www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Abituriyentlər ziyarətgahlara axışır

Abituriyentlər ziyarətgahlara axışır

Bölmə: Aktual
 Abituriyentlər ziyarətgahlara axışır
“Mən istəyimi Allahdan diləyirəm, Mirmövsüm ağanın ruhu da bu diləyimin reallaşmasını tezləşdirir”
Cəmiyyətimizdə əksəriyyət insanlar arzularının, istəklərinin ziyarətgahlara, pirlərə getməklə daha tez reallaşacağını düşünürlər. Bəzən əli hər yerdən üzülən insanlar problemlərlə mübarizə aparıb onu həll etmək əvəzinə, ya falçı yanına, ya da ziyarətgahlara üz tutur, nəzir deyir, qurbanlar kəsir.

Hətta ziyarətgahlarda olan daşları üzərlərinə vuran, bununla da ağrı-acılardan qurtulacaqlarına inananlar, ziyarətgahların həyətindəki ağaclara parçalar bağlamaqla istəklərinin reallaşacağını düşünənlər də var. İnsanlarımız bu ocaqları özlərinə bir növ uğur talismanı, təsəlli yeri sayır.

Biz də ziyarətgahlardakı vəziyyətlə yaxından tanış olmaq, orada gördüklərimizi və eşitdiklərimizi oxuculara çatdırmaq üçün onlardan birinə-Şüvəlanda yerləşən Ağa Seyid Əli Mirmövsümzadə ziyarətgahına yollandıq. Buranı ziyarət etmək istəyənlər iki ünvana - Ağanın doğulub boya-başa çatdığı İçərişəhərdəki evinə və Şüvəlanda dəfn olunduğu məzara üz tuturlar. Şüvəlanda yerləşən ziyarətgahda gündüzlər 1-ci mərtəbədə qadınlar, 2-ci mərtəbədə isə kişilər dualar edir. Axşamlar isə əksəriyyət ailəvi gəldiyi üçün bir yerdə-birinci mərtəbədə dualar edir.

Qəbul imtahanı ərəfəsi olduğu üçün ziyarətgahda kifayət qədər adam vardı. Onların əksəriyyəti də abituriyentlər idi. Maraqlıdır ki, abituriyentlərin bir qismi ziyarətgahları dolaşmaqla özünü ali məktəbə qəbul olunacağına inandırır. Başımızı bağlayıb içəri daxil oluruq. İçəridə hər kəs müxtəlif cür dualar edirdi. Əksəriyyət də imtahan verəcək olan gənc qızlar idi. Hər kəs fərqli yalvarışlar edirdi. Kimisi ali məktəbə daxil ola bilmək, kimisi isə ailəsindəki problemin həlli üçün dualar edirdi.

İyulun 20-də imtahan verəcək gənc qız ağlaya-ağlaya yalvarırdı: “Ay Mirmövsüm Ağanın cəddi, sənə qurban olum, elə et ki, mən ali məktəbə daxil olum. Məni başı aşağı etmə. Sənin cəddin mənə kömək olsa və mən universitetə girsəm söz verirəm ki, ömrümün sonuna qədər buranı ziyarətə gələcəyəm. İmtahan günümə qədər də hər gün gələcəyəm və nəzir qoyacağam”.

Digər bir qadın isə əlindəki şəkli divarlara sürtərək bu cür yalvarış edirdi: “Mirmövsüm Ağanın cəddi, sən özün kömək ol, oğlum imtahanda həyəcanlanmasın, yüksək bal yığsın və universitetin pulsuz fakültəsinə düşsün”.

Digər bir qadın isə qızının sağalması üçün dualar edirdi: “Qızım ayağa qalxsın, sağlamlığına qovuşsun, buranı dizi üstdə sürünərək ziyarət edərəm”.

Sonda isə bura ziyarətə gələnlər buradakı stolun üstünə gətirdikləri konfeti, qəndi tökür, qutuya da nəzirlərini salıb gedirlər. Kim istəsə bu konfet və qənddən götürüb evinə aparır, ziyarətə gələ bilməyənlərə verir.

Ziyarətgahdan çıxan xanımlardan birinə yaxınlaşırıq. Təranə Məsimova deyir ki, nə vaxt buranı ziyarətə gəlib nə istəyib həyata keçib: “Mən istəyimi Allahdan diləyirəm, Mirmövsüm ağanın ruhu da bu diləyimin reallaşmasını tezləşdirir”.

Söhbətə qoşulan Sevda xanım isə buranı ziyarət edərkən bir rahatlıq tapdığını dedi: “Buranı ziyarət edəndə elə bil ruhən dincəlmiş oluram. Özüm Lənkəranda yaşayıram. Bakıya hər gələndə ilk işim Mirmövsüm ağanı ziyarət etmək olur”.

Vüsal Əhmədov da ali məktəbə daxil olsun deyə hər gün bura ziyarətə gəldiyini bildirdi: “Bazar günü imtahandır. Artıq dərs oxumuram. Yeməklə doymayan yalamaqla doymaz. Hər gün bura gəlirəm. Dua edirəm ki, universitetə qəbul olum. Çox həyəcanlanıram. Allah məni arzuma çatdırsa, istədiyim universitetə qəbul ola bilsəm burada qurban kəsdirəcəyəm”.

Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, insan nə istəyirsə, Allahdan istəməlidir: “Müqəddəs insanların qəbri olan yerə getmək yaxşıdır. Müqəddəs insanların qəbri olan yerlərdə gözəl bir aura olur. İnsanlar burada ruhən dincəlmiş olurlar. Ziyarətgahlara gedən insanlar nə istəyirlərsə, Allahdan istəməlidirlər. Daşı bədənə sürtmək, ağaclara parça bağlamaq şamanizmdən qalma bir ənənədir və bu düzgün deyil. Şamanizmin əlamətləri hazırda da bir sıra müsəlman dövlətlərində, o cümlədən qardaş Türkiyədə özünü daha qabarıq göstərir. Bunun İslam dini ilə bir əlaqəsi yoxdur. Qurani-Kərimin Nisa surəsinin 64-cü ayəsində də yazılır ki, ”biz hər bir peyğəmbəri, ancaq ona Allahın izni ilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər".