www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış

Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış

Bölmə: Aktual
Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış
“Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması haqqında qərarı bilavasitə büdcəni təmin etməkdən ötrü qısa çıxış yoludur. Vətəndaşın üzərindən büdcəni təmin etmək cəhdidir".

Bu fikirləri “Turan” Agentliyinə "Böyük Quruluş" Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.

Onun fikrincə, bu siyasətin uzunmüddətli iqtisadi səmərəsi olmayacaq.

“Enerji daşıyıcılarının qiymətinin artımından kənd təsərrüfatına və fermer təsərrüfatlarına ciddi ziyan dəyəcək. Bu qərar manatın iki devalvasiya şokundan özünə gəlməyən əhali üçün növbəti bir şokdur”, F.Mustafa qeyd edib.


“Pislə ən pis arasında məqbul variant”

Digər deputat Rasim Musabəyov isə qiymət artımına fərqli yanaşıb.

"Hər bir vətəndaş kimi qiymət artımı mənə də xoş deyil, amma ortada başqa proseslər də var”, deyən Musabəyova görə, həm qaz, həm də elektrik istehsal edən şirkətlərin özlərinin durumu yaxşı deyil.

“Həmin şirkətlərin durumu yaxşı deyil, borcları var, əməkdaşlarına maaş verə bilmirlər. Bu, belə davam edərsə, bu şirkətlərin fəaliyyətini iflic hala sala bilər. Odur ki, bu borcları hökumət silməli, ya da şirkət yığım vasitəsilə aradan qaldırmalı idi. Odur ki, çıxış yolu kimi tariflər qaldırıldı", Rasim Musabəyov bildirib.


Onun fikrincə, əhalinin əksəriyyəti bunu birbaşa hiss etməyəcək.

"Amma bu, o demək deyil ki, bu qiymət artımı izsiz ötüşə bilər. Sadəcə, tariflərin qaldırılması seçimi "pislə ən pis" arasında məqbul variant sayılıb”, deputat bildirib.

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının "şaxələndirilmiş ödəmə sisteminin" tətbiq edilməsi haqqında qərar qəbul edib.


Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.