SON DƏQİQƏ

Azərbaycandakı ulduzlu otellər müştəriləri aldadır

Tarix:7-05-2018, 14:55

Azərbaycanda otelçilik şəbəkəsi xeyli genişlənib. Hazırda fəaliyyət göstərən otellər arasında 5, 4, 3 ulduzlu obyektlər üstünlük təşkil edir. Otel nömrələri seçərkən hərə öz şəxsi istəyinə, arzu və imkanlarına əsaslanır. Məsələn, kimin üçünsə otelin çimərliyə yaxın olması prinsipial əhəmiyyət daşıyır, kimsə ətrafda daha çox klub və restoranın olmasını istəyir, kimsə istirahətinin bir çox hissəsini oteldə keçirməyə üstünlük verir.

Maraqlıdır, Azərbaycanda  5, 4, 3 ulduzlu otellər standartlara cavab verirmi?


Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az
 saytına açıqlamasında ulduzlu otellərin xüsusiyyətlərindən söz açıb. O bildirib ki, otellərdə ulduzların sayı azaldıqca qiymət və xidmət fərqləri özünü göstərir:


"1 ulduzlu otellərdə nömrədə şkaf və ya asılqan, stullar, əlüzyuyan, güzgü, hər müsafir üçün iki dəsmal olmalıdır. Gündəlik yığışdırılma, hər 7-8 gündən bir yataq ağları, hər 3-4 gündən bir dəsmallar dəyişdirilməlidir. Bir mərtəbədə ikidən az olmayaraq vanna və beşdən artıq olmayan otaqlar üçün bir tualet olmalıdır.

2 ulduzlu otellərdə 1-də olan hər şey var, lakin yataq ağlarının dəyişdirilməsi hər 6 gündən bir olur. Tualet və hamam otağı adətən nömrədə olur. Mehmanxanada həmçinin, restoran və ya kafe olmalıdır, qidalanma təklif olunmalıdır.


3 ulduz kateqoriyasından başlayaraq hər nömrədə mütləq tualet və hamam otağı, tualet masası, yük üçün yer, radio və s. olmalıdır. 3 ulduzlu otellərin nömrələrində ən ucuzları istisna olmaqla, televizor və kondisioner olur. Döşəmələri bir qayda olaraq, plitələrlə döşənir. Yataq ağları həftədə 2 dəfə dəyişdirilir. Dəsmallar hər gün dəyişdirilir. Parfümeriya ləvazimatlarından sizə yalnız sabun təklif olunur.


4 ulduzlu otellərdə bir qayda olaraq mini-bar, fərdi kondisioner, telefon, seyf, fen,  şampun, hər nömrədə vanna üçün gel verilir. Gündəlik olaraq yataq ağlarının və dəsmalların dəyişdirilməsi, paltarların yuyulması, ütülənməsi və təmizlənməsi kimi xidmətlər göstərilir. Nömrəyə səhər yeməyinin menyusu verilir. Otelin ərazisində gözəllik salonu, idman-sağlamlıq mərkəzi, avtomobillərin kirayəsi, TV salon, musiqi salonu, oyun və konfrans zalları, restoran, sauna, üzgüçülük hovuzu və s. yerləşməlidir.


5 ulduzlu otellərdə isə digərlərində olan hər şey, lakin daha keyfiyyətli səviyyədə olmalıdır. Həmçinin, bəzən nömrədə ikinci sanitar qovşaq və vanna otağında telefon aparatı mövcud olur.

Məsələn, 5 ulduzlu oteldə 10 nömrəyə 20 personal lazımdır. Əlillər üçün xüsusi nömrələr olmalıdır, xüsusilə də birinci mərtəbədə. Təbii ki,  burdakı qiymətlər də bahadır. Server, otaqlara xidmət 24 saat işləməlidir. Digər otellərdə (3, 4 ulduzlu) bu, olmaya bilər və ya 12 saat işləyə bilərlər. Masalar, onun üzərindəki qab-qacaq ,  pərdələr- hamısı aşağı keyfiyyətdə olmamalıdır.  Müştərilərin rahatlığı təmin edilməli və onların tələbatlarına cavab verilməlidir. Eyni zamanda, 5 ulduzlu otellərdə hovuz, spa, üç lift (sərnişin, yük, xidmət) olmalıdır. Bundan başqa  həmin otellərdə işçilər ayrıca otaqlarla (duş, soyunma-geyinmə və.s otaqlar) təmin edilməlidir. Onların xüsusi yeməkxanaları olmalıdır. 5 ulduzlu otellərdə həm Avropa, həm də milli yeməklər təqdim edən müxtəlif restoranların, barların mövcudluğundan söz aça bilərik”.

 

Müsahibimiz qeyd edib ki, dünyada fəaliyyət göstərən 5 ulduzlu və ya digər otellərin standartları ilə ölkəmizdəki otellərin standartları eynidir:

"Lakin onlara əməl edilməsi müxtəlifdir. Qanun yazılıb, siz qanuna riayət etsəniz də, mən etmirəm. Bu baxımdan bizim otellərin əksəriyyəti standartlara cavab vermir.  Bu gün əgər monitorinq keçirsək, 5 ulduzlu otellərdə nömrə sayına uyğun olaraq personal olmadığını görə bilərik. Məsələn, 100  pesonal lazım olduğu halda 50-60 nəfər işləyir. Bu, düzgün deyil. Amma belə otellərin sayı da çoxdur. 

Ulduz almaq məsələsi könüllüdür. Otellər nazirliyə müraciət edir və monitorinq qrupu yoxlanışın nəticələrindən asılı olaraq onlara 3, 4 və ya 5 ulduz verə bilər. Əlbəttə, ölkədə fəaliyyət göstərən bu tip otellər yenidən monitorinq edilməlidir. Onların ulduzları göstərilən xidmətlərin səviyyəsinə cavab vermir. Elə otellər var ki, 5 ulduzlu olsa da, heç 3 ulduzlu otellərin standartlarına cavab verə bilmir, sanitar-gigiyenik məsələlər aşağı səviyyədədir. Sahibkarlar, otel menecerləri öz işlərini düzgün qurmağı bacarmırlar. Otellər qoyduqları ulduzlara uyğun xidmət göstərməlidir ki, müştərilərdə məmnunluq yaransın”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ