www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Gənclər və İdman Nazirliyindəki korrupsiya ilə bağlı açıqlama


Gənclər və İdman Nazirliyindəki korrupsiya ilə bağlı açıqlama

Bölmə: Aktual
Gənclər və İdman Nazirliyindəki korrupsiya ilə bağlı açıqlama
"Obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiyaya rast gəlinməyib"

Hadisə Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrə münasibət bildirib.

Palatadan ANS PRESS-ə verilən məlumata görə, bəzi informasiya agentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib.

"Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib.
Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir".

Qeyd edək ki, ötən gün Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikildiyi, 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanması barədə məlumat yayılmışdı.

Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.

Həmçinin tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.