www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Rüfət Səfərovdan şikayətçi olanların kimliyi bəlli oldu


Rüfət Səfərovdan şikayətçi olanların kimliyi bəlli oldu

Bölmə: Aktual
 Rüfət Səfərovdan şikayətçi olanların kimliyi bəlli oldu

Həbsindən bir saat əvvəl müstəntiqin atası Eldar Sabiroğluna nə deyiblər?

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub. Əldə etdiyimiz məlumata görə, onlar iki nəfərdir. İddia ərizəsində eks müstəntiqin onların birindən 1000, digərindən 700 manat rüşvət aldığı qeyd olunub. Həmin şəxslər Zərdab rayon İşıq İdarəsinin rəis müavini Ələmdar Abbasov və Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdur. Onların iddia etdiyinə görə, 2 il əvvəl Rüfət Səfərov onların birindən 1000, digərindən 700 manat rüşvət alıb.

R.Səfərovun atası, YAP-çı Eldar Sabiroğlu isə müsavat.com-a açıqlamasında bildirdi ki, bu, qurma işdir və oğlunu açıq-aydın şərləyiblər. Müsahibimizin sözlərinə görə, oğlu ilə sonuncu azadlıqda olarkən bu barədə danışmayıblar: “Çünki onların bu cür hərəkət edəcəklərini gözləmirdi. Bir neçə dəqiqənin məhkəmə qərarı ilə onu həbsxanaya göndərdilər. Bəzi insanlar mənim deyəcəyim bu sözə inanmaya bilərlər. Amma əlimi ürəyimin, vicdanımın başına qoyub deyə bilərəm ki, Rüfət bu cür çirkin işlərdən hər zaman uzaq olub”.
 Rüfət Səfərovdan şikayətçi olanların kimliyi bəlli oldu
Müsahibimiz oğluna qarşı rüşvət ittihamı ilə iş açılmasını da ağlasığmaz hesab edir. Onun sözlərinə görə, baş prokuror ona nümunəvi xidmətinə görə fəxri mükafat verir, il yarımdan sonra isə rüşvət üstündə həbs olunur: “Onda sual oluna bilər ki, bəs onda rayon prokuroru hara baxırdı? Elə şey ol bilərmi ki, müstəntiq müstəqil şəkildə nəyisə etsin?”
Müsahibimiz dünən gecə saatlarında oğlunun həyatına təhlükə olması ilə bağlı xəbərlərin yayıldığını dedi. Həmin vaxt bir valideyn kimi olduqca həyəcanlandığını xatırladan E.Sabiroğlu oğlunun vəkili Bəhruz Bayramovla əlaqə saxlayıb: “Düzü, mən hər şey gözləyirəm. Əgər bir insanı günahsız olaraq həbsə göndərirlərsə, haqqında qeyri-qanuni cəzalandırma tədbiri müəyyənləşdirirlərsə, ona qarşı başqa işlər də görülə bilər. Dövlət başçısından xahiş edirəm ki, bu işi nəzarətə götürsün. Məndən intiqam aldılar”.

E.Sabiroğlu dedi ki, yanvarın 15-də, oğlu həbs edilməmişdən qabaq çox yüksək səviyyədə bu məsələ ətrafında müzakirə aparıb. Görüşdüyü şəxsin kimliyini açıqlamayan E.Sabiroğlu onunla danışandan sonra oğlunun həbs olunmayacağına əminlik yarandığını dedi: “Mən inandım ki, Rüfəti həbs etməzlər. Çünki elə qənaətə gəldim ki, aldadılmaram. Amma bur saat sonra oğlumu tutdular. Ad çəkmirəm, amma çox yüksək səviyyədə biri idi”.

Bu arada R.Səfərovun anası Tahirə Səfərova oğluna ünvanlanın müraciət yayıb. Müraciətdə o, oğlunun üzünə duran şəxslərin ailələrinə də səslənib: “Oğlumun səhhəti pisləşib. Həkimlərdən xahiş edirəm ki, ona yaxşı baxsınlar. Bütün ümudlərim Rüfətə bağlıdır, nə qədər iş verirlər özləri bilər, qoy versinlər. Bizim əlimizdən nə gəlir ki… Heç olmasa sağ səsini eşidib təsəlli tapım. Rüfət, sənə qurban olum, darıxma. Yuxarıda Böyük Allah var! Oğlum, əllərindən öpürəm. Mətin ol! Görəsən, Rüfətə bu toru quranların Allahı var, ya yox? Üzünə iki Zərdab şakinini qoydular. İstərdim bu şəxslər nə qədər vicdanlı hərəkət etdiklərini götür-qoy etsinlər. Allah qıymasın, sizin övlatlarınıza biz belə ədalətsiz iş nümayiş etdirməzdik. Ailənizin üzünə necə baxdınız? Uşaqlarınız, həyat yoldaşlarınız sizdən soruşdularmı kı, niyə belə bir ayıb iş tutdunuz? Bundan sonra camaatın içərisinə necə çıxa biləcəksiniz? Mən hər ikinizin həyat yoldaşınıza – xanımlarınıza müraciət edirəm. Ərlərinizin bu hərəkətinə necə baxırsınız, onlar kişilik etdilərmi? Gözümün nuru oğlum, qəm-qüssə yemə, hər gün mən və həyat yoldaşın Nuray namazlarımızda sənə dualar edirik, Qurandan ayələr oxuyuruq. Quran sənin köməyin olsun. Başqa kimsədən kömək gözləmirik. Mən bütün haqqı yazanlara, hörmətli jurnalistlərə çox-çox təşəkkür edirəm”.

“Rüfət Səfərovun səhhəti normaldır. Sadəcə olaraq məlumatı yayanlar, ola bilər ki, məni düz başa düşməyiblər”. Bu fikri musavat.com-a açıqlamasında Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil söyləyib ki, bu gün də R. Səfərovla görüşüb: “Onun səhhətində problem 5-ci gün olub. Yəni həbs olunduğu 15 yanvar tarixində. Rüfət Səfərov təzyiq xəstəliyindən əziyyət çəkir. İndi məlumat yayıblar ki, səhhətində problem yaranıb. Mən isə beşinci gün problemin olduğunu söyləmişəm. Onlar, ola bilər ki, doğru başa düşməyiblər. Bir daha qeyd edirəm ki, Rüfət Səfərov üçün təcili tibbi yardım yanvarın 15-də çağırılıb. Sonra onun vəziyyəti normallaşıb, hazırda 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. Elə indi onunla görüşdə idim. Vəziyyəti normaldır”.

Vəkil bildirib ki, bu gün apelyasiya şikayəti veriblər: “Artıq apelyasiya şikayəti də vermişik. Yəqin ki, üç gün ərzində şikayətimizə baxılacaq”.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.