacaq, - deyə bilmərəm, amma valyutanın alınıb-satılacağı bazarı və şəraiti formalaşdırmaq lazımdır. Məsələ burasındadır ki, hər kəs dolların manatdan daha dəyərli olduğunu düşünür və dollar alıb saxlayır. Bunun belə olub- olmadığını sübut etmək üçün bazarın daha da liberallaşması və ya tənzimləmənin minimuma endirilməsi gərəkəcək”.


“Dollar satmaq bizim bankların əsas qazanc mənbəyi deyil”

İqtisadçı ekspert Ülvi Əmrahsoyun fikrincə, dollar satışı banklardakı xarici valyutanın miqdarından asılıdır: “Dollar satmaq bizim bankların əsas qazanc mənbəyi deyil. Gün ərzində xaricə valyuta köçürmələri, korporativ müştərilərin tələbatları, bankların xarici borcları, dollarda olan depozitlərin geri ödənilməsi, hər gün ucuzlaşan manat və s. xərclər hesablandıqdan sonra dollar satışı həyata keçirilir”.


“Dolların satılmaması sonda qıtlıq doğuracaq”

Ekspert bu durumda “qara bazar”ın canlanacağını düşünür: “Qara bazar”ın aktivləşməsi rəsmi məzənnənin önəmini azaldacaq. Ümumiyyətlə, Azərbaycanda idxaldan asılılıq çox olduğundan, dolların satılmaması, sonda qıtlıq doğuracaq”.