www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Elşad Abdullayev Mir Şahinə “ilişdi“- Sabiq rektordan iki tele-jurnalistə məktub


Elşad Abdullayev Mir Şahinə “ilişdi“- Sabiq rektordan iki tele-jurnalistə məktub

Bölmə: Aktual
Elşad Abdullayev Mir Şahinə “ilişdi“- Sabiq rektordan iki tele-jurnalistə məktub

“İlqar Mikayıloğlu mənim gözlərimin içinə baxmaqdansa bacısının gözlərinə baxsın…”; “Marqaret Tetçer bilsəydi ki, Mirşahin Gülər Əhmədovaya “dəmir ledi” deyib….”

ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a yeni müraciət yollayıb. Bu dəfəki müraciət sabiq deputat Gülər Əhmədovanın və qardaşı, tanınmış tele- aparıcı İlqar Mikayıloğlunun ayrı-ayrı media orqanlarına verdikləri müsahibələrlə bağlıdır.

E.Abdullayev öncə ANS-in vitse - prezidenti Mirşahin Ağayevin G.Əhmədovadan götürdüyü müsahibədə səsləndirdiyi fikirlərə toxunub. Sabiq rektor yazıb ki, “keçmiş millət vəkili yəqin ki, indi şərti azadlıqda, həm də Elşad Abdullayevin həbsini gözləməli olacaq”, - deyən Mir Şahin yuxusuna haram qatıb, saatlarla çarx-çevir edəndən sonra bu fikirlərini kağız üzərinə köçürüb: “Əslində hörmətli yazarın qələmini, professionallığını qətiyyən şübhə altına almaq fikrində deyiləm . Hər bir yazarın uğurlu olduğu kimi, uğursuz yazılarına da KİV-də rast gəlmək olar. Allah köməyi olmuş nəfəs almadan, bir keçmiş olsun demədən, türklər demişkən, dirək olaraq bir başa mənim həbsimdən dəm vurur. Başa düşmək olmur ki, hörmətli yazar sabiq millət vəkili ilə “gözün aydın olsun”a gedib, yoxsa bir çoxlarının baş ağrısına çevrilmiş Elşad Abdullayevi müzakirə etməyə təşrif buyurub. Olsun.

Nə etmək olar, çox güman ki, hörmətli yazarımızın məni səbirsizliklə həbsdə görmək istəyi ciddi səbəblərdən irəli gəlir. Nə bilmək olar? Bəlkə mən də bəzi ağsaqqal millət vəkillərimiz kimi, Mir Şahin müəllim barəsində emosianal fikirlər yürütmüşəm hansısa bir məclisdə? Xatırlamıram. Əks halda bu nifrət dolu münasibət haradan qaynaqlanır? Nədənsə mən xatırlamıram ki, nə vaxtsa poqonlu narkomanların aqibətindən və yaxud da kimlərinsə sifarişli, həftə-becər yaradıçılığından söz açım. Bütün hallarda nə isə var və bu nəisənin bir gün qırxı çıxacaq”.



E.Abdullayev Mirşahinin müsahibədə qoyduğu sualları da tənqid edib. Onun yazdığına görə, yazar müsahibə zamanı “Gülər xanım, dostlar, tanışlar bu sınaqdan necə çıxdı? Yaxınlar bu sınaqdan necə çıxdı?” tipli əhəmiyyətsiz bir sual əvəzinə “Gülər xanım, törətdiyiniz analoqu olmayan cinayətə görə məhbəsdə olduğunuz zaman neçə seçiciniz məhkəmə proseslərində iştirak etdi, neçəsi dövlət başçısına, prokurorluq orqanlarına, respublika ictimaiyyətinə sizə görə müraciət etdi?” kimi sual qoyulsun: “Seçim böyükdür. Gülər xanıma sizin tərəfinizdən bir çox maraqlı suallar verilə bilərdi. Misal üçün çox məntiqli bir sual oxucularımızda maraq doğura bilərdi.

“Gülər xanım, Siz Elşad Abdullayevi özünüzə qarşı böhtan atmaqda, video-görüntüləri montaj etməkdə, mandat alveri etməkdə qınayırsız. Belə olan halda hansı səbəblərdən Elşad Abdullayevin “montaj olunmuş” video-görüntülərinə görə , sizin barənizdə ekspertlərin rəyləri əsasında cinayət işi qaldırmış istintaq orqanlarına, cinayətkar olmağınıza dair qərar çıxarmış hakimlərə qarşı yeni məhkəmə davaları açıb, bu davaları Avropa İnsan Haqları Məhkəməsinə qədər davam etdirəcəyinizə dair düşünmədən açıqlama vermirsiniz ? Çünki məndən fərqli olaraq elə həmin rəsmi orqanların səyi nəticəsində günahsızlıq prezumpsiyanız pozulmadan sizi cinayətkar adlandırmaq mümkün olmuşdur”.

Sabiq rektor hesab edir ki, sözügedən müsahibənin ən maraqlı və gülməli məqamlarından biri də Mir Şahinin G.Əhmədovanı “dəmir ledi” adlandırmasıdır: “Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) barəsində cinayət işi qaldırılmış və məhkəmə prosesləri zamanı cinayət törətməsi təsdiq olunmuş Gülər Əhmədovanın bu cür adlandırılması maraqlıdır. Dünya tarixində barmaqla sayılası qadınlar olub ki, bu ada layiq görülüblər, lakin bunların arasında qeyri şərhsiz İngiltərənin keçmiş baş naziri Marqaret Tetçeri xüsusi qeyd etmək olar.

Yəqin ki, hər birimiz xatırlayırıq ki, məşhur ingilis siyasətçi qadın öz xalqı qarşısında fədakar xidmətlərinə görə bu ada layiq görülmüşdür. Mənə elə gəlir ki, əgər hörmətli yazarımız Gülər xanımı Marqaret Tetçerin sağlığında belə adlandırsa idi, məşhur siyasətçi-qadın yəqin ki, bu tituldan imtina edərdi. Çünki dünya şöhrətli mərhum siyasətçi qadın sağlığında heç vaxt təsəvvürünə belə gətirə bilməzdi ki, kartof, kələm, daşınmaz əmlak kimi, deputat mandatını da satmaq və yaxud da almaq olar. Mən belə baxıram yaxın vaxtlarda bəzi güclü yumor hisslərinə malik yazarlarımızın sayəsində biz nəinki, “Dəmir ledi”, hətta taxta, plastmas lediləri də icad edəcəyik. Allah bundan sonrasını saxlasın”.

E.Abdullayev yazılı müraciətində həm də G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun bacısı türmədən çıxandan sonra verdiyi müsahibəyə toxunub: “Müsahibənin sonuncu abzasında yazarın suallarını cavablandran İlqar Mikayıloğlu bilmirəm nədənsə, birdən-birə mənim gözlərinin içinə baxmaq istədiyini bəyan edir. Orda nə axtardığını mənə desə, mən böyük məmnuniyyətlə ona yardımçı olaram. Elə bu yerdə adamın yadına maraqlı bir lətifə düşür. Aşiq olmuş bir gənc sevgilisinin gözlərinə baxaraq, söyləyir: “Əzizim, sənin gözlərində mən bütün dünyanı görürəm.” Bu zaman yaxınlıqdan keçən əldən düşmüş bir fəqir gəncə səslənir: “Oğlum, bir bax mənim itən eşşəyimi orda görmürsənmi”? Zarafat bir yana, həqiqətən çox təəccüblüdür, tanınmış reportyor İlqar Mikayıloğlu mənim gözlərimdə nəyi görmək istəyir? Mən İlqar Mikayıloğluna məsləhət görərdim ki, mənim gözlərimin içinə baxıb, ona sərf edən bir şey tapmamaqdansa, gedib Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gözlərinin içinə baxsın. Bəlkə o gözlərin içində suallarına cavab tapar.

Özünün və bacısının gözlərində tir görməyən tanınmış reportyor Elşad Abdullayevin gözlərində əgər izi-tozu bilinməyən qardaş həsrətini, seçicilərin oğurlanmış səslərini, ümidlərini, Türkiyədə müəmmalı şəkildə ölmüş Sevinc Babayevanın ailəsinin hayqırtısını, damarlarında əsl Azərbaycanlı qanı axan Əvəzin, Zaurun əzab və zülmlərini, bir saatdan-bir mövqeyini dəyişən, müstəqil fikirlərə malik olmayan bəzi millət vəkillərimizin əqidəsini və yaxud da Gülər Əhmədovadan fərqli olaraq günahsız yerə həbsdə olan onlarla Azərbaycan gəncinin anasının qəmgin notlarla müşayiət olunan harayını görmək istəyirsə buyursun, baxsın Elşad Abdullayevin gözlərinə. Özü də tək Elşadın gözlərinə baxmaqla kifayətlənməsin, daima böyüklüyü ilə, mərhəməti ilə seçilən Azərbaycan xalqından bacısının törətdiyi cinayətə görə üzr istəsin”.