www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Dərmanlar niyə bahadır?

Dərmanlar niyə bahadır?

Bölmə: Aktual
 Dərmanlar niyə bahadır?
Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən vahid mexanizmlə tənzimlənməsinə dair sənədlər paketinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən imzalanması gözlənilir. Bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev xarici ölkələrlə müqayisədə, eləcə də ölkə daxilində dərmanların qiymətləri arasında kəskin fərqlərin olmasının səbəblərinə aydınlıq gətirib: "Bu bir tərəfdən qiymətlərin yuxarı olması yerli istehsalın olmaması və dərmanların əsasən kənardan gətirilməsi ilə əlaqədardır. Digər tərəfdən dünyanın başqa ölkələrindəki dərmanların qiymətləri ilə müqayisədə bizdə hətta ucuz qiymətlərə də rast gəlmək olur. Bir sıra məqamlarda isə ölkəyə dərman idxal edən şirkətlərin də günahıdır ki, dərmanların qiymətini süni surətdə artırmaqla məşğuldurlar. Səhiyyə Nazirliyi bununla əlaqədar mütəmadi olaraq həmin şirkətlərə öz xəbərdarlığını edir".
Onun fikrincə, qiymətlərin yuxarı olmasının digər səbəbi bəzi hallarda şirkətlərlə həkimlər arasında sövdələşmənin olmasıdır: "Dərman şirkətləri ilə həkimlər arasında sövdələşmə olur. Nazirlik bunların da qarşısını almaq üçün daim tədbirlər görür, bununla əlaqədar həkimlərlə iş aparmaq üçün baş mütəxəssislər məlumatlandırılırlar. Bu, xüsusən antibiotiklərlə əlaqədar daha çox müşahidə olunur və bizi həddən artıq narahat edir. Gələcəkdə qiymətlərin vahid mexanizmlə tənzimlənməsi yəqin ki, bu problemlərin aradan qaldırılmasına kömək edəcək".
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi bağlı sənədlər paketi artıq hökumətə təqdim olunub və bu yaxınlarda imzalanması gözlənilir: "Bazar iqtisadiyyatının qanunları bütün sahələrdə olduğu kimi, dərman bazarında da əsas meyardır. Qiymətlər rəqabət əsasında müəyyənləşdirilir. Lakin bir sıra digər ölkələrin təcrübəsi nəzərə alınaraq, Azərbaycan da dərmanların vahid qiymətinə keçməklə əlaqədar addımlar atıb. Səhiyyə Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lazım olan sənədlər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Hazırda həmin sənədlərə Nazirlər Kabinetində baxılır. Yəqin ki, bu yaxınlarda artıq imzalanmaq üçün təqdim olunacaq".