SON DƏQİQƏ

Məhbus ana dörd divar arxasında gələcəyin adamını necə yetişdirə bilər?

Tarix:26-10-2017, 11:24

Bəzən qadınlar məcburiyyət qarşısında körpələrini özüylə təcridxanada saxlayır

Məhbus ana dörd divar arxasında gələcəyin adamını necə yetişdirə bilər?



Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovaya hökm oxunub. Məhkəmənin qərarı ilə S.Mansurova 8 il, A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu tip cinayətlər artıq qeyri-adi görünməsə də, hadisəni diqqət mərkəzinə gətirən Aytəkin Bağırovanın 1 yaşlı körpəsi olması və məhbusun onu da özüylə həbsxanaya aparmasıdır. Əslində, bu, körpələrin hələ bələkdə ikən ana ilə məhbəs həyatını paylaşdığı nadir hal hesab edilməz. Çünki həbsxanada böyüyən uşaqlar az deyil. Eləsi var, həbsxanada dünyaya göz açır. Eləsi də var, taleyinə südəmər körpə ikən həbsxana divarları arasında yaşamaq yazılır. Dünyaya gəlişləri ilə analarına azadlıq bəxş edən körpələr də var. Məsələn, Lamiyə Quliyevanın körpəsi kimi. Xatırlayırsınızsa, L.Quliyeva məhz ana olduqdan sonra azadlığına qovuşdu və buna dünyaya gələn körpənin böyük təsiri oldu.

Bəs körpələr həbsxanada necə həyat keçirir? Onların ehtiyacları necə qarşılanır?



Körpənin hüququ anaya aiddir

İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan təmsilçisi, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Şərq”ə açıqlamasında istintaq altında olarkən, həmçinin məhkəmə prosesi zamanı övladı dünyaya gəlmiş qadınların cəzanın tətbiqinin müvəqqəti təxirə salınmasını təklif etdiyini bildirdi:

- Mək təklif edirdim ki, belə qadınlara güzəşt tanınsın. Cəzası verilsin, məhkəmə qərarını elan etsin, amma cəzanın tətbiqi təxirə salınsın. Körpə heç olmasa, 2 yaşına çatsın, sonra qadın, əgər barəsində azadlıqdan məhrumetmə cəzası verilibsə, cəzasını çəkmək üçün təcridxanaya aparılsın. İstəməzdim, körpələr nə həbsxanada dünyaya göz açsın, nə də dünyaya gələn kimi həbsxana ilə "tanış olsunlar”. Körpələr harada olduqlarını bilməsələr də, ana məhəbbəti, ana nəvazişindən məhrum qalmasalar da, körpəlik çağlarının həbsxanada keçməsi, istər-istəməz onların psixologiyasına və gələcək həyatlarına təsir edəcək. Nə vaxtsa onlar bundan xəbər tutarlarsa, hiss və duyğularına çox mənfi təsir edə bilər. Körpələr ananın cəza yükünü paylaşmamalıdır. Qanunda bununla bağlı heç bir maddə, göstəriş yoxdur. Sadəcə, mən qadın olaraq, belə təklif irəli sürürəm. Heç kimin körpənin azadlığını, hətta o bundan xəbərsizdirsə belə, əlindən almaq ixtiyarı olmamalıdır.

S.Bənənyarlı qeyd etdi ki, təcridxanalarda aparılan monitorinqlər zamanı körpəsi yanında cəza çəkən qadın məhbuslarla rastlaşıb, söhbət aparıb:



- Bəzən qadınlar məcburiyyət qarşısında körpələrini özüylə təcridxanada saxlayır. Bəzən də şəxsi istəkləri ilə körpəsini özüylə həbsxanaya gətirir və ya orada saxlamaq qərarına gəlir. Bu məsələdə hüquq tamamilə qadının - ananın tərəfindədir. Son söz anaya məxsusdur. Bu da mümkündür ki, körpə ya atanın, ya da məhbus qadının yaxınının, doğmasının himayəsinə verilsin. Bəzən tənha analar olur, ata körpəyə sahib çıxmır. Bu vəziyyətdə də körpənin təcridxanada saxlanılıb-saxlanılmaması ananın qərarına bağlı olur. Bütün hallarda məhbus ananın körpəsini yanında saxlayıb-saxlamaması qadının istəyindən asılıdır. Körpəni baxılmaq üçün kiməsə təhvil verə də bilər, verməyə də.

S.Bənənyarlı qeyd etdi ki, adətən körpələr 3 yaşına qədər ananın yanında qalır. Bu yaşdan sonra isə uşağın təcridxanada saxlanılması məsləhət görülmür. Çünki bu yaşdan sonra artıq uşağın formalaşması, təlim-tərbiyə mərhələsinin başlanğıcıdır. Uşaq bağçaya, sonra da məktəbə getməlidir. Təcridxanada isə bu imkanlar yoxdur. Həm də artıq böyüyən körpənin həbsxana

şəraitində qalması düzgün hesab edilmir. Qadın məhbus ola bilər, lakin bu, onun analıq hüququndan məhrum edilməsi demək deyil. Ana, həmişə anadır. Ona görə də körpənin taleyi ilə bağlı son söz anaya məxsusdur. Seçimi ana edir. Məhbus olsa da.

S.Bənənyarlı körpələri həbsxana şəraitində böyütməyin çox çətin olduğunu da dedi:

- Ümumiyyətlə, qadınlar üçün məhbəs həyatı çətindir. Ana olan qadınlar üçünsə, ikiqat ağırdır. Qadınlar analıq məsuliyyətini dərk edib hərəkətlərinə, əməllərinə diqqət etməlidirlər ki, peşman olmasınlar, körpələri də digər uşaqlar kimi normal şəraitdə böyüsün.

"Günahsız körpə niyə əzab çəkməlidir?”

Məhbəs həyatına məhkum olmuş qadın nədən övladına da dəmir barmaqlıqlar arxasında böyüməyi rəva görür? Niyə ana məhbus həyatını övladı ilə paylaşmağı üstün tutur? Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva bildirdi ki, məhkum qadının məhbus olduğu dövrdə uşaq dünyaya gətirməsi və uşağı da öz yanında saxlamasını qəbul etmir:

- Məhbus qadının uşaq dünyaya gətirməsini və üstəlik, uşağı da öz yanında saxlamaq istəməsini mən heç cür qəbul edə bilmirəm. Niyə günahsız körpəyə bu əzab yaşadılmalıdır?! Qanuna görə uşağın südəmər dövrdə ananın yanında qalmaq hüququ var. Uşağın sonrakı həyatı isə artıq real vəziyyətdən asılıdır. Əgər uşağın atası azadlıqdadırsa və uşağa qulluq edəcəyini bildirirsə, uşağı atanın himayəsinə verirlər. Bundan başqa yaxın qohumlar, nənə, baba, xala, əmi, dayı və s. uşağı himayəyə götürə bilər. Əgər qohumlar bunu etmirsə, uşaq dövlət müəssisəsinə yerləşdirilir. Südəmər yaş dövrü başa çatmış uşaq cəzaçəkmə müəssisəsində saxlanmır. Onu uşaq evinə, internat məktəbə yönləndirirlər. Qadın südəmər uşağı olduğu halda cinayət məsuliyyətinə cəlb edilibsə və ya məhkəməsi keçirilibsə, körpənin ana ilə bir yerdə qalmasına icazə verilir. Məsələn, iş təcrübəmdə belə halla qarşılaşmışam ki, bir qadın məhbusun 11 aylıq körpəsi vardı, ona körpəsini yanında saxlamağa icazə vermişdilər.

Bəs körpələr üçün həbsxanada hansı şərait yaradılır?

K.Ağayeva bildirdi ki, burada hansısa xüsusi şəraitin yaradılmasından söhbət gedə bilməz:

- İstər cəzaçəkmə müəssisəsi olsun, istər təcridxana, hansı şəraitdən danışmaq olar?! Orda oyuncaq yoxdu, uşaq çarpayısı, yelləncək yoxdu... Körpəyə lazım olan əşyaları, qidaları ancaq qohumları gətirə bilər. Başqa kimsə körpəyə nə uşaq qidası alasıdır, nə də uşaq bezi. Həbsxanada uşaq dünyaya gətirən qadın bunun ağırlıqlarını da bilməlidir, dərk etməlidir. Məsələn, mən 90-cı illərin sonlarında qadın cəzaçəkmə müəssisəsində olmuşdum. Orada körpəsi olan 3-4 qadının ayrıca otaqda yerləşdiyini gördüm. Adi otaqlar idi, sadəcə, digər məhkumlardan ayrı qalırdılar.

K.Ağayeva bəzi məhkum qadınların körpə dünyaya gətirməklə cəzalarını yüngülləşdirmək məqsədi güddüklərini də istisna etmədi:

- Bəli, belə hallar var. Xüsusən də insan alveri cinayəti üzrə məhkum edilən qadınlar bu üsula tez-tez əl atırlar. Bilirlər ki, himayəsində 7 yaşadək uşağı olanlara güzəşt edilir, bir neçə il fasilə ilə uşaq dünyaya gətirirlər. Bəzən məhkum qadınlar körpə dünyaya gətirməyi azadlığa çıxmaq üçün şans sayırlar. Və həqiqətən də, belə hallar olur ki, cəzasının üçdə-birini çəkmiş məhkum qadın məhz körpəsi olduğu nəzərə alınaraq ya əfv edilir, ya da cəzasının çəkilməmiş hissəsindən azad edilir. Bu halda dünyaya gəlmiş körpə ananın xilaskarı hesab edilir. Qadın məhkumlar çalışır ki, bu imkandan yararlansın. Körpəyə dünyaya gəldiyi ilk gündən ona məhbəs həyatının acısını daddırmaq hesabına olsa da.

Məlahət Rzayeva

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ