SON DƏQİQƏ

İcbari tibbi sığortanın 2 pilot layihəsindən nə xəbər? [video]

Tarix:17-11-2017, 00:27

Xəstələndin, pul dərdi çəkmə. Dövlət müalicə xərclərini ödəyəcək. Buna imkan verən icbari tibbi sığortanı – Yevlax və Mingəçevirdə həyata keçirir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bildirib ki, gələn ildən bütün ölkə üzrə icbari tibbi sığorta işə düşə bilər.

"Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev deyir ki, şəhər camaatı indi həkimə pulsuz gedə bilir, əvvəllər olduğu kimi qanunsuz ödəniş etməli olmur. Amma problemlər də bitməyib:

"Prosedur bir az uzundur, getməlisən ailə həkiminə, ailə həkimi qeydiyyat şöbəsinə yönəltməlidir, qeydiyyat həkimi də hansısa həkimə. Bunların hər birində xeyli növbə yaranır. Bəzən insanlar saatlarla növbəyə durur. İkinci məsələ budur ki, dövlət xəstəxanalarında yaxşı həkimlər ordakı maaşdan narazı qaldılar deyə, çıxıb getdilər özəl xəstəxanalara”.

Bir Mingəçevir sakini bu ilin martında, AzadlıqRadiosu-na müsahibəsində demişdi ki, pulsuz olsa da, şəhər xəstəxanasına yox, Bakıya üz tutublar.

"Buradakı rentgenə inanmadıq, keçən dəfə saldıq, xoşumuza gəlmədi. Bakıya qədər getdik. Qıçında problem var idi".

Bəs, onda hökumət nə etsin?

Adil Qeybulla
Adil Qeybulla

 

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, hələlik Azərbaycan hökuməti ölkə boyu tibbi sığortanı tətbiq etməyə hazır deyil. Onun sözlərinə görə, sığorta xərclərini keyfiyyətli şəkildə ödəmək üçün 4 milyard manata qədər pul lazımdır. Bu qədər pul isə təqribən builki dövlət büdcəsinin dörddə biri qədərdir.

"Biz nə edə bilərik? Biz doğuş, müxtəlif növ təxirə salınmaz yardım, qəzalar, qanamalar, tutaq ki, qarın boşluğunun kəskin əməliyyatı belə halları sığorta ödəyir. Qalan planlı əməliyyatların bir hissəsini örtə bilər. Yəni, bunu mərhələ-mərhələ eləmək lazımdır. Ən azı vətəndaş bundan bir fayda görə bilsin. Amma biz tibb mərkəzlərini məcbur edək ki, necə olursa olsun, bu əməliyyatları etsin, onun fonduna pul nə vaxt keçəcək, keçməyəcək, həkimlər maaş ala biləcək, bilməyəcək, bu, ciddi narazılıq doğura bilər”.Bəs camaat nə fikirləşir? Bakıda sorğu keçirib soruşmuşuq ki, sizcə, bütün ölkədə belə keçid faydalı ola bilərmi?

Dövlət İcbari Tibbi Sığorta Agentliyinə müraciət edib soruşmuşuq ki, bütün ölkə boyu icbari sığorta üçün şərait varmı, hələ ki, sorğumuza cavab almamışıq.

Fondun saytı baş nazirin müavini Əli Əhmədova istinadla yazır ki, hökumət iki pilot layihədən razıdır. Əli Əhmədov deyib ki, vaxtı ilə xəstəxanaya gələ bilməyən insanlar da bu gün həkimlərə müraciət edə bilirlər, onlara ixtisaslı həkimlər səriştəli yardım göstərir.

Azərbaycanda qanunla dövlət xəstəxanalarında səhiyyə xidməti pulsuzdur. Amma reallıqda dövlət xəstəxanalarında qanunsuz ödəniş tələb olunması barədə şikayətlərin ardı-arası kəsilmir.

 


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ