SON DƏQİQƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

Tarix:10-07-2018, 14:48

Kulis.az "Atamın xatirəsi” layihəsində Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə müsahibəni təqdim edir.

- Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?

- Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır. 

- Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?

- Sağlığında adamın arxasınca çox danışırlar. Rəhmətə gedəndən sonra görəndə ki, mövqeyindən. düşüncəsindən asılı olmayaraq hamı onu hörmətlə anır, bu, adamı sevindirir. O adamlar hamısı bu il Elçibəyin 80 illik yubileyində qəbrinin üstündəydilər. Ən çox bu sevindirdi məni. Vaxtı ilə Elçibəyin arxasınca danışanlar onu ziyarətə gəlirlər.

- Elçibəyi daha çox necə xatırlayırsınız; ata kimi, yoxsa siyasətçi kimi, milli azadlıq hərəkatının lideri kimi?

- Ata kimi o qədər çox xatirəm yoxdur. Atamla bağlı bir-iki xatirəm var, vəssalam. Ancaq siyasətçi kimi tanıyıram.

- Bir yerdə çox vaxt keçirirdiniz?

- Xeyr. Prezident olduğu dövrdə demək olar ki, üzünü görmürdüm. Onda mənim 5 yaşım vardı. Kələkidən Bakıya qayıdandan sonra bir yerdə daha çox vaxt keçirmişik. Vaxt keçirmişik deyəndə, atamın asudə vaxtı gecə saat 12-dən sonra olurdu. Hardasa 15-20 dəqiqə ünsiyyətdə olurduq. Bu, mənə bəs edirdi. Uşaqların çoxunda ata-oğul münasibətləri var. Mən elə münasibətləri görəndə qısqanıram, təəssüf ki, bizim aramızda elə münasibət olmayıb. Amma atam məni sevməyib də deyə bilmərəm.

- Gəzməyə aparmırdı?
- Xeyr.

- Kələkidə də?

- Xeyir. Yenə vaxt olmurdu. 1993-cü ildən 1997-ci ilə kimi Kələkidə yaşamışıq. Dostları, qonaqları, gələn-gedən çox olurdu deyə bizə vaxt ayıra bilmirdi. 

- Təəssüf edirdiniz?

- Uşaq olursan, istər-istəməz sən də ata sevgisi istəyirsən.

- Hər hansı mövzuda sizinlə söhbət eləmirdi?

- Bizdə hamı utancaqdı, bircə mən loru dildə desək, bir az üzlüyəm. Bununla belə aramızda siz deyən söhbətlər olmurdu. Bircə otağına rahat girib-çıxa bilirdim.

- Heç sizi danlayıb?

- Xeyr. Bir dəfə belə bir hadisə olmuşdu, o yadımda qalıb. Hardasa 8-9 yaşım vardı, dələduz uşaq idim. Küçədə tozanaq qaldırmışdım. Bunun üstündə ağsaqqallar atama şikayətlənmişdilər. Atam da məni çağırıb xəbərdarlıq elədi, dedi, ağsaqqallara hörmətsizlik eləmə.


- Türkçülük, millətçilik barədə danışır və ya kitab tövsiyə edirdi?

- Aramızda elə bir şey heç vaxt olmayıb. 10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə atam adımı Şaban qoymuşdu (gülür). Deyirdi, sənin filmlərin başladı, get bax.

- Özü baxmırdı?

- Yox. Mən baxırdım. İndi də Şabanın filmlərinə baxmağı xoşlayıram.

- Bəy Kələkidə olanda sizinlə bir yerdə qalırdı?

- Əvvəl-əvvəl bir yerdə qalırdıq, sonra qonaqlar çox gəlib-getməyə başladı. Bizim gündəlik həyatımızda problemlər yaşanmasın, vaxtında yatıb-dura, dərslərimiz oxuya bilək deyə atam bizi ayrı evə köçürdü. 

- Ad günlərində iştirak edirdi?

- Xeyr. Açığı elə çox ad günü də keçirməmişik. Bir dəfə 12 yaşım olanda kənddə ad günü keçirmişik. Onu da əmim oğlanları təşkil etmişdilər. O ad günümdə bugünkü yığıncaqdakından çox adam var idi. Atam Bakıda idi. İştirak etməmişdi (pauza). Ad günümdə atamın iştirak etməyi yadıma gəlmir.


- Yanınızda olmadığına görə atanızı qınayırdınız?

- Təklikdə olanda, öz-özlüyümdə çox qınamışam. Ən azından mən də ata sevgisi görə bilərdim. Neyləyək (pauza)


- Qəlbinizdə nisgil qalıb?

- Elə sözlər var ki, ürəyimdə qalıb, atama deyə bilməmişəm.

- Ürəyinizdən keçib ki, kaş atanız milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy yox, adi, sıradan bir adam olaydı?

- Xeyr. Bu, xəbislik olardı.

- Atanızın prezidentlik dövründən yadınızda nə qalıb?

- Onda heç dostum da yox idi. Mən kəndə gələndən sonra dostun nə olduğunu bilmişəm. O vaxtı biz Zağulbadakı iqamətgahda qalırdıq. Orda tanıdığım uşaqlar İsa Qəmbərin övladları, Pənah Hüseynin oğlu idi; Turqut, İlkin, Vaqif. Uşaqlığım onlarla keçib. Böyüyəndən sonra isə mənim siyasətçi və ya siyasətçilərə bağlı dostlarım olmayıb. Dostlarım ya məhlədən, ya da kənddən olub.


- Nə əcəb atanızdan sonra siyasətə can atmamısınız?

- Elçibəy kimi bir adam olmaq mənə görə imkansızdır. İkincisi də Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki. Onun arxasınca iş görən adam mənim arxamca nələr edər?! Həm də hamı istəyər ki, övladı ondan ata sevgisi görsün.
- Yəni demək istəyirsiniz ki, siyasətçi olsanız ailənizə ayırmağa kifayət qədər vaxtınız olmaz?

- Bəli.

- Ona görə siyasətçi olmaq istəmədiniz?

- Bəli.

- Elçibəyin oğlu kimi sizə münasibət necədir?

- Həmişə insanlardan xoş münasibət görmüşəm.

- Bayaq dediniz, dələduz-ərköyün olmusunuz.

- Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.

- Elə çətin məqam olub ki, Elçibəyin adından istifadə edəsiniz?

- Elə çətin məqamım olmayıb. Amma o adın köməyini hər zaman hiss eləmişəm.

- Atanız vəfat edəndə hardaydınız?

- Kənddə idim, ağacları sulayırdım. Çağırdılar ki, gəl, Bakıya gedirsən. Heç kəs də demədi ki, niyə gedirəm. Bakıdakı evə girənə qədər heç nə bilmədim.

- Bəy vəfat edəndə neçə yaşınız vardı?

- Atam vəfat edəndə 13 yaşım 8 gün əvvəl tamam olmuşdu.

- Nə hiss keçirdiniz?

- 13 yaşında insan nə hiss keçirə bilər? Açığını deyim, 13 yaşımdan 18 yaşıma qədər heç bir hiss keçirməmişəm. Mən atamın yoxluğunu 18 yaşında hiss eləmişəm. Uşaq vaxtımdan mənim atam da anam olub, mənə tərbiyəni də anam verib. Mən ondan tərbiyə almışam. Atamın yanımda olmamasını hiss etdirməyib. 18 yaşdan sonra hər çətinliyə düşəndə istər-istəməz atanın yoxluğunu hiss edirsən.

- Kələkidə, həyətinizdə keçirilən yubileydə fikir verdim, camaata qaynayıb-qarışmırdınız, ortalıqda çox az görünürdünüz.

- Orda yaşca məndən böyük olanlar çox idi

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ